İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan müstəqillik bəyannaməsindən o bəndi çıxarmayınca... - ermənilərin yeni oyunu

İrəvan bütün Qarabağın Azərbaycana məxsusluğunu inkar edən hiyləgərliyi Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi müstəqillik bəyannaməsiəsasında davam etdirir; Tofiq Zülfüqarov: “Qriqoryanın açıqlaması bizə sataşmaqdır, Azərbaycanda bunun mahiyyətini bilməyənlər papağını göyə atır”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən həftəsonu müsahibəsində “Azərbaycanın ərazi bötüvlüyünü tanıyırıq” bəyanatına rəsmi Bakı hələ ki reaksiya bildirməyib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu təkcə İrəvanın səmimiyyətinə inanmamaqdan qaynaqlanmır.

Misal üçün, “Turan” agentliyi bu bəyanatla bağlı şərhində yada salıb ki, hələ 2006-cı ildə o zamankı prezident Serj Sərkisyan da belə bir bəyanat vermişdi: “Ermənistan heç vaxt hər hansı bir ölkənin ərazi bütövlüyünü tanımadığını bəyan etməyib. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, eyni zamanda Dağlıq Qarabağın ərazi bütövlüyünü tanıyırıq. Belə ki, Azərbaycan Respublikası və Dağlıq Qarabağ Respublikası paralel olaraq Sovet İttifaqında qüvvədə olan qanunlar əsasında yaradılıb”.

Sərkisyan 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanıb. Bəyannamə Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanıb. “Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, bütün ermənilərin arzularını yerinə yetirməkdə, tarixi ədalətin bərpasında ümumdünya insan hüquqları bəyannaməsinin prinsiplərinə, beynəlxalq hüququn məlum normalarına əsaslanaraq, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının ”Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanmaqla millətin hüquqlarını həyata keçirərək, 28 may 1918-ci ildə yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi cəmiyyətin yaradılmasını qarşıya vəzifə qoyaraq “müstəqil dövlətçiliyin qurulması prosesinin başlandığını elan edir”, - Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində deyilir.

Bəyannamənin qəbulundan təxminən bir il sonra, 21 sentyabr 1991-ci ildə Ermənistanda müstəqillik haqda referendum keçirildi və bunun nəticəsində üçüncü Ermənistan Respublikası yarandı. Erməni dövlətçiliyi üçün bu fundamental sənəd ləğv edilməyib, onun hüquqi qüvvəsi (Ermənistan üçün) davam edir, ona görə də Paşinyan və Qriqoryanın bütün Qarabağın Azərbaycana məxsusluğunun konkret və bilərəkdən göstərilmədiyi yeni bəyanatları Qafqaz reallıqlarından uzaq dünya siyasətçiləri üçün siyasi hiylə kimi görünür. O halda, Ermənistan rəhbərliyinin bu cür bəyanatları nəyə hesablanıb? Paşinyan Ermənistanın müstəqillik bəyannaməsinə tarixi bir dəyişiklik edə biləcəkmi və ümumən Bakı bu tələbi qaldıra bilərmi? Paşinyan siyasi iradə nümayiş etdirərək referenduma gedə və bəyannamədən həmin bəndin çıxarılması məsələsini qoya bilərmi, yoxsa bu onun hakimiyyəti üçün bir fəlakət olar?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

 Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, biz Ermənistandan verilən bəyanatlara həddən artıq fikir veririk. Analitikin zənnincə, istər-istəməz bu halda erməni oyunlarına getmiş oluruq. “Əslində onlar ərazi bütövlüyümüzü ”tanıya-tanıya" demək istəyirlər ki, 30 il torpaqlarınızı işğalda saxlamışıq, şəhərlərinizi dağıtmışıq, 1 milyona yaxın qaçqınınız var, etnik təmizləmə aparmışıq... Bu necə ərazi bütövlüyünü tanımaqdır? İrəvan rəsmiləri bununla bizə mesaj verir ki, hətta sülh müqaviləsinə qol da çəksək, yenə öz siyasətimizi davam etdirəcəyik. Yəni Azərbaycanın ərazisində suverenliyi və ərazi bütövlüyünü tanımamağa, separatçı gücləri dəstəkləməyə, silahlı dəstələr saxlamağa davam edəcəyik - buna işarə edirlər. O deməkdir ki, öz siyasətimizi təzə şəraitdə davam edəcəyik. Onların iç üzü budur və Qriqoryanın açıqlaması da bir növ bizə sataşmaqdır. Sadəcə, Azərbaycanda bunun mahiyyətini bilməyənlər papağını göyə atır".

T.Zülfüqarov hesab edir ki, Qarabağda erməni işğalına tam son qoymalıyıq: “Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndini necə, tanıyırmı? Faktiki nə ərazi bütövlüyümüzü, nə suverenliyimizi tanıyırlar. Sonra da bəyan edirlər ki, biz Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısıyıq. Sənə mənim ərazimdə bu səlahiyyəti kim verir? Onda biz də Zəngəzura qoşunları yeridəcəyik. Sadəcə, bəzi xarici dairələr ermənilərin bu siyasətini ört-basdır etməkdədir. Biz 30 il bu danışıqları aparmışıq, indi onları əzmişik, başlarını qaldıra bilmirlər, amma yenə öz sözlərini deyirlər. Üstəlik, günü-gündən Rusiya zəifləyir, hələ də belə danışırlar. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayır ki, işğalçı qüvvələr ərazimizdən çıxmalıdırlar. Məncə, bu da Ermənistanın ”Azərbaycanın ərazi bütövlüyün tanıyırıq" açıqlamasına cavabdır. Sən necə tanıyırsan ki, hərbçin ərazimizdədir? O baxımdan məcbur etməliyik ki, nəsə dəyişsin".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR