İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölüm taciri" siyasətə qoşulur - Yeni karyera planı BƏLLİ OLDU

Ultramillətçi siyasi partiya olan Liberal Demokrat Partiyasının lideri Leonid Slutski ABŞ-la Rusiya arasında həyata keçirilmiş məhbus mübadiləsi çərçivəsində azadlığa çıxan silah taciri Viktor Butu partiyaya üzv qəbul edib.

Musavat.com xəbər verir ki, Slutski "Ölüm taciri"ni müasir Rusiyada mübarizə simvoluna çevrilmiş cəsur bir insan kimi xarakterizə edib.

But Moskvaya gəldikdən sonra əvvəlcə Russia Today News agentliyinin jurnalisti Mariya Butina ilə görüşüb. ABŞ-dakı prosesdən danışan silah alverçisi Kremlpərəst jurnalistə hər zaman Putini dəstəklədiyini və həbsdə olarkən Putinin şəklini divardan asdığını deyib.

“Mən fəxr edirəm ki, mən rusam və Putin bizim prezidentimizdir. Bilirəm ki, Ukraynadakı müharibədə qalib gələcəyik" - o bildirib.

but.jpg (55 KB)

Rusiya hərbi kəşfiyyat xidməti ilə əlaqələri olan, təqaüdçü sovet pilotu But deyib ki, əgər “lazım olan bacarıqlara” malik olsaydı, könüllü şəkildə cəbhədə döyüşərdi.

Rusiya dövlətinin nəzarətində olan media orqanları tərəfindən davamlı olaraq qanuni iş adamı kimi təqdim edilən 56 yaşlı "Ölüm taciri" 2008-ci ildə Taylandda on milyonlarla dollar dəyərində silah satmaqda ittiham edilərək həbs olunub. 14 ildir ABŞ-da həbsdə olan But Rusiyada narkotik ittihamı ilə 10 aydır həbsdə olan basketbolçu Brittni Qrinerlə mübadilə edilib.

Butun partiyaya üzv qəbul edilməsi onun parlament kürsüsündə əyləşmək arzusunda olması kimi iddialara səbəb olub. Lakin "Ölüm taciri" jurnalistlərə deyib ki, hər hansı bir seçkidə iştirak etmək niyyətində deyil.

Silah alverçisinin siyasətə gəlməsini "Vaqner Qrupu"nu quran rusiyalı oliqarx və Putinin yaxın dostu Yevgeni Priqojin müsbət qarşılayıb və onu təbrik edib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR