İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın özünü ifşası, Qarabağdakı 25 minlik ordu və Rusiyanın Xankəndiyə daşıdığı dronlar

Erməni mediası Nikol Paşinyanın etirafları ilə dolub-daşır. Parlamentin hökumət saatında baş nazir Şuşa ucalığından it kimi necə qovulduqlarınacan bir çox məsələlərə aydınlıq gətirib. Bu etiraflar Azərbaycan dövlət başçısının nə qədər qətiyyətli mövqedə dayandığını, düşməni necə əzdiyini, iradəsinə tabe etdiyini bir daha ortaya qoyur. Eyni zamanda Paşinyan özünü təkzib edib son açıqlamaları ilə.

Dünənədək demirdimi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb, daha hansı nağıllar? Amma erməni baş nazir son iclasda deyib ki, o, müharibəni ilk günlərdə dayandıra bilərdi, amma Şuşanın Ermənistanın nəzarətində qalmasına görə sonadək döyüşüb. Özü də həmin müşavirədəcə Şuşanın erməni şəhəri olmadığını söyləyib. “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?” - Paşinyan bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın “Şuşa ermənilərin mədəni paytaxtıdır. Biz Şuşanın Türk Dünyasının mədəni mərkəzi olması iddiası ilə razı deyilik” - sərsəmləməsinə reaksiyasında bildirib. Paşinyan bunu deyib, hələ 90 faizi az deyib. Amma eyni zamanda Şuşa uğrunda sonadək döyüşdüklərini deyən də odur. Ərazi bütövlüyü beləmi tanınır? Bəlkə Paşinyan işğal dönəmində Şuşada yallı gedib, çaxır şüşəsinin yanında yerə sərlənməsi ilə Azərbaycanın ərazi bütövlüyünü “tanıyırmış”.

pasinyan_yalli.jpg (55 KB)

Bütün bunları xatırlatmaqda məqsədimiz nədir? Ermənistan rəhbərliyinin növbəti vədlərinə və bəyanatlarına da qəti bundan sonra da inana bilmərik. Bunların ən müsbət mövqeyində də məkr axtarmalıyıq, çünki özləri-özlərini təkzib edirlər. Son zamanlar sosial medianın Azərbaycan seqmentində “Paşinyan sevdalılıarı”nın sayı getdikcə artır. Kimi onun guya “demokrat” olduğunu isbatlamaq üçün yaxasını yırtır, kimi “sülh adamı” olduğunu iddia edir. Sanki 2018-ci ildə baş nazir seçiləndən dərhal sonra Şuşada peyda olan adamdan söhbət getmir. Sanki “Qarabağ Ermənistandır. Vəssalam” deyən Paşinyan deyilmiş. Kimi təbliğ edirsiniz, fərqindəsinizmi? Kim bilir, bəlkə bu təbliğatın arxasında da Sorosun pulları dayanır. Axı, “Sorosun uşaqları”ndan söhbət gedir...

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət bu günə qədər ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağ bölgəsindəki separatçılara maliyyə dəstəyini dayandırdığını rəsmən bəyan etməyib. Çünki dayandırmayıb. Söhbət təqribən 500 milyon dollarlıq maliyyə dəstəyindən gedir. Heç şübhəsiz, bu pulların böyük hissəsi Qarabağdakı silahlılara, qanunsuz orduya gedir, muzdlu döyüşçülərə! Özü də biz bu günədək 10 minlik ordudan bəhs edirdik. Paşinyan son müzakirələrində elan edib ki, silahlıların sayı daha çoxdur. Bildirib ki, 44 günlük müharibənin yekununda anlaşma imzalamasaydı, Xankəndi də əldən gedə, üstəlik, “25 minə yaxın erməni əsgəri mühasirəyə alına bilərdi”. Hər halda, 10 noyabr bəyannaməsi imzalandıqdan sonra Qarabağdakı silahlıların, Ermənistan ordusunun bölmələrinin çıxarılması barədə nə foto, nə video, nə də xəbər yayılmayıb. Müharibə zamanı 11-12 min erməni hərbçi fərarilik edib, amma hər halda bu, atəş dayandırılanadək baş verib. Paşinyansa 10 noyabrdan sonrakı dövrdən danışır. Demək, Qarabağ ərazisində 25 minlik erməni ordusu var və bu, Azərbaycana qarşı ciddi təhlükədən xəbər verir! Təkcə Azərbaycana deyil, ümumilikdə bölgəni təhdid edən məsələdir.

Ötən həftə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yaydı ki, Vaşinqton separatçılara təklif edib: inteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan hakimiyyətinin nümayəndələri ilə üçüncü ölkədə görüşsünlər, əks təqdirdə Azərbaycan regionda antiterror əməliyyatı keçirəcək. Rusiya tərəfindən dərhal etiraz reaksiyasını eşitdik. Niyə? Məntiqlə Qarabağda hərbi kontingenti olan Rusiya da Qarabağda bu qədər terrorçunun, muzdlunun mövcudluğuna etiraz etməliydi. Çünki baş verə biləcək toqquşmada zərər çəkən həm də bu kontingent ola bilər. Amma yox, Rusiya 10 noyabr bəyannaməsinin konkret maddəsinin icrasını üçüncü ildir ki, ləngidir. 25 minlik erməni ordusunu bağrına basan məhz Rusiyadır!

sulhh.jpg (49 KB)

Erməni mediası xəbər yayıb ki, Rusiya sülhməramlıları Ermənistanın təxribatından sonra bağlanan Laçın postunun açılması üçün Azərbaycanla danışıqlar aparır. Erməni mənbələr bildirir ki, sülhməramlılar postun avtomobillərin keçidi üçün açılmasını istəyirlər, Bakının isə öz tələbləri var. Bu tələblərə baş verən təxribata görə Ermənistanın məsuliyyəti üzərinə götürməsi də daxildir. Həyasızlığa baxın ki, postun açılması ilə bağlı danışıqlarda Xankəndidəki separatçılar da iştirak etmək istəyib, lakin Azərbaycan tərəfi birmənalı olaraq bundan imtina edib. Separatçıların qondarma “ombudsmanı” Qeqam Stepyan da bunu təsdiq edib. Sülhməramlılar tula kimi, separatçıları da dallarına alıb, Azərbaycan nümayəndələri ilə danışıqlara aparırlar. Əslində rus hərbçilər Azərbaycan sərhədində bayrağımızı qaldıran gizirimizə güllə atan erməni terrorçuların qandallanmasına çalışmalıydılar, yoxsa cinayətin cəzasız qaldığı şəraitdə sərhəd qapımıza burun soxmamalıydılar.

Amma son məlumatdan belə görünür ki, bunlar Azərbaycanın daxilində yeni minalar basdırırlar. On minlərlə silahlı ermənini Qarabağda gizlədən Rusiya hərbçiləri ötən illərdə terrorçu orduya dronlar daşıyırmış Laçın yolu ilə! Azərbaycanın humanitar məqsədlərlə açıq qoyduğu yolla! Krım tatar əsilli ukraynalı jurnalist Gülsüm Xəlilova öz Tvitter səhifəsində belə yazıb:

Rusiya yüzlərlə pilotsuz uçan aparatını (PUA) Qarabağ separatçılarına təhvil verib!

 orion.jpg (13 KB)

Bu, beynəlxalq skandaldır! Rusiya bu iddiaya aydınlıq gətirməlidir. Özü də təkcə rəsmi açıqlama ilə məsələnin üstündən keçmək olmaz! Azərbaycanın müvafiq qurumları, vətəndaş cəmiyyəti Qarabağda gizlədilən Rusiya dronlarının təftişi ilə bağlı hərəkətə keçməlidir, beynəlxalq ictimaiyyəti və aparıcı paytaxtları məlumatlandırmaqla... Kəsəsi, rus sülhməramlıların müvəqqəti təsir zonasında olan ərazilərimizin təftişinə başlamalıyıq!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR