İnsanlara hürriyət, millətlərə istiqlal!

Ogün Özdemir hələ də Azərbaycanda oturum ala bilmir – İrəvanda cinayət işi açılıb, Baklda isə ...küləklər əsir - VİDEO ŞİKAYƏT

Mart ayında İrəvana səfər edən və Ermənistan paytaxtının mərkəzindən “Bura Qərbi Azərbaycandır!” deyən Ogün Özdemir yeni video müraciət yayıb.

"İrəvandan "Yerazlara salam", deyən, cəsur və şirin çıxışı ilə xalqımızın rəğbətini qazanan Ogün Özdemir Türkiyə vətəndaşıdır, riyaziyyat müəllimidir, Bakıya işə dəvət edilib, lakin aylardır iş oturumu ala bilmir.

Musavat.com xatırladır ki, o zamanlar yayımlanan bu cəsarətli çıxış ona Azərbaycan xalqının qəlbində dərin simpatiya qazandırmışdı.

Ogün Özdemir həmin çıxışında Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımıza səslənərək onlara həmrəylik mesajı göndərmiş, Azərbaycan dilini mükəmməl şəkildə istifadə edərək milliyyətçi mövqeyini açıq ifadə etmişdi. Musavat Media Qrupu həmin dövrdə bu çıxışı geniş şəkildə işıqlandırmış və Rauf Arifoğlu məsələni şəxsi təşəbbüsü ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova da çatdırmışdı. Xidmətdən isə Ogün Özdemirin müraciətinə diqqətlə baxılacağı barədə müsbət siqnal alınmışdı.

Lakin təəssüf ki, aradan keçən aylara baxmayaraq, Ogün Özdemirin Azərbaycanda oturum alma problemi hələ də həll olunmayıb. Müəllim son paylaşdığı videomüraciətində bildirir ki, Azərbaycanı öz vətəni hesab edir, buranı təkcə sevdiyi bir ölkə kimi deyil, həm də mənəvi borclu olduğu torpaq kimi görür. O qeyd edir ki, məktəblərdən birinə müəllim kimi dəvət olunsa da, rəsmi oturum sənədi olmadığı üçün bu imkandan yararlana bilmir.

Ogün Özdemir müraciətində Azərbaycan xalqına və müvafiq dövlət qurumlarına minnətdarlığını ifadə edir və bildirir ki, heç bir ölkədə Azərbaycana olduğu qədər yaxınlıq hiss etməyib. Eyni zamanda, Azərbaycana səmimi sevgisinin və bağlılığının yalnız sözlə deyil, əməl ilə də sübut olunduğunu vurğulayır.

Musavat.com olaraq bir daha bu məsələyə diqqət yetirir, Azərbaycan dövləti və müvafiq qurumların – xüsusilə Dövlət Miqrasiya Xidmətinin – bu məsələdə daha çevik və həssas davranacağına ümid edirik. Ogün kimi səmimi, milliyyətçi və təbliğat gücünə sahib müəllimlərin Azərbaycanda qalmasına şərait yaratmaq, həm də milli təbliğatın güclənməsi üçün vacibdir.

Musavat Media Qrupu Ogün Özdemirin son videomüraciətini də təqdim edir və məsələni diqqətdə saxlayacağını bildirir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR