İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistana milyardlıq investisiyalar - Bakı nə qazanacaq?

Azərbaycanın bu ölkəyə sərmayəsi yalnız siyasi məqsədli olmayıb, həm də uğurlu və gəlirli biznes yatırımları kimi qiymətləndirilə bilər

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq. Bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb. Məlumata görə, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq: “Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, baş nazir Şahbaz Şərif bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.

Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir. Xatırladaq ki, iki gün öncə SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xanla görüşmüşdü.

Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar civarında investisiya yatıracağına dair ilk məlumatı Prezident İlham Əliyev 2024-cü ilin iyulunda müttəfiq ölkəyə səfəri zamanı açıqlayıb: “Biz ilkin mərhələdə sərmayələrimizin ümumi həcminin təxminən 2 milyard dollar təşkil edəcəyini planlaşdırırıq. Biz artıq enerji, infrastruktur, rabitə və bir çox digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir neçə layihəni nəzərdən keçirmişik və burada artıq çox uğurla əməkdaşlıq edirik”.

Azərbaycanın Pakistana planlaşdırılan investisiyaları yalnız siyasi məqsədli olmayıb, həm də uğurlu və gəlirli biznes yatırımları kimi qiymətləndirilə bilər. Belə ki, Pakistan Çinin məşhur “Bir kəmər, bir yol” təşəbbüsünün aktiv iştirakçısıdır. Son illərdə dünyanın ən böyük investorlarından hesab olunan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Pakistanın nəqliyyat-logistika infrastrukturuna ciddi sərmayələr yatırmağa başlayıb. “The Wall Street Journal”ın yazdığına görə, 2023-cü ilin iyun ayında BƏƏ-nin AD Ports Group şirkəti Pakistanın Karaçi limanına nəzarət edən federal hökumət agentliyi ilə “Karachi Port Trust” ilə konteyner terminalının inkişafına 50 illik müddətə sərmayə qoymaq üçün müqavilə imzalayıb. Qeyd edək ki, AD Ports Group Transxəzər marşrutunda (Orta dəhliz) iştirak edən ölkələrin liman infrastrukturunun aktiv investorudur. Şirkət Qazaxıstan və Gürcüstan limanlarında nəqliyyat və logistika infrastrukturunun inkişafı üzrə layihələr həyata keçirir, həmçinin Bakı Beynəlxalq Dəniz Limanı ilə əməkdaşlıqda maraqlıdır.

Ümumilikdə, AD Ports Group Mərkəzi Asiyada, xüsusən də dənizə çıxışı olmayan ölkələrdə tam spektrli logistika xidmətləri göstərmək niyyətindədir. Şirkətin layihələri Transxəzər marşrutunun yük axınının inkişafına və artırılmasına yönəlib. Hesablamalara görə, AD Ports Groupun Orta dəhlizdə iştirak edən ölkələrin liman infrastrukturuna sərmayələri marşrutun ötürücülük qabiliyyətini indiki illik 2 milyon tondan 10 milyon tonadək artıracaq.

Pakistanda AD Ports Group layihələrinin həyata keçirilməsi ölkənin Transxəzər marşrutuna inteqrasiyasını sürətləndirəcək ki, bu da dəhliz üzrə yük axınının artmasına səbəb olacaq və onun iştirakçılarının Ərəb dənizinə birbaşa çıxışına imkan verəcək. Azərbaycanın həm ölkənin liman, həm dəmir yolu, həm də yol infrastrukturunu əhatə edən Transxəzər marşrutunun mühüm iştirakçısı olduğunu nəzərə alsaq, Bakının ərəb şirkətləri ilə əməkdaşlıq şəraitində Pakistanda nəqliyyat və logistika layihələrinin həyata keçirilməsində iştirakdan qazanclı çıxacağını rahatlıqla söyləyə bilərik.

Azərbaycanın Körfəz investorları ilə Pakistanda daha bir işbirliyi neft-kimya sahəsində gözlənilir. Belə ki, hələ 2023-cü ildə Pakistanın neft naziri Musaddiq Malik bildirmişdi ki, Azərbaycan və Çin ölkədə neft emalı zavodunun tikintisinin iştirakçıları sırasına daxil ola bilərlər. Pakistan mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanının “Aramco” şirkəti və Pakistanın bir neçə enerji şirkətinin yaratdığı müştərək müəssisə Qvadar limanında 10 milyard dollarlıq obyekt tikmək barədə razılığa gəlib. Azərbaycanın Çinlə birlikdə bu layihəyə qoşulması gözlənilir.

Qeyd edək ki, Pakistan üçün neft emalı sektoru iqtisadiyyatın əsasını təşkil edir, çünki bu, enerji təhlükəsizliyi və ölkənin ÜDM-in artımı üçün çox vacibdir. Hazırda Pakistanda ümumi emal gücü ildə 20 milyon ton və ya sutkada təxminən 450 000 barel olan altı neft emalı zavodu var. Eyni zamanda Pakistanda mazut tələbinin azalması səbəbindən onun istehsalı əhəmiyyətli dərəcədə azalıb ki, bu da Pakistan zavodlarında istehsal planı sabit olduğundan avtomobil dizelinin istehsalını da azaldıb. Çünki Pakistandakı zavodların müvafiq həcmdə mazut istehsal etmədən yalnız avtomobil dizel yanacağı istehsal etmək imkanı texniki baxımdan mövcud deyil. Buna görə də mazuta tələbat azaldıqca, neft emalı zavodları ümumi hasilatı azaltmağa və məhsuldarlığı optimal səviyyədə saxlamaq üçün mübarizə aparmağa məcbur olur ki, bu da çox ehtiyac duyulan dizel yanacağının istehsalını azaldır. Məhz mazut istehsalının azalması səbəbindən Pakistanın neft emalı zavodlarının istehsal gücü 20 milyon ton emal üçün nəzərdə tutulduğu halda, faktiki istehsal gücü təxminən 11 milyon ton təşkil edir.

Eyni zamanda ekspertlər Pakistanda neft məhsulları və neft-kimya məhsullarına tələbatın sürətlə artacağını gözləyirlər - 2035-ci ilə qədər ölkədə avtomobil dizelinə ehtiyac ildə 33 milyon tona çatacaq. Bu ehtiyacları ödəmək üçün ölkənin mövcud neft emalı gücünü iki dəfə artırmaq və ən azı bir yeni neft emalı və neft-kimya kompleksi yaratmaq lazımdır.

Pakistanın neft-qaz ekspertləri də hesab edirlər ki, ölkənin neft-kimya kompleksinə investisiya qoyuluşunun olmaması mövcud obyektlərin sürətlə köhnəlməsinə gətirib çıxaracaq. Üstəlik, bu sahədə texnologiyalar sürətlə inkişaf etdiyi, bir çox qlobal neft emalı zavodları Avro-5 və Avro-6 istehsal standartlarına keçdiyi halda Pakistan müəssisələri hələ də köhnə Avro-3 standartları üzrə fəaliyyət göstərirlər.

Nəticədə kifayət qədər yaxşı neft emalı güclərinə malik olan bu ölkə tələb olunan həcmdə və müvafiq keyfiyyətdə neft məhsulları istehsal edə bilmir ki, bu da idxaldan ciddi asılılıq yaradır.

Pakistan hakimiyyətinin fikrincə, İslamabad üçün ilkin mərhələdə gücü gündə 300-400 min barel olan ən azı bir neft emalı və neft-kimya kompleksinin tikintisinə, həmçinin müvafiq ixrac terminalı və boru kəməri infrastrukturuna investisiya cəlb etmək son dərəcə vacibdir.

Azərbaycanın həm neft emalı, həm də neft-kimya sənayesində müsbət inkişaf tarixi var: 2008-ci ildən SOCAR Türkiyənin ən böyük “Petkim” kompleksinin və Star neft emalı zavodunun səhmdarıdır. Şirkət Türkiyənin “Petkim” neft-kimya holdinqində 2 milyard dollarlıq ilkin sərmayə ilə pay alıb. Star neft emalı zavodunun tikintisinə isə SOCAR 6,7 milyard dollar sərmayə yatırıb. Zavod Türkiyənin əsas neft məhsullarına olan tələbatının təxminən 25 faizini ödəyir.

Belə bir təcrübə ilə Azərbaycanın Pakistanda böyük oyunçularla birlikdə layihədə iştirakı bir neçə baxımdan ölkə üçün mühüm faydalar gətirə bilər. Əvvəla, Azərbaycan bu layihədə iştirak etməklə ilk növbədə öz neftini emal üçün NEZ-ə tədarük edə biləcək. Bundan əlavə, Qvadar kimi mühüm liman yaxınlığında yaradılacaq kompleksin məhsullarının satışı və nəqli ucuz başa gələcək. Bundan əlavə, Pakistan hökumətinin neft emalı sektorunda investorlara təklif etdiyi bir sıra imtiyaz və üstünlükləri nəzərə alsaq, Azərbaycan neft emalı zavodunun tikintisinin iştirakçısına çevrilməklə kommersiya baxımından kifayət qədər uğurlu investisiya layihəsinə sərmayə qoya bilər. Bu isə qoyulan sərmayələrin qısa müddətdə özünü doğrultmasına, Azərbaycanın layihədən irihəcmdə qazanc əldə etməsinə gətirib çıxaracaq.

Bundan əlavə, Azərbaycan “Saudi Aramco” və Çin kimi nəhəng investorlarla eyni layihədə yer almaqla beynəlxalq səviyyədə uğurlu investor imicini möhkəmləndirə biləcək. Bu isə gələcəkdə dünyanın digər ərazilərində səmərəli layihələrin həyata keçirilməsi perspektivində Azərbaycan üçün üstünlük gətirən amilə çevriləcək.

Nəhayət, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi Azərbaycanın Pakistanla hərbi sənaye sahəsində də əlaqələrinin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradacaq.

Dünya SAKİT,.
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR