Onlayn ictimai-siyasi qəzet
Ekspertə görə, sual tiplərində və abituriyentlərin hazırlıq səviyyəsindəki dəyişikliklər nəticələrə təsir göstərib
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) həmçinin mobil operatorlar (Azərsel, Baksel, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanda iştirakı nəzərdə tutulan 58 min 732 nəfərdən 407 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Minlərlə şagirddən cəmi 20 nəfərin ən yüksək bal toplaması normaldırmı?
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “2025-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri arasında fərq açıq şəkildə görünür. 2 mart tarixində keçirilən imtahanda 23 nəfər, 9 mart tarixində keçirilən imtahanda isə 20 nəfər abituriyent maksimum 300 bal toplayıb. Ümumilikdə 43 nəfərin maksimal nəticə göstərməsi əvvəlki illərlə müqayisədə nisbətən azalma dinamikası göstərsə də, imtahanların keyfiyyəti, çətinlik səviyyəsi və qiymətləndirmə meyarları ilə bağlı suallar yenidən gündəmə gəlir.
Buraxılış imtahanı yalnız ümumi təhsil haqqında şəhadətnamə üçün deyil, eyni zamanda ali məktəblərə qəbulun birinci mərhələsi funksiyasını da daşıyır. Bu mərhələnin nəticələri həm abituriyentlərin ilk ciddi akademik sınağı, həm də ali təhsil sisteminin gələcək planlaşdırılması baxımından əhəmiyyətlidir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, təhsilin məqsədi bilik, bacarıq və vərdişlərə əsaslanan milli və beynəlxalq səviyyədə rəqabətə davamlı insan kapitalı formalaşdırmaqdır. Buraxılış imtahanları isə bu məqsədə çatmaq üçün ilkin filtrlərdən biridir".
Mütəxəssis əlavə edib ki, maksimal bal toplayanların sayındakı fərqin səbəbləri bir neçə istiqamətdə təhlil oluna bilər: “Əvvəla, imtahan günləri arasında keçirilən testlərin məzmunu, sual formaları və təqdimat dili eyni standartda olsa da, subyektiv və texniki fərqlər qaçılmazdır. Misal üçün, bəzi illərdə və ya seanslarda qapalı sualların cavab variantlarının oxşarlığı, açıq suallarda tələb olunan məntiqi əsaslandırmanın səviyyəsi və yaxud tapşırıqlarda kontekstual çətinliklər abituriyent performansına təsir göstərir. Bəzi suallarda formalaşdırma və ya dildəki incəliklər sualın başa düşülməsini çətinləşdirə, nəticə olaraq şagirdin səhv cavab verməsinə səbəb ola bilər.
Digər tərəfdən, psixoloji və sosial faktorlar da nəticələrə birbaşa təsir göstərir. 2 mart imtahanı ilə 9 mart imtahanı arasında yerləşən həftə ərzində informasiya yayımı, sual nümunələrinin sosial şəbəkələrdə müzakirəsi, repetitorlar tərəfindən təhlillərin verilməsi və ictimai rəyin formalaşması abituriyentlərin hazırlaşma dinamikasını dəyişdirə bilər. Bununla yanaşı, siniflərin iqlim şəraiti, imtahan binasında olan rahatlıq və ya nəqliyyat problemləri də fərdi performansa təsirsiz ötüşmür. Dünya təcrübəsində - məsələn, Finlandiya, Sinqapur və Almaniya kimi ölkələrdə qiymətləndirmə yalnız test əsasında deyil, portfel, layihə və təqdimatlarla da aparıldığı üçün bu cür texniki dəyişkənliklərin təsiri daha azdır".
Kamran Əsədov qeyd edib ki, bununla belə, hər iki imtahanda 300 bal toplayanların ümumi sayının 43 nəfər olması onu göstərir ki, sistem daxilində müəyyən sabitlik var və sualların fərqliliyi tam keyfiyyət uçurumu yaratmayıb: “Bu müsbət göstəricidir və imtahan sisteminin bir qədər balanslı şəkildə işlədiyini göstərir. Eyni zamanda, bu, hazırlıqlı və planlı çalışan abituriyentlərin sistem daxilində uğur qazana biləcəyinin sübutudur. Bu aspektdə müsbət nəticə əldə edənlərin məktəb və rayon üzrə coğrafiyası da təhlil olunarsa, nəticələr üzrə bölgələrarası fərqlər, hazırlıq mühitinin rolu və sosial bərabərsizlik daha dəqiq müşahidə oluna bilər.
İmtahan nəticələrinin keçid ballarına təsiri məsələsinə gəldikdə isə, burada əsas faktor maksimum bal toplayanların sayı deyil, orta nəticə göstəricisidir. Əgər bu il 100-250 bal aralığında toplanmış nəticələrdə artım müşahidə olunarsa, bu keçid ballarının müəyyən ixtisas qruplarında yüksəlməsinə səbəb ola bilər. Xüsusilə rəqabətin yüksək olduğu I və IV ixtisas qruplarında keçid balının 2-5 bal arası artımı mümkündür. Lakin bu, yalnız ikinci mərhələ nəticələri və plan yerlərinin sayı ilə bağlı yekun təhlildən sonra dəqiqləşə bilər.
Hazırda ən vacib dəyişməli olan məsələ imtahanların sual strukturunun sabitləşməsi, çətinlik səviyyəsinin əvvəlcədən müəyyən olunması və ictimaiyyətə bu barədə açıq hesabat verilməsidir. DİM tərəfindən test kitabçalarının və cavabların ictimaiyyətə təqdim olunması, şagirdlərin və müəllimlərin bu sualları təhlil edə bilməsi, eyni zamanda şəffaflıq baxımından vacibdir. Əks halda ictimaiyyətin gözündə eyni imtahanın fərqli səviyyədə olduğu görüntüsü imtahanlara olan etimadı zədələyəcək.
Nəticə etibarilə, 2025-ci ildə keçirilmiş buraxılış imtahanları arasında ciddi uçurum olmasa da, sual tiplərində və abituriyentlərin hazırlıq səviyyəsindəki dəyişikliklər nəticələrə qismən təsir göstərib. Bu, dövlət imtahanlarının obyektivliyi və ədalətliliyi mövzusunda daim yenilənən təhlil və nəzarət mexanizmlərinin zəruriliyini bir daha təsdiqləyir. Təhsil sistemi bu təhlilləri əsas tutaraq həm qiymətləndirmə modelini təkmilləşdirməli, həm də abituriyentlərə psixoloji və metodik dəstəyi artırmalıdır. Belə olduqda nəticələr yalnız statistik deyil, həm də ədalətli və dayanıqlı olar".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ