İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanın paytaxtı Daşkənddə “Azərbaycan mətbəxi günü” keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Prestige” istirahət və əyləncə mərkəzində “Azərbaycan mətbəxi günü” keçirilib.Tədbir Daşkənddə fəaliyyət göstərən “Yeməli” Azərbaycan Restoranının təşkilatçılığı, Azərbaycan qida istehsalçısı “Azərsun Holdinq” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşdırılıb.

Tədbirin keçirilməsində əsas məqsədi milli mətbəximizi Özbəkistanda tanıtmaq, təbliğ etmək və onun haqqında obyektiv məlumatların yayılması, saxtalaşdırılmasının qarşısını almaqdır.

“Azərbaycan mətbəxi günü” tədbirində yerli iş adamları, jurnalistlər, ölkəmizin dostları, yerli azərbaycanlılar iştirak ediblər.

İlk öncə tədbirdə çıxış edən Daşkənddəki “Yeməli” restoranın direktoru Elgun Əliyev və digər natiqlər Azərbaycan mətbəxinin orijinallığından söhbət açaraq, milli mətbəximizin mədəniyyətimiz və ölkəmizin təbiəti kimi zəngin, rəngarəng və müxtəlifliyi ilə fərqləndiyini qeyd ediblər.

Azərbaycan mətbəxinə aid milli mətbəximizin şah əsəri olan plov və dolmanın müxtəlif növləri, habelə çığırtma, qutab, milli şirniyyatlarımız - şəkərbura, paxlava, qoğal və s. ilə tədbir iştirakçıları qonaq edilib, müxtəlif yeməklərin hazırlanması üzrə ustad dərsləri təşkil edilib.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan mədəniyyətinə, mətbəxinə aid xüsusi guşə hazırlanmış və burada milli musiqi alətlərimiz, suvenirlərimiz, Azərbaycana dair nəşrlər sərgilənmişdir.

Bundan başqa, Azərbaycan qida istehsalçısı “Azərsun Holdinq” şirkəti tərəfindən hazırlanan və milli istehsal olan ərzaq, çaylar və içkilər təqdim edilib.

Müxtəlif masalara yeməklər gətirilərkən hər bir mətbəx nümunəsinin hazırlanması, onun xalqımıza aid olmasına dair məlumat və faktlar iştirakçılara çatdırılıb.

Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri, habelə musiqiçilər bir-birindən gözəl milli rəqslərimizi və musiqilərimizi ifa ediblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR