Onlayn ictimai-siyasi qəzet
Görün iş nə yerə çatıb ki, iranlı professor Məhəmməd Mərəndi də “İran Ermənistanın suverenliyinə xələl gətirmək cəhdlərinə dözməyəcək. İrandan İrəvana gedən yollar bağlanmayacaq”, - deyə, hay-küy salmağa başlayıb. Hər halda ötən on illiklərdə Azərbaycan torpaqlarının işğal altında qalmasına etirazını görmədik, eşitmədik, oxumadıq, indi Mərəndiyə nə olub belə?!
Ermənistanı qızışdırırlar. Türkiyə XİN rəhbəri Hakan Fidanın səfərinin ardınca da İran rəsmiləri sərhədlərin “pozulmasına” imkan verilməyəcəyini bəyan etmişdilər. 30 il ərzində Azərbaycan sərhədlərinin pozulmasını, İranla sərhəddə, Araz çayı boyunca ərazilərimizin işğalda saxlanılmasını, qəbir daşlarımızın belə, talan edilməsini, 67 məsciddən 65-inin darmadağın edilməsini “görməyən”lər indi zərrəbinlə Ermənistanın hələ dəqiq bilinməyən “sərhəd”indən dəm vurmağa başlayıb cənub qonşumuzun “başbilən”ləri. Məqsəd birdir: Ermənistanı növbəti müharibəyə təhrik etmək! Hələ Ermənistan tam dərk edə bilmir ki, bu, onun tamamilə məhvinə gətirib çıxara biləcək qədər təhlükəli ssenaridir, amma bu oyuna gedir. Hesab edirlər ki, İranın 5-10 raketi, 10-15 PUA-sı “xilaskar” rolunu oynayacaq. Amma ən azı ötən bir ildə, məhz İran PUA-ları, hətta hərbçilərinə arxayınçılığın nəticəsini gördülər, lakin başlarına qapaz dəysə də, ağıllanmayıblar.
Xatırlatma edək: Bu ilin aprelində Ermənistanın müdafiə naziri Suren Papikyan başının dəstəsi ilə Brüsselə işgüzar səfər etmişdi. Hərbi əməkdaşlıqla bağlı böyük planlar var idi. Amma Ermənistanın Qərb çevrələri ilə əməkdaşlığını sinirə bilməyən İran-Rusiya qruplaşmaları dərhal hərəkətə keçdi, şərti sərhədlərdə təxribat törətdilər və Papikyan başılovlu geri qayıtdı.
Suren Papikyanın gözü necə qorxubsa, bu dəfə Avropa ailəsinin digər üzvü olan Kipr Respublikasına səfərini ləğv edib. Kipr Respublikasının Müdafiə naziri Mixalis Yorqallasın açıqlamasını Papikyanın mətbuat katibi Aram Torosyan da təsdiqləyib. Bir daha təsdiq olunur ki, Ermənistanı müharibəyə təhrik edir bölgədə böyük oyunlar oynamaq istəyən qüvvələr və paytaxtlar. Təsadüfi deyil ki, biri bölgəyə TIR-la (Fransda), digəri atla (Kanada), o biri zavodla (ABŞ), başqası da məsələn, itlə gəlir, Ermənistana “qorxma, yanındayam”-deyir. Ən təəccüblüsü budur ki, adları çəkilən ölkələrlə azı yarım əsrdir düşmən olan İran da Ermənistanın yanında qərar tutub. Başa düşmür ki, Ermənistanda möhkəmlənməyə çalışan Qərb dövlətlərinin məqsədi Ermənistanı xilas deyil, onlar başqa ad altında – məsələn, “Laçın yolunun açılması” – bölgəyə soxulub, gələcəkdə reallaşdıracaqları İrana qarşı əməliyyatlar planını cızırlar. İran hələ “fil qulağında yatıb”, öz aləmində Ermənistanın sərhədlərini “qırmızı xətt” elan etməklə ermənilərin ürəyinə girəcəyini, özünə qarşı təhlükələrdən xilas olacağını zənn edir, amma yanlış olaraq. Ermənilər bu qədər dəstəkdən sonra Rusiyanı “bir xoruza” satırsa, demək onunçün müqəddəs heç nə yoxdur.
Qeyd etdiyimiz kimi, Ermənistan öz xoşu ilə ölkədə səfərbərlik elan etmir, olan-qalan hərbi texnikasını, Qarabağ savaşında şəxsiyyətdən düşmüş şəxsi heyətini şərti sərhədlərə cəmləşdirmir, ona vədlər verən paytaxtların qarşısındakı öhdəliklərini icra edir. Bu müddət ərzində həmin paytaxtlar Ermənistana və ümumən bölgəyə rahat şəkildə soxula bilmədilər, hansısa adlar altında, at getdi ətin, it də otun dalınca, Azərbaycanın qəti mövqeyindən sonra. Belə olan təqdirdə növbəti dəfə müharibəni alovlandırmaq lazımdır ki, “at ilxısı, köpək sürüsü”nün yolu açılsın. Ondan sonrakı mərhələdə isə İrana qarşı planların icrasını rahat şəkildə həyata keçirmək olar. Ən azı İranın Mehri istiqamətindəki sərhədlərində postlar qurulacaq, atəş nöqtəsi yaradılacaq.
Ermənistanın müdafiə nazirinin planlaşdırdığı səfəri təxirə salması da onu təsdiqləyir ki, baş verənlər bu ölkənin rəhbərliyinin iradəsindən kənarda cərəyan edir. Həm də dövlət ola bilməyənlərdən başqa nə gözləmək olar ki? Tarix boyunca onun-bunun qarşısında quyruq bulayıb, pay sahibi olublar. Bu dəfə də böyük güclərin planlarının gedişində yeni pay alacaqlarını zənn edirlər, axmaqcasına. Əks təqdirdə Rusiyaya “kəllə” atmaz, KTMT-dən imtina bəyanatları verməzdilər.
Mariya Zaxarova səviyyəsində “küçə adamı” “tutulu”na layiq görülmüş Nikol Paşinyan anlayır ki, Putin Rusiyası son olaylardan sonra sözün həqiqi mənasında onu mələdəcək. Putinin həbsini özündə ehtiva edən Roma Statusunun parlamentə ratifikasiya üçün təqdim olunması, KTMT-nin birgə təlimlərindən imtina olunduğu halda, ABŞ-Ermənistan birgə hərbi təlimləri barədə razılaşmanın elan edilməsi, rusiyameyilli bloger və media mənsublarının ovuna başlanması, Ukraynaya yardım göndərilməsi, daha nələr...Ermənistan anlamır ki, o, Azərbaycan deyil, Rusiyanın “forpostu”dur, Paşinyan “Soros uşağı” olsa da...
Bu gün hətta cəhənnəmdən xortlayandan seçilməyən Vardan Oskanyan da hesab edir ki, Ermənistanın xilas yolu Paşinyanı hakimiyyətdən devirməkdən keçir. İrəvan meri uğrunda mübarizədə uduzmaq isə Nikolun sonunun başlanğıcı olacaq, Rusiya öz planını işə salıb. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda bəyanatını davamlı təkrarlayan Paşinyan sonda çıxış yolu kimi dediklərindən imtina etdi, sərsəm fikirlərinə qayıtdı.
Nəhayət, heç şübhəsiz Nikol Paşinyana Qərbdəki havadarları başa salıblar ki, səni hakimiyyətdə bir ssenari saxlaya bilər: Azərbaycanla qanlı savaşa girmək. Bir neçə yüz itki, bəzi ərazilərin itirilməsi, həmçinin ölkə daxilində Azərbaycana qarşı nifrətin artırılması, hakimiyyət davasının arxa plana keçirilməsi... “Qarabağ Ermənistandır. Nöqtə” deyib də, cəmi 44 gün çəkən müharibədə minlərlə itki vermiş hakimiyyət başçısı üçün növbəti dəfə öz hakimiyyətini saxlamaq üçün bir neçə hayı torpağa gömmək elə də çətin deyil. Yeri gəlmişkən, 2019-cu ildə də Paşinyanla Rusiya arasında gərgin münasibətlər var idi və məhz münasibətlərin soyuqluğuna görə Rusiya Ermənistana gözlənilən dəstəyi vermədi. Bu dəfə də Paşinyanı nə Qarabağdakı separatçılar, nə Ermənistan maraqlandırır, onun əsas məqsədi hakimiyyətini qorumaq və “Soros uşağı” olaraq ABŞ və Avropanın Ermənistanda tam mövcudluğunadək dövranını sürdürməkdir. Yoxsa Zaxarova demişkən, “küçə uşağı”nı hakimiyyətə niyə gətirmişdilər, Annasının “ala gözünə aşiq olduqları” üçün yox, təbii ki...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ