İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməni köçü istəmirsə... – Bakı şantaj yox, xahiş gözləyir!

“Hər şər işdə xeyir başlanğıcı var”. Keşkə erməni xalqı bu müdrik kəlamı anlaya. Çünki onun qurtuluşu üçün indi unikal şans yaranıb. Bir şərtlə ki, zaman-zaman onu fəlakətlərə sürükləmiş siyasi avantüristlərin, hələ də Türkdən “xoxan” düzəldənlərin, “qan-qan” deyib iki xalqı barışmağa qoymayan erməni lobbistlərin və allahsız katolikosların ardınca bir daha getməsin. O halda pis-yaxşı dövləti də olacaq (hazırda vassaldır!), Qarabağda da sülh və rifah içində, ləyaqətlə yaşayacaq.

Bundan ötrü isə erməni toplumu gərəkdir ki, ta körpəlikdən onun beyninə yeridilmiş “miatsum” xülyasından, uydurma “Böyük Ermənistan” mərəzindən və məkrli xarici güclərin əlində maşa olmaqdan həmişəlik xilas olsun. Tüpürsün belə əbləhliklərə və yalnız acı gerçəyi ona söyləyənlərə qulaq assın. Yoxsa müsibətləri bitib-tükənən deyil...

“Bir daha təkrar edirəm, əgər “Dağlıq Qarabağ”da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq”.

Sitat Nikol Paşinyanın öz xalqına bugünkü müraciətindəndir.

Əslində bununla o, dolayısıyla Azərbaycanı yenə şantaj, təhdid edir. Necə yəni danışıqlar nəticə verməsə? Hansı nəticə? Guya bilmir ki, danışıqlarda faktiki Bakıdan asılı heç nə yoxdur? Məgər nəticə bəlli deyil?

Azərbaycan Prezidenti dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə bir daha bəyan elədi ki, Qarabağın erməni əhalisinin bütün hüquqları - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqları tam təmin olunacaq. Yəni Azərbaycan tərkibində heç bir xüsusi status, “Dağlıq Qarabağ” siyasi, inzibati anlayışı olmayacaq. Yaddan çıxarın bunu. Unudun. Bitdi.

Paşik isə 24 saatlıq aniterror tədbirindən sonra da utanmazcasına “Dağlıq Qarabağ” ifadəsi işlədir. Ondansa yaxşı olardı ki, Qarabağdakı soydaşlarını Bakı ilə danışıqlarda Azərbaycan Konstitusiyasına hörmət eləməyə səsləyəydi, vətəndaşlıq almaq üçün Bakıya kütləvi müraciətə çağıraydı, əgər həqiqətən də onların Ermənistana köçünü istəmirsə və danışıqların uğurlu bitməsini arzulayırsa. Məntiqlə o, ərazi bütövlüyümüzü 86.9 min kv km-lik ərazidə tanıyıbsa, davamı məhz belə barışçı çağırışlar olmalıdır!

Müxtəsəri, Qarabağda vəziyyətin necə inkişaf tapacağına görə İrəvan da birbaşa məsuliyyət daşıyır. Yoxsa ki, yaxasını kənara çəkməsin “ilana zəhər verən kərtənkələ”...

Axı hər iki tərəfdən insan taleləri ilə nə qədər oynamaq olar? Niyə vəziyyəti bu həddə çatdırdınız ki, indi də “haça-paça” durumda qalasınız? Kimdir günahkar? Sizə əsrlər öncə öz qoynunda yer, çörək-su verən, qızındıran ürəyiyuxa və mərd Azərbaycan xalqımı? Əlbəttə yox.

Hələ hər şey itirilməyib. Bakının reinteqrasiya strategiyası onsuz da bənd-bənd reallaşacaq – öncə təbii ki, tərk-silah işləri aparılmaqla. Buna əngəl olanların pisliyi isə özlərinə, öz soydaşlarına qalacaq.

Son kateqoriyaya Fransa başda olmaqla “erməni kartı” ilə bölgəni qarışdırmaq niyyətindən və ara qızışdırıcılıqdan heç cür vaz keçməyən bəzi uzaq-yaxın dövlətlər, “Human Rights Watch”, “Freedom House” kimi vicdanını, şərəfini çoxdan ABŞ dollarına satmış təşkilatlar da aiddir.

Boşuna səylərdir. Pullarınız batacaq, yenə rəzil duruma düşəcəksiniz! Necə ki, BMT TŞ-də iki ayın içində iki dəfə (!!) rüsvay oldunuz. İmkan verin bu zavallı toplum ona yenə əl uzadan Azərbaycanın, Türkiyənin köməyi ilə nəhayət, yeganə doğru yolu tapsın.

Özünüzü yormayın. “İt hürüşməsi”nə rəğmən, “karvan” onsuz da keçib gedəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR