İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə hadisəsindən sonra ilk ciddi təmas - siyasi gərginliyin yumşalması siqnalı

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb.

Xatırladaq ki, iki lider arasında bundan əvvəlki telefon danışığı 2024-cü ilin dekabrında, təyyarə qəzasından sonra olub.

METİN YENİ.jpeg (33 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Prezident İlham Əliyevin Vladimir Putinə telefon zəngini iki dövlət arasında münasibətlərə müsbət təsir edən məqam kimi dəyərləndirmək olar:

“Ötən ilin dekabr ayının sonunda Rusiya səmasında təyyarəmiz vurulduqdan sonra ən yüksək səviyyədə, yəni hər iki ölkə lideri arasında fraqmental təmaslar istisna olmaqla, hər hansı görüş keçirilməyib, danışıq aparılmayıb. Bu da əslində münasibətlərdə olan ciddi problemlərin təsdiqidir. Bu gün isə ilk dəfə olaraq, uzun müddətdən sonra Prezident İlham Əliyev Vladimir Putinə zəng edib. Hesab edirəm ki, bu, iki ölkə arasında siyasi müstəvidə problemli münasibətlərə müsbət təsir göstərə bilər yaxud göstərəcək. Onu da qeyd edək ki, münasibətlərin siyasi müstəvidə tam normallaşması üçün Rusiya konkret addımlar atmalıdır, Azərbaycan bunu gözləyir. İki ölkə arasında münasibətlərdə problemin yaranmasının əsas səbəbi təyyarə hadisəsindən sonra Rusiyanın adekvat davranmaması idi. Rusiya tərəfi münasibətlərin normallaşmasını istəyirsə, təyyarə hadisəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

M.Məmmədli əlavə edib ki, digər məsələlərdə də dövlətlərarası münasibətlər, yaxud regionda baş verən proseslərə dair məsələlərdə də Rusiyanın adekvat, rasional davranışları münasibətlərin normallaşmasına xidmət edə bilər.

Qeyd edək ki, Rusiya və Azərbaycan liderləri sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində şəxsən görüşüblər. İkitərəfli danışıqlar aparılmasa da, Putin Əliyevlə ayaqüstü danışa bilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR