Onlayn ictimai-siyasi qəzet
Ermənistanda kilsə ilə ciddi konfliktdə olan baş nazir Nikol Paşinyanın katoliklərin siyasi paytaxtı Vatikana səfəri və Papa XIV Leo ilə görüşü bəzi haqlı suallar doğurub. Paşinyanın Vatikana səfər etməkdə məqsədi “erməni katolik arxiyepiskopu İqnatius Maloyan və daha altı möhtərəm müqəddəsin kanonizasiya mərasimində” iştirak etmək olub.
Yeri gəlmişkən, Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən son mərasim beynəlxalq ictimaiyyətdə ciddi tənqidlər doğurub. Guya “erməni soyqırımı” qurbanı kimi təqdim edilən arxiyepiskop İqnati Maloyanın müqəddəslər sırasına daxil edilməsi bir çox müşahidəçilər tərəfindən dinin siyasətə alət edilməsi kimi qiymətləndirilib.
Ekspertlər hesab edir ki, bu mərasim dini xarakter daşımaqdan çox, Ermənistanın köhnə təbliğatını legitimləşdirməyə yönəlib. Vatikanın bu addımı, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı tarixi saxtakarlıqların yenidən gündəmə gətirildiyi bir vaxtda, siyasi təxribat təsiri bağışlayır.
Qərb dövlətləri və Ermənistan uzun illərdir 1915-ci il hadisələrini siyasi təzyiq alətinə çevirərək bu məsələni beynəlxalq gündəmdə saxlamağa çalışır. İndi isə bu iddiaların Vatikan səviyyəsində “müqəddəslik” adı ilə leqallaşdırılması dini prinsiplərin siyasi məqsədlərə qurban verilməsi kimi qiymətləndirilir.
Vatikanın bu qərarı nə humanitar, nə də dini mülahizələrlə izah edilə bilər. Bu, açıq şəkildə erməni lobbisinin təsiri altında verilmiş siyasi qərardır. Mərasimin Paşinyanın iştirakı ilə keçirilməsi isə onun sırf dini deyil, siyasi xarakter daşıdığını sübut edir.
Vatikanın son addımı xristian həmrəyliyi pərdəsi altında həyata keçirilən siyasi manipulyasiya kimi dəyərləndirilir. “Müqəddəslik” adı ilə təqdim edilən bu mərasim tolerantlıq və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, dini dəyərlərin siyasiləşdirilməsinin bariz nümunəsinə çevrilib. Aydındır ki, Vatikanda Paşinyanın müzakirə edəcəyi digər vacib məsələlər də olub. Nəzərə alsaq ki, son illər Vatikanın dünya siyasətində rolu nəzərəçarpacaq dərəcədə artıb.
Rəsmi məlumatlara görə, Paşinyanın Papa ilə görüşündə Azərbaycanla sülh gündəliyi müzakirə edilib. Tərəflər humanitar və regional məsələləri, o cümlədən Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi səylərini müzakirə ediblər. Roma Papası bu sahədə irəliləyişi alqışlayıb və ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması regionda əməkdaşlıq və sabitliyin yeni dövrünün başlanğıcını qoyacaq.
Paşinyan da öz növbəsində XIV Leonu Roma Papası seçilməsi münasibətilə təbrik edib və Ermənistan-Vatikan münasibətlərinin daha da dərinləşəcəyinə əminliyini bildirib.
Ekspertlər necə düşünür, kilsə ilə döyüşən Paşinyanın Vatikan səfəri nəyə hesablanıb?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan parlament seçkilərinə qədər kilsə ilə mübarizəni davam etdirəcək: “Çünki siyasi meydanda ciddi rəqibləri yoxdur. Köçəryan və Sərkisyanın elə də yüksək reytinqləri yoxdur, baxmayaraq ki, indidən Paşinyana rəqib olacaqlarını açıqlayırlar. Amma onların güclü imkanları mövcud deyil. Rusiya rəhbərliyi də bilir ki, belə zəif fiqurlara dəstək verməyin heç bir mənası yoxdur. Karapetyana gəldikdə, inanmıram ki, Paşinyan parlament seçkilərinə qədər onu həbsdən buraxsın. Əsas rəqib kimi bircə kilsə qalır”. E.Şahinoğlu qeyd etdi ki, kilsənin Köçəryan və ya Sərkisyandan əsas fərqi budur - erməni cəmiyyətində nüfuzu var: “Bu nüfuzdan da istifadə edərək Paşinyanla mübarizəni davam etdirir. Amma Paşinyan da keşişlərin iç üzünü açmaq istəyir ki, onları cəmiyyətin gözündən salsın. Qareginin haqqında müxtəlif ifşaedici faktlar sadaladı, keşişlərin bir qismi həbs edildi. Bu arada Vatikana səfər etməklə Paşinyan bunu demək istəyir ki, mənim kilsəyə qarşı heç bir nifrətim yoxdur, baxın, Vatikanla da əməkdaşlıq edirəm. Yəni kilsəyə normal rəhbərlik gəlsə, onunla əməkdaşlıq edəcəyəm. Amma kilsə siyasi proseslərə qarışsa, siyasətdə üstquruma çevrilsə, əlbəttə, buna imkan verilməyəcək. Paşinyanın əsas məqsədi Qaregini özünə loyal hansısa keşişlə əvəzləməkdir. Necə ki vaxtilə Sərkisyandan qalma prezident özünə problem yaratdığı üçün Paşinyan onu əvəzlədi, indiki prezidentsə Paşinyanın siyasi xəttini dəstəkləyir. Kilsənin başında da Paşinyana loyal olan bir şəxsin olması lazımdır”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Vatikana səfəri ilk növbədə seçkiqabağı siyasi dəstək almağa hesablanmışdı: “Nəzərə alsaq ki, Vatikan siyasi cəhətdən möhkəmlənir və dünya siyasətinə təsir edə bilir, Paşinyanın da bu səfərində özünün siyasi maraqlarının olduğu şübhəsizdir. Həmçinin onun erməni lobbisinin təsirini neytrallaşdırmaq üçün Vatikanın imkanlarından istifadə etməsi istisna deyil. Nikol Paşinyanın qondarma "erməni soyqırımı" ilə əlaqədar tədbirdə olmasını, belə bir mərasimin keçirilməsini Vatikanın sülh prosesinə zərbə vuran siyasəti kimi də xarakterizə etmək olar". M.Əsədullazadə qeyd etdi ki, Vatikan Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlı görünmür: “Vatikan Türkiyənin regionda geosiyasi mövqeyinin güclənməsində maraqlı deyil. Belə olan təqdirdə qondarma "erməni soyqırımı"ndan istifadə etməsi, xüsusilə erməni lobbisinin təsiri Papanın sülhpərvər siyasətinə kolgə salır. Bir müddət bundan əvvəl Erməni Apostol Kilsəsinin baş keşişi İkinci Qaregin Vatikanda olub, Papa ilə görüş keçirib. İkinci Qaregin Paşinyanın Ermənistandakı kilsəyə təzyiqlərindən danışıb. İstisna deyil ki, hər iki şəxs Papadan daxili siyasi vəziyyət üçün yardım istəyir. Baş nazir də kilsənin fəaliyyətindən narazıdır. Paşinyanın Vatikana səfəri fonunda 12 yepiskop həbs edildi. Proseslər daha çox Ermənistan daxili siyasəti ilə əlaqədardır". Ekspertin sözlərinə görə, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsində maraqlıdır: “Düşünmürəm ki, o, prosesi poza bilər. Amma ənənəvi erməni ideoloji xətti var ki, bəzən Paşinyan ona riayət edir. Xüsusilə də bu, antitürk siyasətidir. Paşinyan dinlə siyasəti koordinasiyalı aparıb, çalışacaq ki, İkinci Qaregini devirsin. Bunun üçün də Papadan dəstək istəyir. Çünki İkinci Qareginin rusiyayönümlü xətdə olması, bu faktı Papanın diqqətinə çatdırması istisna deyil. Ermənistanda daxili siyasi vəziyyət xarici mərkəzlərdən asılıdır. Nikol Paşinyanın dini ayində iştirak etməsi və bu Apostol Kilsəsindən çıxması kimi xarakterizə edilməsinə gəldikdə, Paşinyan burada siyasi olaraq iştirak edib. Bundan erməni kilsəsi Paşinyan əleyhinə istifadə edəcək. Göründüyü kimi, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi ehtiraslar qızışır”.
E.PAŞASOY,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ