Onlayn ictimai-siyasi qəzet
Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsü yenidən hakim qarşısına çıxarılıb. Boynu sınan şəxsin bədəninin 95 faizi işləmir. Taksi sürücüsü əvvəlcə yüngül cəza alsa da sonra həbs edilib.
Musavat.com xəbər verir ki, hadisə ötən il Bayılda baş verib. Gecə saatlarında iki sürücü arasında baş verən dava ağır nəticəyə səbəb olub.
23 yaşlı Elmar taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedən zaman yolda Xayyam adlı şəxsin idarə etdiyi maşınla qarşı-qarşıya gəlib. Bir-birlərinə yol verməməyə görə mübahisə ediblər. Hadisə zamanı Xəyyam və onun yanında olan dostu Rasim sərxoş olublar.
Mübahisə zamanı Xəyyam taksi sürücüsü Elmara hücum edib. Xəyyam Elmarın ayaqlarından tutmaq istəyib. Bu zaman Elmar yerdə olan Xəyyamın boynunu sıxaraq ona ağır xəsarət yetirib.
Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fəqərəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fəqərə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.
Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib:
“Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.
Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu”.
İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, “zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinməsinə qərar verib.
Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.
Bu hökmdən prokuror və zərərçəkmiş tərəf narazı qalıb. Hökmdən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Prokuror Elmarın qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cəzalandırılmasını istəyib.
Zərərçəkmiş Xəyyam məhkəməyə videogörüntü ilə bağlanan zaman deyib ki, hazırda bədənin 95 faizi işləmir və yataqdadır: “Elmar çox cüzi dəstək oldu. Mən əvvəl ondan şikayətçi olmamışdım. Amma Elmarın heç nə vecinə olmadığını görəndə ondan şikayətçi oldum. Ona qeyd edilən maddə ilə cəza verilməsini istəyirəm”.
Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən Elmar 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində həbs qərarı çıxarılıb və məhkəmə zalında həbs olunub.
İ.Muradov
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ