İnsanlara hürriyət, millətlərə istiqlal!

Odlu silah vətəndaşların əlinə necə keçir?

Ekspert: “Aşkarlanan silahların əksəriyyəti 90-cı illərdən qalıb”

Azərbaycanda elə gün yoxdur ki, polis əməkdaşları qanunsuz saxlanan silah-sursat aşkarlamasınlar. Bu barədə demək olar ki, hər gün rəsmi məlumat verilir.

Azərbaycan Ermənistanla 30 il müharibə şəraitində olub. Həmin dövrdə xüsusilə sərhəd bölgələrində insanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə edirdilər. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının 5-ci ili tamamlanır. Vaxtilə müxtəlif yollarla silah əldə edənlərin bir çoxu onu könüllü surətdə təhvil verib. Əlbəttə, həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var.

Qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.

Daxili İşlər Nazirliyinin xəbərində deyilir ki, bu ilin 9 ayı ərzində əhalidən 4181 ədəd odlu silah götürülüb. Onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub. 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.

DİN əhaliyə müraciət edərək qanunsuz silahları könüllü olaraq polisə təqdim etməyə çağırıb.

Maraqlıdır ki, bu qədər silah insanlarda haradandır? Onlar bunu necə əldə edirlər? Müharibədən sonra saxlanmış silahların olması mümkündürmü?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

 Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra Heydər Əliyev şəxsən göstəriş verib ki, bütün silahlar vətəndaşlardan yığılsın: “O zaman dövlət başçısı demişdi ki, silahları könüllü təhvil verənlər əfv olunur və heç bir məsuliyyət daşımır. Daxili İşlər Nazirliyinə və hərbi polisə bu barədə xüsusi göstəriş verilmişdi. Çünki müharibədən sonra evlərdə xeyli silahlar qalmışdı. Xalq Cəbhəsinin dövründə də sovet dövründən qalma silahlar var idi və onlar könüllülərə qeydiyyatsız paylanmışdı. 1995-ci ildə silahların yığılması prosesinə start verildi. Könüllü təhvil verənlər məsuliyyətə cəlb edilmədi. Lakin bəzi adamlar silahları müxtəlif yerlərdə gizlətdilər. Biz araşdırma aparan zaman Kür çayının yatağından 17 ədəd "AK-74" avtomatı aşkarladıq. Onları salafanda çayın dibində basdırmışdılar. Yəni bu proses daim olub və hər müharibədən sonra belə silahlar ələ keçir. Bu gün də Azərbaycanda qeydiyyatsız silahlar var və onlar ordumuzun balansında deyil. Bu silahlar müəyyən zaman-zaman ələ keçib. Hazırda DİN əməliyyatlar keçirərək, həmin silahları aşkarlayır və yığır. 44 günlük Vətən müharibəsindən sonra DİN görünür, nəsə aşkar edib ki, bu prosesə yenidən başlayıb. İnsanlar da artıq başa düşürlər ki, təhlükə yoxdur və silahlara ehtiyac qalmayıb. İnsanların müəyyən qismi indi həmin silahları təhvil verməyə qorxur, digər qism isə anonim zənglərlə yerlərini bildirir. Müəyyən silahlar isə əməliyyat nəticəsində aşkarlanır. Güman edirəm ki, bunlar köhnədən qalma silahlardır. Vətən müharibəsindən sonra Azərbaycan ərazisində təhlükə olmadığına görə silahları toplamaq qərarı yenidən verilib".

Ekspert odlu silahların satılması ilə bağlı məsələyə da toxunub. O bildirib ki, ölkəmizdə yalnız ov silahlarının satışına müəyyən şərtlərlə icazə verilir: “Bütün ov silahları ovla bağlı dükanlarda satılır. Həmin silahlar ərazilərin polis idarələrində qeydiyyata alınır. 5 güllədən yuxarı olan silahlarla bağlı isə DİN-in özü qərar verir. Hər bir ov silahı DİN-in nəzarətindədir. Ölkəmizdə aşkarlanan silahların əksəriyyəti köhnədir və 90-cı illərdən qalıb. Aşkarlanan silahlar cürbəcür olur. Buraya əl qumbaraları, sovet dövründən qalma tapançalar, "Kalaşnikov" silahları, tank əleyhinə minlar daxildir.

Bu cür silahların evdə saxlanılması böyük risk və təhlükədir. Vətəndaş silahı həyətində gizlədirsə, mütləq bir gün digər şəxs tərəfindən tapılacaq və hansısa hadisə baş verəcək. Biz təcrübədə o qədər qarşılaşmışıq ki, kimsə silah tapıb və onunla davranış qaydalarını bilmədiyinə görə özünə zərər verib.

Qanunsuz odlu silahların saxlanılması cəmiyyət üçün real təhlükədir. Belə silahlar istənilən anda münaqişə, ailədaxili zorakılıq və ya təsadüfi insident zamanı ölümə səbəb ola bilər. Hər bir tapança və ya avtomat potensial faciədir. Bu baxımdan daxili işlər orqanları silahların könüllü təhvil verilməsi istiqamətində profilaktik tədbirləri gücləndirib. Hər ay keçirilən əməliyyat-axtarış tədbirlərində onlarla odlu silah aşkarlanır, yüzlərlə vətəndaş silahı könüllü qaydada polisə təhvil verir".

Ekspert deyir ki, qanunsuz silahların yığılması yalnız əməliyyat tədbirləri ilə mümkün deyil. Burada sosial psixologiya, ictimai etimad və təhlükəsizlik düşüncəsinin dəyişməsi əsas rol oynayır. Məsələn, bəzi ölkələrdə könüllü təhvilvermə kampaniyaları zamanı silah verənlərə müəyyən maddi stimullar tətbiq edilir. Digər yerlərdə isə tam anonimlik təmin olunur. Azərbaycanda da bu yanaşmalar genişləndirilsə, nəticələr daha təsirli ola bilər.

Qələbədən beş il ötür, amma müharibənin izləri hələ də bəzi evlərdə, anbarlarda, bağ evlərinin küncündə gizlənmiş odlu silah şəklində yaşayır. Hər bir belə silah sabah baş verəcək faciənin səbəbi ola bilər.

Silahı gizlətmək qəhrəmanlıq deyil, təhlükədir. Onu könüllü şəkildə təhvil vermək isə həm vətəndaş məsuliyyəti, həm də dövlətə, qonşuya, ailəyə qarşı hörmət deməkdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR