Onlayn ictimai-siyasi qəzet
Rusiya və Səudiyyə Ərəbistanının həmsədrlik etdiyi OPEC+ Nazirlərinin Monitorinq Komitəsi hazırkı neft hasilatı siyasətini dəyişməmək qərarına gəlib.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, hər iki həmsədr neft hasilatı planında indiki mərhələdə dəyişikliyə ehtiyac olmadığını açıqlayıblar. O cümlədən Rusiya baş nazirinin müavini Aleksandr Novak iclasda deyib ki, OPEC+ indiki siyasətinə əməl etməlidir.
Ötən il hasilat kvotasını aşan ölkələr – Rusiya, İraq, Qazaxıstan və digərləri yeni kompensasiya planı tərtib edərək, fevralın sonunadək monitorinq komitəsinə verəcəklər. Qeyd edək ki, bu, artıq həmin ölkələrin artıq hasilat həcmlərinin əvəzinə hasilatı eyni həcmdə azaltmağı nəzərdə tutan 3-cü planıdır. Bundan əvvəl təqdim edilən planların heç birinə əməl olunmayıb, ölkələr artıq hasilatı davam etdiriblər.
Monitorinq Komitəsinin iclasında həmçinin razılaşma iştirakçılarının real hasilat həcmlərini müəyyən etmək üçün istinad olunan müstəqil mənbələr siyahısına dəyişiklik edilib. Rystad Energy və ABŞ Energetika Nazirliyi mötəbər mənbə siyahısından çıxarılaraq ora Kpler, OilX və ESAI daxil edilib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ