İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il “dəhşətli yanğın görən” ekstrasensin yeni proqnozları

 

Uzun illər əvvəldən özümə söz vermişəm: nə qədər ki, ektrasenslər gələcəyə dair “müdhiş öncəgörmələr”lə çıxış edəcəklər, mütləq onların proqnozlarının heç bir elmi əsası olmadığı, dələduzluq səciyyəsi daşıması barədə yazılar yazacağam.

Son illər Zirəddin bu sahədə bütün ekstrasensləri üstələyib deyə, yazılarımda onun adının çəkilməsi, oxumuş adamlar demişkən, intensivləşib.

Bu zalım da dayanmır, az qala hər həftə yeni-yeni “dəhşətli proqnozlar” verir. Ta camaatı yağı-bağır edib.

Birincisi, gələcəyə dair proqnozlar niyə mütləq qorxunc olmalıdır? Yəni gələcəkdə heç bir ürəkaçan hadisə baş verməyəcəkmi? Məsələn, insanların həyatını asanlaşdıran, böyük problemlərini həll edən icadlar, ixtiralar olmayacaqmı? Ağır xəstəliklərin dərmanı tapılmayacaqmı? Qoy “ekstrasenslər” bunu da “görsünlər”.

Yoxsa eyzən “dağıdıcı zəlzələ olacaq, şəhərlər dağılacaq”, “yeni virus yayılacaq, insanlar qırılacaq”, “vulkan püskürəcək, hər şey məhv olacaq”... Nə qədər olar?

Bunlar yüz min illərdir olur və yenə olacaq. Əsl proqnoz bu olardı ki, kimsə çıxıb təbii fəlakətlərin daha olmayacağını deyəydi və olmayayadı.

Sən əsl ekstrasenssənsə, gələcəkdən xəbər verə bilirsənsə, konkret de, görək, o “dəhşətli hadisələr” ilin hansı ayının hansı günü harada baş verəcək. Koordinat ver, eloğlu, görürsənsə, konkret koordinat ver. Aydın görmürsənsə, sus. Mən də aydın görmürəm, amma dəqiq bilirəm ki, bu il Yaponiyada, Nepalda, Türkiyədə güclü zəlzələlər olacaq, Banqladeşdə dəhşətli musson yağışları yağacaq, bütöv vilayətləri su nasacaq, İtaliyada, İslandiyada vulkanlar püskürəcək, Böyük Səhrada qum fırtınası olacaq, canım sizə desin, Hindistanda qatar qəzası olacaq, Çində kömür mədəninin şaxtasında qəza baş verəcək və sair və ilaxır.

Bunları öncədən söyləmək üçün ekstrasens olmağa ehtiyac yoxdur.

Ekstrasens ona deyərdim ki, “Krokus”da törədiləcək terror aktını öncədən görəydi və federal güc strukturlarına olmasa da, heç olmasa Ağalarovgilə xəbər verəydi ki, mühafizəni gücləndirin, “siti”nizdə xoşagəlməz şeylər görürəm.

Amma adam qulağının dibində olacaq o boyda haqq-hesabı “görməyib”, indi durub müdrik-müdrik danışır. Tərs kimi, “görmüşdüm, bilirdim, nəsə olacaq” da deyə bilmir. Məsuliyyəti var. Adamın yaxasından yapışıb deyərlər, cavab ver, terakt olacağını bilirdinsə, niyə orqanlara xəbər vermirdin. Daha pisi, adamdan tələb edərlər ki, görücüsən, görürsən, de görək, teraktın sifarişçisi konkret kimlərdir, ad çək.

Bax, onda ellimizin dili girər qarnına, and-aman edər ki, hər hansı bir ekstra qabiliyyəti yoxdur, ona görə də nə məlum terror aktının digər iştirakçılarının, nə də sifarişçilərinin adını çəkə bilməz. Bir az da sıxsalar, oturub zırın-zırın ağlayar, özünü ekstrasens adlandırdığı günə lənət yağdırar.

Axırıncı “proqnozlar bülleteni”ndə müəllim deyib ki, İranın parçalanması fəlakət, qiyamət olar.

Bu, proqnoz deyil, bu, artıq analizdir, politoloji şərhdir. Sənin nə işinə qalıb hansı ölkəyə nə olsa, necə olar, sən konkret proqnozunu ver ki, İran parçalanacaq, yoxsa yox.

Hələ durub “Zəngəzur dəhlizi”nin yaxın vaxtlarda açılmasını absurd adlandırır. A kişi, bunu bəzi ölkələrin XİN-lərinin sözçüləri də deyir. Sənin onlardan fərqin o olmalıdır ki, konkret deyəsən: “Açılmayacaq”, ya da “açılacaq”.

Heç demə, bu mövzuyla məndən başqa da ilgilənənlər var. Onlardan biri deyib ki, Zirəddinin proqnozlarının 80 (səksən) faizi gerçəkləşmir. Belə aydın olur ki, o gerçəkləşən 20 faiz də zəlzələlərə, daşqınlara, küləyə-filana, yəni təbiət hadisələrinə dair proqnozlardır.

Amma neynirsən, hansı sayta baxırsan, başlıqlar göz deşir: “Zirəddin elə dedi, belə proqnoz verdi” və s. 2022-ci ilin dekabr ayının 6-da Azərbaycan saytlarında dərc olunmuş müsahibəsində “məşhur ekstrasens” belə demişdi: “2023-cü ildə Bakıda dəhşətli, hay-küyə səbəb olacaq böyük bir yanğın olacaq. Zavod və ya fabrik olacaq bu”. Belə bir hadisə oldumu? Yadıma gəlmir. Olubsa da, yəqin ya “dəhşətli” olmayıb, ya da “hay-küyə səbəb” verməyib.

Xüləs, bunlar havayı söhbətlərdir. Nə Zirəddin, nə də bir başqası gələcəyi görmür, hansısa gözlənilməz hadisənin baş verəcəyini öncədən bilmir. Onların gördüyü elə hamımızın bildiyi şeylərdir – qar, yağış, quraqlıq, zəlzələ, torpaq sürüşməsi, epidemiyalar, texnogen qəzalar, meşə yanğınları və başqa kimi təbii şeylər.

Yalançı ektrasenslərə, fırıldaqçılara inanıb nə qanınızı qaraldın, nə onlara nəzərən planlar qurun.

İnanmalı şey elmi proqnozlardır. Məsələn, 1980-ci ildə “Nauka i Jizn” jurnalında yazılırdı ki, vaxt gələcək, biri dünyanın o başında, biri də dünyanın bu başında olan iki insan telefonla danışanda bir-birini görəcəklər. Deyilən oldumu? Oldu. Elmin minlərlə belə proqnozları doğrulub və doğrulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR