Onlayn ictimai-siyasi qəzet
Novxanıda partlayış zamanı xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyəti üzrə təhvil veriliblər.
TƏBİB-dən "Report"a bildirilib ki, Novxanıda fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır", - məlumatda qeyd olunub. (Report)
***
Xəbər verdiyimiz kimi, Abşeronda fərdi yaşayış evində partlayış olub.
Musavat.com-a daxil olan məlumata görə, partlayış Novxanı bağları deyilən ərazidə, mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı fərdi yaşayış evində baş verib.
Partlayış baş verəndən sonra əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində fərdi yaşayış evi tamamilə dağılıb.
Evin dağıntıları altından mərhum şahmatçının valideynləri Qasım və Aidə Həşimovalar çıxarılaraq xəstəxanaya çatdırılıb. Hazırda partlayışın səbəbi aydınlaşdırılır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ