İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın aşınan dayağı - İrəvanda Qərb mehini Şimal küləyi əvəz edə bilər

2018-ci ildən bu günə qədər Rusiya Federasiyanın Ermənistana yönəlik siyasətində əl atdığı “min bir oyun”un əsas məqsədi o idi ki, ermənilərə başa salsın: “Mənsiz batarsınız. Arxanızdan çəkilsəm, Azərbaycanın və Türkiyənin ayağı altında qalarsınız, güvəndiyiniz ABŞ və Avropa sizi qoruya bilməz”.

Başqa vaxt həmişə Vəng eşşəyi qədər inadkar olmaları ilə fəxr edən ermənilər isə özlərini öz gözlərində böyütdüklərindən, 1991-94-cü illərdə Qarabağ cəbhəsində SSRİ-Rusiya ordusunun köməyi ilə nail olduqları hərbi üstünlükdən necə vəcdə gəlmişdilərsə, elə bilirdilər, Qafqazın “ataman”ı onlardır və ruslar olsa da, olmasa da, heç kəs onlara bata bilməz.

Azərbaycan ordusu ermənilərdə öz güclərinə dair yaranmış mifi 44 günün içində dağıtdı, amma onları özünüböyütmə paranoyyasından xilas edə bilmədi. Belə mərəzlər ya gec sağalır, ya da heç sağalmır.

396d2665-542b-47cf-8710-7c36adaf6227_w408_r1_s.jpg (25 KB)

44 günlük müharibənin sonuncu günündə ermənilərə xilasedici kəmər atan, onları Nuh peyğəmbər kimi öz qayığına toplayıb batmağa qoymayan Rusiya ümid edirdi ki, Paşinyan və onun komandası bundan sonra ağıllanar, Qərbyönlü siyasətdən əl çəkər, yenidən Rusiyanın ağuşuna qayıdar.

Ancaq bu, baş vermədi. 2020-ci ilin 27 sentyabrında başlanmış müharibədən keçən 3 ilə yaxın zamandan bu günə qədər yalnız indi-indi ermənilər Rusiyanın qanadının, daha dəqiqi, pəncəsinin altının daha etibarlı olduğu barədə qənaətə gəlməyə başlayıblar.

Hakimiyyətdə olduğu 5-ci ildə Paşinyan heç vaxt Rusiya tərəfindən sevilməsə də, Kreml onunla işləmək istəyirdi – bir şərtlə ki, o, xarici siyasətdə sələfləri Köçəryan və Sarkisyan kimi xətt yeritsin. Ancaq Paşinyan öz xalqının əbədi səadətini şimalda görmür, qərbdə axtarırdı. Ermənistan ictimaiyyəti də bu işdə ona həlledici dəstək verirdi.

Ermənilər hesab edirdilər ki, Rusiyanın əliylə Qarabağı artıqlamasıyla, 7 rayon da əlavə olaraq, de-fakto alıblar, indi Qərbin köməyi ilə də onu de-yure əldə edə biləcəklər. Bundan ötrü sadəcə, Qərbə çox yaxınlaşmaq lazımdır. Üstəlik, onlar Qərbə tamam inteqrasiya olunmaqla öz rifahlarının da yüksələcəyini, Avropa standartlarına uyğun yaşayacaqlarını düşünürdülər.

Beləcə, ermənilərin niyyəti bu idi ki, Rusiyanın 200 il əvvəl işğal edib “özününkü” etdiyi Qarabağı da götürüb avropalı olacaqlar. Rusiya, Kreml isə belə söhbətləri sevmir. Ona görə də 3 il öncə cəmi ay yarım ərzində ermənilərə “ta özünüz bilərsiniz” sifəti göstərdi, bu tarixi fürsət bizə şans yaratdı ki, 6 il (1988-94) ərzində təpə-təpə, kənd-kənd, rayon-rayon itirdiyimiz əraziləri 6 həftəyə geri alaq.

PAŞPUT.jpg (145 KB)

II Qarabağ müharibəsindən sonra Paşinyanın etdiyi vurnuxmalar, manevrlər əsasən öz hakimiyyətini, erməni cəmiyyəti arasında nüfuzunu qoruyub saxlamaq cəhdlərindən başqa bir şey deyil. O, Rusiya amilinin rolunu artıq yaxşı anlayır, eyni zamanda Qərbə doğru götürdüyü kursdan da vaz keçə bilmir.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatı əslində deklarativ bəyanat olaraq onun ikiüzlülüyünün göstəricisidir. Özü də, komandası da, hesab edirlər ki, bir sözdür, deyiblər, bəd ayaqda dəbbələyəcək, “hazırkı reallıq başqadır” deyə valı dəyişə biləcəklər. O, bu fikri Qərb dövlətlərinin təzyiqi və ya tövsiyəsi ilə dilə gətirmişdi. Ona görə də Rusiya tərəfi bu günlərdə bunu “siz Qarabağı Azərbaycanın ərazisi kimi tanıdınız” deyə ermənilərin baş töhmətinə çevirdi. Bu gözlənilməz replika həm o deməkdir ki, ermənilər günahı özlərində axtarmalıdırlar, həm də bu, Rusiyayönümlü qüvvələrə “yenidən sizin arxanızda dura bilərik” mesajıdır. Yəni “bizə qalsa, Qarabağı Azərbaycanın ərazisi kimi tanımamalıydınız” deməkdir.

82d326f4251a51412ddf725a63ee9fc1.jpg (107 KB)

Qarabağı dağlıq hissəsində yaşayan ermənilərin faktiki lideri Arayik Arutyunyanın istefasından sonra İrəvanda da vəziyyətin gərginləşməsi onu göstərir ki, Köçəryan-Sarkisyan tandeminin gücü son 5 ildə heç vaxt olmadığı qədər artıb.

Onların ikisi də Rusiyanın qulbeçəsidir və məhz Rusiya lideri Putin onları Paşinyanın təqibindən buraya qədər qoruyub-saxlayıb. Yoxsa Paşinyanın komandası ikisini də ya dustaq edəcək, ya da fiziki baxımdan aradan götürəcəkdi.

Ermənistandakı “Qarabağ klanı”nın aktivləşməsi ondan xəbər verir ki, onlar Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına ciddi şəkildə mane olacaqlar. Çünki artıq erməni cəmiyyətinin Qərbə böyük ümidlər bəsləyən kəsiminin bir hissəsi umsuq olub, onlar yavaş-yavaş “Köçəryan və Sarkisyanın vaxtında hər baxımdan daha yaxşı gündə idik” fikrinə gəlirlər.

8169808_0_0_3001_1688_1920x0_80_0_0_274758261755718c62a2f3987c8ccd93.jpg (228 KB)

Bu prosesin axırı onunla nəticələnə bilər ki, ermənilərin birləşmiş müxalif qüvvələri Paşinyanı devirmək üçün növbəti (artıq neçənci) dəfə ayağa qalxsa, indiyədək meydanlarda ona dəstək verən xalq kütlələri passivlik göstərər və Paşinyan da sələfi Levon Ter-Petrosyan kimi hakimiyyətdən kənarlaşdırılar.

Belə olsa, bu, “müharibə partiyası”nın hakimiyyətə qayıtması, Ermənistan və Azərbaycan arasında müharibənin 3-cü dalğasının başlanması demək olacaq.

ERAB.jpg (199 KB)

Bəs bu, ümumilikdə erməni xalqına sərfəli variant olacaqmı? Olmayacaq. Onlar I Qarabağ müharibəsindəki “qələbə”lərini hansı zülmlə qazandıqlarını, II savaşda necə darmadaınla üzləşdiklərini xatırlasalar, əmin olarlar ki, 3-də elə olmayacaq, bu dəfə daha çox itki verəcəklər. Bu, labüddür, qaçılmazdır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR