İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın danışdığı “qarğa” dili – Onu yenə özümüz “başa” salacağıq!

Ermənistanın “demokratiya çuxası” geymiş, elə bu çuxada da yatan rəhbəri Nikol Paşinyan Qərbi faktiki şantaj eləməklə məşğuldur. Son vaxtlar o və komandası yeni tezis uydurub: guya mifik “erməni demokratiyası”na ən ciddi təhlükə “bədniyyətli” Azərbaycandır, tezliklə o, Ermənistana hücum edəcək, “Qafqazın demokratiya mayakı sönəcək”, daha nələr, nələr...

Şübhəsiz, bu hallüsinasiyalarla İrəvan kollektiv Qərbdən əlavə nələrsə qopartmağa ümidlidir. O gün isə Nikol Vovayeviç fantaziyasını işə salaraq, iddia eləmişdi ki, bəs Azərbaycanda dövlət səviyyəsində (!) Ermənistan “Qərbi Azərbaycan” adlandırılır ki, bu da Bakının “yeni işğal” planlarından xəbər verir, “sülh prosesini qabağa aparmağa qoymur”.

Halbuki Ermənistan adlı saxta dövlət qədim Türk torpaqlarında təşəkkül tapsa da, Azərbaycanın heç bir rəsmi şəxsi ona ərazi iddiasını dilə gətirməyib. Sülh anlaşması üçün Bakının irəli sürdüyü 5 baza prinsiplərinə göz atmaq da kifayətdir. Harda ki, ərazi bütövlüyünün, suverenliyin və sərhəd toxunulmazlığının qarşılıqlı şəkildə tanınması, gələcəkdə bir-birinə hücum etməmək öhdəlikləri “qırmızı xətt” kimi keçir!

Sülhpərvərlik, beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə hörmət başqa necə olur görəsən, bilən var? Bunlar nə sayıqlayır, kimin başını qatırlar? Ondansa, özünüzdən danışın ki, Ermənistan konstitusiyasına görə, keçmiş DQMV-in ərazisi hələ də Ermənistan sayılır. Yaxud nədən İrəvan məlum 5 prinsip əsasında sülh sazişi imzalamaqdan üç ildir yayınır? Qısası, kim kimə qarşı ərazi iddiasından əl çəkməyib? Böyük sülhə əngəl Ermənistan konstitusiyasıdır, yoxsa Azərbaycanın ictimai seqmentində, tarix kitablarında, mediasında “Qərbi Azərbaycan” toponiminin işlədilməsi?..

Maraqlıdır ki, təxminən eyni gündə Nikol Paşinyan bildirmişdi ki, tərəflər sülh sənədinin bəndlərini əsasən razılaşdırıblar. Amma ardınca yenə giley edərək, “Bakı və İrəvan fərqli diplomatik dillərdə danışır” söyləmişdi. İndi onun hansı sözünə inanaq, əgər günorta bəyan elədiyi ilə axşam çərənlədiyi üst-üstə düşmürsə? Bilinmir ki, adam ciddidir, ya avamın, cahilin təki. Gicdir, ya bic. Sülh istəyir, yoxsa savaşın tərəfindədir.

Belə görünür, hərəsindən nəsə var. Amma şəksiz ki, əsas hədəfi öz hakimiyyətini qoruyub saxlamaqdır. Ən əvvəl də Rusiyadan. Daha xəbəri yoxdur ki, arada qalan həmişə zərbə yeyir. Yaxud ən azı risk altındadır. Dövlətlərarası münasibətlər də belə.

Söhbət balanslı siyasətdən getmir. Bu tamam fərqli, dərin hesablamalara əsaslanan ağıllı və ölçülü-biçili xarici siyasət strategiyadır. Söhbət məhz arada qalıb iki qütb, iki güc mərkəzi arasında primitiv oyunlar oynamaqdan, guya hər iki tərəfi qane edən balans imitasiyasından gedir. Kapitulyant ölkənin rəhbərliyi kimi.

Beynəlxalq münasibətlər sisteminin keçirdiyi böhran fonunda İrəvanın “iki stul” taktikasının da nə ilə bitəcəyini biləcəyimiz gün uzaqda deyil. Az qalıb. Nikol Paşinyan və komandası “finiş”ə qədər yolun haradasa 90 faizini qət edib. Maraqlı tamaşa olacaq...

Paşinyanın “qarğa dili”nə gəlincə, deyəsən onu artıq heç özününkülər – hay tayfası da anlamır. Həmçinin əldən getdiyi Qərbdə “sorosçu” rəhbəri düz-əməlli başa düşmürlər. Axı hansısa hökumət necə qərbçi sayıla bilər ki, bir əli Rusiyanın ətəyindədir, ondan ucuz qaz alır, iqtisadiyyatı ona bağlıdır, sərhədlərini hələ də Rusiya qoruyur, özü isə KTMT-dən çıxmağa cürət eləmir - bu qurumun iclaslarını boykot eləsə də.

Əslində Paşinyanı bizdən yaxşı anlayan olmayacaq. Çünki rentgen kimi içini-içalatını yaxşı görürük. Neynək, canımız cənnətə, yenə özümüz onu “başa” salarıq! Tragikomik tamaşa isə həqiqətən yaxınlaşır. Odur ki, özünüzə bol popkorn hazırlayın...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR