İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müəllimlər də şagirdlər kimi vahid formaya keçsin” - Ekspertdən çağırış

“Samux rayonu, Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə kollektivin vahid məktəb geyimi formasına keçməsi təqdirəlayiq məqamdır. Çünki biz hər il vahid məktəblərdə müəllimlər, yəni pedaqoji heyət arasında geyim forması ilə bağlı müzakirələr aparırıq. Könül istər ki, pedaqoji heyətin də vahid geyimi olsun”.

Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

EFENDİ.jpg (31 KB)

Ekspert qeyd edib ki, burada hər kəsin bərabərliyinə ilk növbədə maraq var, ikinci növbədə isə geyim formasında konkret olaraq hansısa müəllimin məktəbə uyğun geyinməməsi ilə bağlı dedi-qoduların qarşısı alınır:

“Ona görə də vahid geyim formasının olması həm ümumi olaraq məktəbin imici, reputasiyası baxımından uyğun bir qərar olar. Bu, doğrudur, bir neçə məktəbdə və yaxud bir neçə özəl liseydə də görürük. Özəl təhsil məktəblərində görürük ki, onlar konkret olaraq vahid geyim formasından istifadə edirlər və olduqca gəşəng, səliqəli görünür. Düşünürəm ki, bunun bütün təhsil müəssisələrinə tətbiqi ən azından görüntü baxımından müsbət təsirlər göstərə bilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, gələcəkdə vahid məktəb geyimi formasına keçid yaxşı ola bilər”.

Elçin Əfəndinin sözlərinə əsasən, dünya praktikasına baxanda da istər Şərq ölkələri – Yaponiya, Cənubi Koreya, Sinqapur kimi, eləcə də Avropa ölkələrinin bir neçəsində məktəblərdə vahid geyim forması mövcuddur:

“Yəni təhsil verənlərin özlərinə məxsus geyim formaları var. Bu, daha çox dünya praktikasında əsasən özəl məktəblərdə özünü göstərir. Lakin dövlət məktəblərində də təbii ki, vahid geyim forması tətbiq olunur.

Bizim ölkədə təhsil verənlərin vahid məktəb geyim formasına keçməsi olduqca müsbət qarşılanar”.

Xatırladaq ki, Samux rayonu, Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025–2026-cı tədris ilindən vahid məktəb geyimi formasından istifadə edəcəyini bildiriblər. Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib.

Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk. Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur.

Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur. Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR