İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə D kateqoriyalı sürücü qıtlığı - iki mühüm səbəb    

Avtobus sürücülərinin xaricə kütləvi axını...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir müddət əvvəl təkcə “BakuBus” şirkətinə 1000-dən artıq D kateqoriyalı sürücüyə ehtiyac olduğunu açıqlamışdı. 

Son 24 ayda avtobus sürücülərinin xaricə kütləvi axını müşahidə edilir. Yüksək maaş yüzlərlə sürücünü cəlb edir və onlar ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar. Burada 800 manat ala bilənlər, orada 3000 manatdan çox qazanırlar, hətta ayda 5 min manata yaxın maaş alanlar da var. Ekspertlərə görə, aidiyyəti qurumlar müəyyən planlar işləyib hazırlamalıdırlar ki, sürücülərin də normal maddi təminatları olsun və xaricə getməsinlər. 

İkinci mühüm məsələ ekspertlərə görə, hazırda bekar qalan taksi sürücülərinin çoxunun avtobus idarə etmək üçün müvafiq kateqoriyası olmamasıdır. O da bildirilir ki, D kateqoriyasını oxuyub imtahan verərək almaq çox çətindir. 

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

Natiq Ələsgərov 

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib  ki, son 10 ildə Azərbaycanda ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması üçün addımlar atılıb. Lakin ümumilikdə çox ciddi problemlər hələ də qalmaqdadır: “Müasir avtobuslar alınaraq ölkəyə gətirilib. Avtobuslar üçün ayrıca zolaqlar müəyyən olunub. Amma zaman göstərdi ki, şəhər nəqliyyatının inkişafı üçün nəqliyyat infrastrukturun qənaətbəxş olması ilə yanaşı peşəkar sürücü bazasının formalaşdırılması da lazımdır: "Əlbəttə ki, bu sahənin sürücülərinin peşəkarlığı yüksək səviyyədə olmalıdır. Onların peşəkarlığı təkcə nəqliyyat vasitələrini idarə etməklə deyil, onların mədəni davranışı ilə də şərtlənməlidir. Sürücülərə kateqoriya verilməsi də sadələşdirilməlidir. İmtahandan lazımsız, sovet dövründən qalma, o zamanın tələblərinə uyğun suallar çıxarılmalıdır. Həmin suallar müasir, “beyni” olan avtobusların texniki göstəricilərinə heç bir aidiyyəti yoxdur. Sürücülərin praktik bilikləri önə çıxarılmalı, davranışları əsas götürülməldir. Əgər sürücünün praktiki bilikləri yüksək səviyyədədirsə, davranışında qüsurlar varsa, qeyri-insani prinsiplərə uyğun davranırsa, bu və ya digər mənada insanların maraqlarına zidd hərəkətlər edirsə, təbii ki, belə sürücülər ictimai nəqliyyatdan uzaq saxlanılmalıdır". 

Natiq Ələsgərov deyib ki, ölkədə sürücü bazası var, amma həmin bazanın zamanla yenilənməsi də vacibdir: “Peşəkarlıq daima artırılmalıdır. Ölkədə hər gün yol infrastrukturu dəyişir, yeni yollar salınır, yeni yol nişanları tətbiq olunur, yeni marşrutlar müəyyən olunur. Sürücülər avtobusların salonlarında sərnişinlərlə davranma, ekstremal şəraitdən çıxmaq vərdişlərinə sahib  olmalıdırlar. Sərnişin tərəfindən sürücüyə sərgilənən sərt davranışa eyni tərzdə qarşılıq verməməlidir. İctimai nəqliyyatda sürücü işləmək məsuliyyət, dözüm tələb edir. Bu gün D kateqoriyalı sürücülər 1000 manata işləmirlər. Belə maaş onları qane etmir. Çünki tələblər yüksəkdir, maaş isə bu tələblərə uyğun deyil. Ona görə də avtobus sürücülərinin xaricə kütləvi axını  var. Gedib 3-5 min manata işləyir, ildə 1-2 dəfə ölkəyə gəlib gəzib qayıdıb gedirlər. D kateqoriyaları sürücülərə ehtiyac var, amma həmin ehtiyaca uyğun əmək haqqı verilmir. Ona görə də xaricə axışırlar, ölkədə də sürücü tapılmır”.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Sputnik Azərbaycan”a bildirib ki, əvvəllər avtobus sürücüləri planla işlədiklərindən, bu işdə çalışmaq onlara sərf edirdi: “Onlar qoyulan planı ödədikdən sonra əldə etdikləri gəlir özlərinə qalırdı. Amma avtobuslar kart sisteminə keçdikdən sonra plan ləğv edildi. Hazırda 70 faiz avtobus kart sistemi ilə işləyir. Kart sistemində isə maaş 800-1000 manat olduğundan, bu, sürücüləri qane etmir. Ona görə də avtobus sürücülərinin kütləvi axını xaricə müşahidə edilir. Polşaya üz tutan avtobus sürücüləri ayda 5 min manata yaxın maaş alır. Onları xaricə getdiklərinə görə qınamaq da olmaz. Çünki orada təminatları daha yaxşıdır”. 

Ekspert bildirib ki, nazirlik tərəfindən avtobus sürücüləri üçün pulsuz təlimlər keçirilsə də, bu layihəyə maraq az olub. Avtobus sürücüsü olmaq üçün heç 50 nəfər müraciət etməyib. İşsiz taksi sürücülərini avtobus sürücülüyünə cəlb etməyin əsas yolu bu peşədə əmək haqqının yüksəldilməsidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Hazırda təkcə "BakuBus" MMC-də sürücülər üçün 1000-ə yaxın yeni iş yeri yaradılır.

“Əmək Məcəlləsinə uyğun olaraq sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur. Sürücülərin sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Nümunəvi fəaliyyətə görə, daha dəqiq desək, neqativ halların və cərimələrin olmamasına görə sürücülər aylıq mükafatlandırılacaq. Sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər” - AYNA-dan bildirilib.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR