Onlayn ictimai-siyasi qəzet
"Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi bu gün Qəbələdə keçirilir. 2013-cü ildə 3-cü Zirvə də məhz Qəbələdə keçirilmişdi. Bu fakt Azərbaycan üçün simvolik əhəmiyyət daşıyır. Çünki Qəbələ artıq ikinci dəfədir ki, türkdilli ölkələrin dövlət başçılarını bir araya gətirən böyük beynəlxalq platformaya çevrilir".
Bu sözləri Musavat.com-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
General qeyd edib ki, Türk Dövlətləri Təşkilatı müxtəlif dövlət quruluşlarına malik ölkələri birləşdirən strateji əməkdaşlıq platformasıdır:
"Təşkilat çərçivəsində dövlət başçıları səviyyəsində həm adi (illik), həm də qeyri-adi (fövqəladə) zirvələr keçirilir. Bu görüşlər ildə iki dəfə təşkil olunur. Məsələn, 2016-cı ildə TDT-nin fövqəladə zirvəsi Macarıstanda keçirilmişdi. Bu dəfə isə ənənəvi illik dövlət başçıları zirvəsi yenidən Qəbələdə gerçəkləşir.
Təşkilat yaranandan bu yana 16 il ötüb və bu müddət ərzində üzv, daimi və müşahidəçi ölkələr arasında 30 əməkdaşlıq sahəsi müəyyən edilib. Bu sahələr arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, müdafiə və təhlükəsizlik kimi geniş istiqamətlər mövcuddur. Məhz bu çoxşaxəli əməkdaşlıq TDT-nin yalnız mədəni birlik platforması deyil, həm də qlobal sülh, təhlükəsizlik və inkişaf üçün ciddi siyasi gücə çevrildiyini göstərir".
Yücel Karauzun sözlərinə əsasən, son illərdə bu istiqamətdə mühüm addımlar atılıb:
"Məsələn, ötən il türkdilli xalqlar üçün ortaq Türk əlifbası (Türk ABC sistemi) qəbul edildi və bu əlifbanın 2026-cı ildən etibarən tətbiqi planlaşdırılır. Bundan əvvəl isə İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatının rəsmi bayrağı təsdiqlənmiş və bu simvol türkdilli dövlətlərin birliyinin vizual ifadəsinə çevrilmişdi. Hətta COVID-19 dövründə onlayn formatda keçirilən zirvələrdə dövlət başçıları həm öz ölkələrinin, həm də TDT-nin bayraqlarını masalarının üzərində nümayiş etdirərək birliyin rəmzi mənzərəsini yaratmışdılar.
Bu kontekstdə TDT-nin fəaliyyətinə nəzər saldıqda, belə qənaətə gəlmək olar ki, hər bir təşkilat kimi Türk Dövlətləri Təşkilatı da dinamik olmalı, özünü yeniləməli və zamanın ruhunu oxumağı bacarmalıdır. Əks halda, dəyişən dünyada irəliləmək, yeni reallıqları düzgün dəyərləndirmək mümkün olmaz.
Qəbələdə "Regional sülh və təhlükəsizlik" devizi altında keçirilən bu Zirvə məhz TDT-nin zamanın çağırışlarını dərinliklə dərk etdiyini və müasir geosiyasi reallıqlar fonunda proaktiv mövqe tutduğunu göstərir. Artıq Təşkilatın qarşısında yeni və daha məsuliyyətli mərhələ dayanır.
Bu mərhələdə xüsusilə müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi önəmli prioritet kimi çıxış etməlidir".
Y.Karauzun fikrincə, Avropa Birliyi modelinə bənzər mexanizmlər də yaradıla bilər:
"Məsələn, üzv ölkələrin rəsmi dövlət idarələrində TDT bayrağının öz milli bayraqları ilə yanaşı dalğalanması həm simvolik, həm də siyasi baxımdan birliyin möhkəmlənməsinə xidmət edə bilər.
Digər mühüm təşəbbüslərdən biri üzv ölkələr arasında azad hərəkət və vizasız rejimin təmin edilməsidir. Bu çərçivədə hava limanlarında və sərhəd-keçid məntəqələrində Türk Dövlətləri Təşkilatına üzv ölkə vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması, TDT əməkdaşları üçün isə imtiyazlı xidmət mexanizmlərinin tətbiqi mümkündür.
İqtisadi inteqrasiyanın, müdafiə sənayesi əməkdaşlığının və ortaq təhlükə anlayışının formalaşdırılması da birliyin strateji məqsədlərindəndir. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi mühüm presedentdir. Həmin sənəddə bir ölkəyə edilən hücumun digərinə edilmiş sayılması prinsipi - NATO-nun 5-ci maddəsindəki kollektiv müdafiə prinsipi ilə oxşardır. Bu mexanizm tədricən TDT çərçivəsinə də şamil edilə bilər.
Beləliklə, Türk Dövlətləri Təşkilatı gələcəyə baxaraq, yalnız iqtisadi və mədəni sahədə deyil, həm də birgə təhlükəsizlik, siyasi sabitlik və müdafiə mexanizmləri istiqamətində konkret addımlar atmalıdır. Bu, təkcə regional sabitlik üçün deyil, həm də bütün türk dünyasının beynəlxalq arenada daha güclü mövqeyə sahib olması üçün zəruridir.
Çağdaş dövrün imkanlarını dəyərləndirməyin yeganə yolu birlikdə olmaq, ortaq dəyərləri qorumaq və bayraqlarımızı hər zaman uca tutmaqdır. Türk dünyasının birliyi yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin strateji təminatıdır".
Xalidə GƏRAY
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ