Onlayn ictimai-siyasi qəzet
2025-ci il sentyabrın 1-nə Azərbaycanda milli valyutada yeni kreditlər üzrə orta illik faiz dərəcəsi 18,52 faiz təşkil edib. Bu, o deməkdir ki, ilin əvvəli ilə müqayisədə manatla yeni kreditlər üzrə orta dərəcələr 1,96 faiz artıb. Məlumdur ki, Azərbaycanda kredit faizləri regionda və inkişaf etmiş ölkələrlə müqayisədə ən yüksək olaraq qalmaqdadır. 2015-2016-cı illərdəki böhrandan sonra müəyyən stabilləşmə yaransa da, son bir ildə kredit faizlərində davamlı artım qeydə alınmağa başlayıb. Bu proses 2025-ci ilin əvvəlindən daha da sürətlənib.
Kredit faizlərinin artımı bir sıra amillərlə bağlı ola bilər. Bunlardan birincisi, iqtisadiyyatda risklərin yüksəlməsidir. Bura isə inflyasiya, gəlirlərdə azalma, iqtisadi durğunluq və sair aiddir. Bankları kredit faizlərini artırmağa vadar edən daha bir amil gözləntilərdir: verilən kreditlərin qaytarılmaması riskini artıran gözləntilər.
Rəsmi statistikadan aydın olur ki, yanvar-sentyabrda Azərbaycanda illik inflyasiya 5,6 faizə yüksəlib. Halbuki hökumətin artırılmış gözləntiləri 5,4 faiz idi.
Azərbaycanın əsas gəlir mənbəyi olan neft qiymətlərinin düşməsi, ixrac həcmlərinin azalması ölkəyə valyuta axınını kəskin azaldıb. Yenə də rəsmi statistikaya görə, yanvar-avqustda neft ixracı miqdar baxımından 3,3 faiz azalıb, ondan əldə olunan gəlirlər isə 18,5 faiz düşüb.
Beynəlxalq analitik mərkəzlərə görə, bu ilin sonuna qalan müddətdə, həmçinin 2026-cı ilin ilk rübündə dünya neft bazarında böyük həcmdə profisitin olması gözlənilir ki, bu da qiymətləri daha da aşağı çəkəcək. Bu isə Azərbaycanın əsas mənbədən gəlirlərinin daha da azalacağı deməkdir. Bu amil həm də ölkədə devalvasiya ehtimalını artırır ki, bu da bankların riskləri sırasında ən mühüm paya malik olan amildir.
Beləliklə, aydın olur ki, ölkədə manatla kredit faizlərini artıracaq bütün amillər aktivləşib. Bura bankların cəlb etdiyi vəsaitlərin faizlərinin artmasını da əlavə etsək, mənzərə tamamlanır. Belə ki, rəsmi statistikaya əsasən, bankların kredit vermək üçün əhalidən cəlb etdikləri əmanətlərin faizləri də yüksəlir. Likvidlik problemi yaşayan banklar bu ilin əvvəlindən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini də artırırlar.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın 1-nə ölkə banklarının kredit portfeli 28 milyard 704,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 629,3 milyon manat, yəni 10,1 faiz, aylıq müqayisədə isə 206,7 milyon manat və ya 0,7 faiz artıb.
Portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 15 milyard 91,8 milyon manata çatıb. Bu, illik müqayisədə 1 milyard 92,0 milyon manat, və ya 7,8 faiz, aylıq müqayisədə isə 36,0 milyon manat, və ya 0,2 faiz artım deməkdir.
İstehlak kreditləri portfeli 9 milyard 114,5 milyon manat olub. Bu göstərici illik müqayisədə 1 milyard 135,7 milyon manat, və ya 14,2 faiz, son bir ayda isə 112,3 milyon manat və ya 1,2 faiz artıb.
İpoteka kreditlərinin həcmində də artım davam edir. Bu portfel 4 milyard 498,6 milyon manata çatıb ki, bu da illik müqayisədə 401,6 milyon manat, və ya 9,8 faiz, aylıq müqayisədə isə 58,4 milyon manat, və ya 1,3 faiz artım deməkdir.
Bu statistika göstərir ki, kredit portfelinin strukturunda ən yüksək artım faizləri yüksək olan istehlak kreditlərində qeydə alınıb. Bu da ölkə üzrə ümumi kredit faizlərinə artırıcı təsirini göstərir.
Kredit portfeli, xüsusilə istehlak kreditlərindəki artım problemli kreditləri də artırır. 2025-ci il sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya yəni 12,2 faiz, aylıq müqayisədə isə 1,5 milyon manat və ya 0,3 faiz artıb.
Diqqətçəkici fakt budur ki, problemli kreditlərin artımı tamamilə faizləri sürətlə artan milli valyutadakı kreditlərin hesabına baş verib. Belə ki, manatla vaxtı keçmiş kreditlərin ümumi həcmi 434,3 milyon manata çatıb. Bu, illik müqayisədə 65,3 milyon manat (17,7 faiz), son bir ayda isə 0,7 milyon manat (0,2 faiz) artım deməkdir.
Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir. Silinmələrin 61,1 faizi (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9 faizi (22 milyon manat) isə biznes kreditləri üzrə olub.
Yeri gəlmişkən, Mərkəzi Bank istehlak kreditlərinin artımını cilovlamaq üçün bu ilin ortasında istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Qurumdan bildirildiyinə görə, Mərkəzi Bankın həyata keçirdiyi makroprudensial siyasət istehlak portfelinin dayanıqlı artımı və əhalinin sağlam borclanmasına yönəlib: “Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikası və əhalinin izafi borclanması üzrə qiymətləndirmələrini və bu istiqamətdə requlyativ çərçivənin daha da təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirir. İstehlak kreditləşməsinin əsas drayverlərindən biri də kredit kartlarıdır. Son dövrlər istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım tempi müşahidə olunur. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit kartlarının istifadə olunmuş hissəsi 60 faiz artaraq 1.7 milyard manata, istifadə olunmamış hissəsi isə 64 faiz artaraq 2 milyard manata çatıb. İstehlak kredit kartlarının protsiklik xüsusiyyəti sistem risklərini artıran amil kimi çıxış etməklə yanaşı, maliyyə sistemi üzrə bir sıra risklər yaradır. Əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığını təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən istehlak kredit kartları üzrə requlyativ çərçivəyə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını müəyyən etdikdə borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək”.
AMB bildirir ki, aparılan təhlillər nəticəsində son dövrlərdə istehlak kredit portfelinin artımının əsas drayverinin kredit kartları olduğu müşahidə olunub: “Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə istehlak kredit portfeli 55 faiz artdığı halda, kredit kartlarının istifadə olunmuş hissəsi 89 faiz artıb. Əlavə olaraq kredit kartlarının sayının artımı fonunda kredit kartları ilə aparılan əməliyyatların həcmi son 3 ildə 2.5 dəfədən çox artıb. Qeyd olunmalıdır ki, bu tendensiya əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə əhalinin sərəncamda qalan gəlirləri 7 faiz artdığı halda, kredit kartlarının istifadə olunmuş hissəsi 17 faiz artıb”.
AMB-yə görə, inflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər: “Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır”.
Tənzimləyicinin hesablamalarına əsasən, istehlak kreditlərinin həcminin 10 faiz artımı ölkədə inflyasiyanı 0,34 faiz artırır. AMB-nin proqnozuna görə, bu ilin sonuna Azərbaycanda istehlak kredit portfelinin artımı 13 faiz ətrafında olacaq. Bu isə inflyasiyaya, ev təsərrüfatlarının istehlakı vasitəsilə 0.43 faiz bəndi artırıcı təsir göstərəcək. 2026-cı ildə isə istehlak kredit portfelinin artımı 16 faiz artım ətrafında olacaq, bu da inflyasiyaya 0.56 faiz bəndi artırıcı təsir edəcək.
İstehlak kreditlərinin artımı əhalinin borc yükünün gəlirlərindəki payını da artırır: “Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Belə ki, bu ilin birinci yarısında əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.5 faiz bəndi artaraq 18.5 faiz olub”.
Əhalinin borc yükü dedikdə, fiziki şəxslərin kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmi nəzərdə tutulur.
Problemli kreditlərin, risklərin artmasına baxmayaraq, banklar kredit verərək faiz gəlirlərini artırırlar. Belə ki, banklar kreditlərdən bu ilin 8 ayında 2 milyard 544,7 milyon manat faiz gəliri əldə ediblər. Bu, illik müqayisədə 495,9 milyon manat, və ya 24,2 faiz artım deməkdir. Son bir ayda bu gəlirlər 331,9 milyon manat, və ya 15,0 faiz artıb. Müqayisə üçün onların kreditlərdən faiz gəliri keçən ilin analoji müddətində 1 milyard 838,4 milyard manat olmuşdu.
Bankların kredit vermək üçün cəlb etdikləri əmanətlər üzrə xərcləri də artıb, amma faiz gəlirlərindən daha aşağı sürətlə. Belə ki, bu ilin 8 ayında banklar 827,5 milyon manat depozit faizi ödəyiblər. Ötən ilin eyni dövründə bu göstərici 570,4 milyon manat olmuşdu. Bu isə o deməkdir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 257.1 milyon manat və ya 45 faiz artıb. Səkkiz ayın yekununda bankların kredit-depozit üzrə fərqdən xalis faiz gəlirləri 1 milyard 268 milyon manatdan 1 milyard 717,2 milyon manata qədər yüksəlib.
Dünya SAKİT,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ