İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağla bağlı gecikən ev tapşırığı və etiraf

Qanunsuz silahlıların və silahların yiyəsi kimdir; ekspert: “Ermənistan ordusuna məxsus olan 432 tankın 334-ü Qarabağ ərazisində yerləşdirilmişdi”

“Dekabrın 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tələbini yerinə yetirib. Paşinyan Xankəndidən (separatçıların olduğu ərazilərdən - red.) ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırıb”. Bu barədə erməni mediası yazıb.

“Paşinyan çalışıb ki, Xankəndini tərksilah etdiyini göstərsin. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi. Cəmi bir neçə həftə sonra Laçın dəhlizində aksiya keçirən azərbaycanlılar yolu bağladılar”, - məlumatda iddia edilir.

Əlbəttə, Laçın yolu ilə Qarabağa nə daşındığını, oradan nə çıxarıldığını (qanunsuz sərvətlər və s.)  Azərbaycan rəhbərliyi erməni mediasından qat-qat yaxşı bilir. Çünki öhdəsində bütün müvafiq və müasir avadanlıqlar, izləmə qurğuları və s. var. Kəşfiyyat və əks-kəşfiyyatımız da öz yerində. Necə ki, Qarabağa gizli yolla keçən 14+13 İran casus-diversantı dərhal de-şifrə edildi. Şoka düşən İran hələ də Bakının notasına cavab verə bilmir.

Eləcə də Paşinyanın hərbi texnika ilə bağlı “tapşırığı” xüsusi təftişə möhtac bir faktdır. Buna inanmaq olarmı, əgər Paşinyan az qala hər gün Bakını Qarabağda soyqırımı hazırlığında ittiham edirsə...

İkinci yandan, belə bir tapşırıq indi yox, azı iki il qabaq  verilməli idi. Üçüncüsü, məlumat doğrudursa, demək, İrəvan etiraf edir ki, Qarabağdakı silah-sursat, hərbi birləşmələr mifik “artsax”ın mifik “özünümüdafiə ordusu”na deyil, məhz Ermənistana məxsusdur.

Qarabağda olan silahlılar və separatçıların əlində olan silahların yiyəsi əslində Ermənistandırmı?

Azərbaycan Ermənistanın qarşısında daha qəti şəkildə tələblər qoyacaq”— Oqtay  Qasımov

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan mətbuatında erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı guya Nikol Paşinyan tərəfindən göstəriş verildiyi haqda yaydığı iddialar həqiqətə uyğun deyil. Ən azı o baxımdan ki, bu tipli məlumatlar Ermənistanın daxili siyasi vəziyyətinə hesablanmış məlumatlar olur. Bu, xüsusilə də Nikol Paşinyana müxalifətdə olan qüvvələr tərəfindən ortaya atılan iddialara bənzəyir: “Nikol Paşinyanı guya nüfuzdan salmağa, ona qarşı ermənilərdə qəzəb yaratmağa yönəlmiş informasiya mübarizəsidir. Əgər doğrudan da Paşinyan və onun komandası səmimi şəkildə 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirsəydi, o cümlədən Rusiya tərəfi də öz üzərinə düşən öhdəliyi yerinə yetirsəydi, bu günə qədər Qarabağdan Ermənistan ordusunun qalıqları çıxarılmalı idi və orada hansısa "artsax müdafiə ordusu" adlı silahlı birləşmə qalmamalıydı. O ki qaldı Qarabağda guya Ermənistan ordusunun qalıqlarından başqa hansısa silahlı birləşmələrin qalması barədə deyilənlərə, bunlar söz oyunundan başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan ordusunun rəsmən 44 min 800 nəfərdən ibarət olduğu Ermənistan Müdafiə Nazirliyinin saytında yazılıb. Guya Qarabağda “artsax müdafiə ordusu”nda şəxsi heyətinin sayı 20 min göstərilir. Bu, Ermənistanın beynəlxalq ictimaiyyəti də aldatmaq üçün ortaya atdığı iddialardır. Ümumən Ermənistan ordusunun 64 min 800 nəfərdən ibarət olduğu qəbul edilməlidir və hazırda Qarabağda yerləşən erməni silahlı birləşmələri məhz Ermənistan ordusuna məxsus silahlı birləşmələrdir. Müxtəlif erməni terror qrupları da bəllidir ki, həmin ərazidə fəaliyyət göstərirlər. Onlar da Ermənistan Müdafiə Nazirliyinə tabedirlər". Ekspertin sözlərinə görə, Qarabağdakı silahlar və hərbi texnikalar da Ermənistan ordusuna məxsusdur: “44 günlük savaş öncəsi Ermənistan ordusuna məxsus olan 432 tankın 334-ü Qarabağ ərazisində yerləşdirilmişdi. Bundan Ermənistan ordusuna aid "S-300" hava hücumundan müdafiə sistemləri, müxtəlif markalı raketlər, topların da böyük hissəsi Qarabağda yerləşdirilmişdi. Bütün bu silahları və texnikaları Ermənistan "artsax özünümüdafiə ordusu"nun adına yazırdı. Həmin silahların bir hissəsi 44 günlük müharibədə sıradan çıxarıldı, qənimət götürüldü, bir hissəsi Ermənistana aparıldı, qalan bir hissəsi isə Qarabağda saxlandı və bu gün də saxlanır. Qarabağ separatçılarına məxsus olduğu deyilən silahlı birləşmələr Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan olan silahlı birləşmələrdir. Həmin silahlı qüvvələrə komandan da Ermənistan müdafiə naziri tərəfindən təyin olunur. Ən azı son iki təyinata baxdıqda 44 günlük savaş zamanı Qarabağdakı erməni ordusuna rəhbərlik eləyən Cəlal Artunyan vurulandan sonra onun yerinə Mikayıl Arzumanyanın təyinatı məhz Ermənistan müdafiə naziri tərəfindən həyata keçirilib. Bu şəxslər müharibədən sonra Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələrə gətirildilər. Bu da onun təsdiqidir ki, Qarabağdakı silahlı dəstələr Ermənistan ordusunun silahlı birləşmələridir. Qarabağdakı terrorçu qruplaşmalar belə Ermənistan Müdafiə Nazirliyinə tabe olan silahlı birliklərdir. Hazırda Qarabağ ərazisində olan erməni silahlı birləşmələrinin hamısı Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələrdir və İrəvandan idarə olunurlar. Bu silahlı birləşmələr son nəfərinədək Qarabağdan çıxarılmayınca gərginlik qalacaq. Ermənistan o silahlı birləşmələrdən rəsmi imtina edirsə, 10 noyabr üçtərəfli bəyanatına görə, həmin silahlı birləşmələr terrorçu silahlı dəstələr hesab olunur. Terrorçu silahlı dəstələrə qarşı isə Azərbaycanın müvafiq güc strukturları antiterror əməliyyatları keçirmək hüququna malikdir".    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR