Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”, - deyə Prezident qeyd edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, türk dövlətləri bu təklifi dəstəkləyə bilərlər:
“Türk Dövlətləri Təşkilatı qardaş dövlətlərin təşkilatıdır. Əlaqələrimiz dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edir. Dövlətlərarası münasibətlər hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də ehtiva edir. İndiyə kimi Azərbaycan-Türkiyə və digər türk dövlətləri ilə birgə hərbi təlimlər keçirilib. Bu baxımdan Cənab Prezidentin təklifi məntiqlidir. Təşkilat üzvü olan dövlətlərin birgə təlimini təşkil etmək olar. TDT hərbi blok deyil.
Bununla yanaşı, təşkilat çərçivəsində əməkdaşlıq hərbi əməkdaşlığı da özündə ehtiva edir. Təklif rasionaldır. İnanıram ki, türk dövlətləri bu təklifi dəstəkləyəcəklər. Bu, qardaş dövlətlərin silahlı qüvvələrinin peşəkarlığının artırılmasında, ordularımızın eyni texnika və eyni standartlarla təchiz edilməsində, eyni zamanda güc kimi dünya birliyində olmasında böyük rol oynayır. Dünya türk dövlətlərinin əməkdaşlığının möhkəmləndiyini görür. Bu baxımdan TDT-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsi bu tip digər regional təşkilatlar üçün də nümunə ola bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ