Onlayn ictimai-siyasi qəzet
Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) sentyabr ayında neft hasilatını sutkada 548 min barel artırmaq barədə prinsipial razılıq əldə edib. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg adı açıqlanmayan nümayəndəyə istinadən yayıb.
Alyansın 8 üzvü avqustun 3-də onlayn iclasda qərarı təsdiqləsə, bununla da yazın ortalarından bəri davam edən könüllü azalma paketlərindən birinin - sutkada 2,2 milyon barel tam aradan qalxmış olacaq. Bundan əlavə, kvotalarda BƏƏ üçün neft hasilatının istinad səviyyəsinin sutkada 300 min barel artımı nəzərə alınacaq.
Qeyd edək ki, əvvəlcə hasilatın artımının tədricən, ayda 130-140 min barel sürətlə baş verməsi və 2025-ci ilin aprelindən 2026-cı ilin oktyabr ayına qədər davam etməsi planlaşdırılırdı. Lakin mart ayında qəbul edilən qərarla aprel-may-iyunda gündəlik hasilat hər ay 411 min barel, iyulda isə 548 min barel artırıldı. OPEC+ qərarını sağlam bazar və qlobal iqtisadiyyat üçün sabit perspektivlərlə izah edib.
Hazırda OPEK+-un 8 üzvünün 2026-cı ilin sonuna qədər qüvvədə olan 1,65 milyon barellik daha bir məhdudiyyətlər paketi var. Bu məhdudiyyətlərin taleyi ilə bağlı hələlik aydınlıq yoxdur.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ