İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğrular evi bu üsulla yarır - kibrit çöpü, işıqpulu qəbzi...

Sabiq polis rəisi ölkədə oğurluq cinayətlərinin artmasının səbəblərini izah edir

2023-cü ildə cinayətkarlığın dinamikasında cüzi artım müşahidə olunub. Ən çox rast gəlinən cinayət oğurluqdur. Bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib. “Ötən il 6 min 951 oğurluq hadisəsi baş verib”, - deyə Kamran Əliyev əlavə edib. 

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, oğurluq hallarının artmasının bir çox amillərlə bağlıdır: “Ehtiyaca görə oğurluq edənlər var. Məsələn, maddi imkanı yoxdur, mağazaya girib oradan yemək-içmək oğurlayanlar var. Narkomanlar var, onlar üçün də zamanın heç bir anlamı yoxdur. Onlar, sadəcə, doza almaq üçün dayanmadan hər cür cinayətə əl atmağa hazırdırlar. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini qoruyub saxlamaqdadır. Kriminogen durum fasiləsiz izlənir. Cinayətlərin açılması yaxşılaşıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdədir. Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, həbsdə olub deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarını tərkibində qiyməti 3 manat olan metala görə oğurlayanlar var”.

GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev

Mahmud Hacıyev

M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır: “Bu gün aydınlaşdırılmalıdır ki, əvvəllər məhkumluq həyatı yaşamayan insanlar 15-20 manat dəyəri olan ərzaq məhsullarını niyə oğurlayırlar? Müəyyən obyektiv səbəbləri var və fakt göz qabağındadır. Əhalinin gəlirləri ilə xərcləri arasında uçurum var. Əhalinin kredit borcları artıb. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli, tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu faktları daha çox artır.  Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.

Mahmud Hacıyev bildirib ki, oğurluq etmiş şəxslərin həbs edilməsi çıxış yolu deyil: “Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması problemin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib "zona" qayıdır. Bunun müsbət nəticəsi yoxdur. Ona görə də iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyəti qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu, hökumət səviyyəsində həll edilməlidir". 

Mahmud Hacıyev deyir ki, oğurluq həm də ev sahiblərinin diqqətsizliyindən və əsasən yay aylarında qeydə alınır: “Dünya ölkələrində oğurluq statistikası daha çox siyasi baxımdan qarışıq günlərdə, eləcə də iqtisadi böhran ərəfəsində özünü göstərir. Kasıblıq bütün təbəqələri sıxdığı zaman oğrular xüsusən aktivləşirlər. Heç kimə sirr deyil ki, oğruların ən böyük "silah"ı evlərin qapısına sıxışdırılmış elektrik, qaz borcları qəbzləridir. Onlar bu qəbzlərə əsasən ev sahiblərinin evdə olmadığını müəyyənləşdirirlər. Tutaq ki, həmin qəbz 3 gün ardıcıl qapıya dürtülmüş halda qalırsa, deməli, ev sahibi həmin günlərdə evə gəlməyib. Oğrular sahibinin evdə olmadığından şübhələndikləri evin qapısı ağzına özləri kibrit çöpü və ya başqa  bir buna oxşar nişan qoyur. Növbəti gün nişan yerdədirsə, deməli, ev sahibi evdədir. Deyilsə, deməli, evdə kimsə yoxdur. İş başına keçə bilərlər. Ona görə də evdən uzunmüddətli gedəndə güvəndiyiniz qohumlara və qonşulara evə nəzarət etmələrini tapşırın. Bundan başqa, hər ehtimala qarşı tətilə çıxmazdan əvvəl dəyərli əşyaları özünüzlə götürün. Belə sadə qaydalara əməl etsəniz, cinayətlərin obyekti olmaq ehtimalınız da az olar".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR