İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda keçirilən Novruz şənliyində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetində böyük Novruz şənliyi keçirilib.

Tədbirdə səfirliklər, beynəlxalq təşkilatların nümayəndələri, ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri iştirak edib.

Ölkəmizdən bu tədbirə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qatılıb.
Universitetin rektoru, professor Şerzod Kudratxocayev Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edib, bu bayramın Türk dövlətlərinin həyatındakı yerindən danışıb. O deyib ki, Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə BMT Baş Məclisinin yekdilliklə martın 21-ni “Beynəlxalq Novruz Günü” kimi tanıması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyib.

Tədbirin Azərbaycan guşəsində ölkəmizin bayrağı, Azərbaycan tarixi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.

2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın Qarabağ bölgəsinin beşiyi olan Şuşanın tarixi, mədəniyyəti və şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlər haqqında məlumatlar yer alıb. Sərgidə nümayiş etdirilən Azərbaycan suvenirləri də maraqla qarşılanıb.

Azərbaycan guşəsində plov, dolma, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımz iştirakçılara təqdim olunub. Sonra müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub.

Bayramın konsertində Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Tədbirdə aktiv iştirak etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə də fəxri diplom təqdim edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR