İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ödənişi kartla etdim deyə sürücü məni təhqir etdi...” - "Uber" sürücüsündən özbaşınalıq

"Yeni Günəşli qəsəbəsindən "Gənclik Mall"a "Uber"lə taksi sifariş etmişdim. Maşında tüstü əlindən nəfəs almaq mümkün deyildi. Taksi sürücüsündən siqaret çəkməməyi xahiş etdim. Mənim bu xahişim xoşuna gəlmədi, kobud şəkildə "sizə VIP xidmət göstərməli deyiləm”, - deyə cavab verdi. Bu azmış kimi, yolpulunu əvvəlcədən vermək üçün 50 manata xırdasının olub-olmadığını soruşdum. Buna da sərt şəkildə, “yoxdur”, dedi. Kartına göndərmək istədim, kartı da yox idi. Mən də məcbur olub, telefonla ödənişi karta keçirdim və kartımdan pul çıxdı. Sürücü bunu biləndə məni o ki var təhqir etdi. Daha sonra məni gedəcəyim ünvana aparmaqdan imtina etdi və  tamam uyğunsuz bir yerdə düşürdü".

Bunu “Yeni Müsavat”a Bakı sakini Nigar Əliyeva bildirib. O, başına gələn hadisədən sonra hiddətləndiyini bildirib, “Qara rəngli "Toyota Prius" avtomobilinin sürücü Ələsgərov Azərlə bağlı aidiyyəti qurumların ölçü götürməsini xahiş edib.

Yalnız Nigar deyil, zaman-zaman digər vətəndaşlar da taksi xidmətlərinin fəaliyyətindən narazılıq edirlər. Amma hələ ki bununla bağlı əməli tədbirlərin görülmədiyinin şahidiyik. Bütün bu problemlərin həll edilməsi üçün yaxınlarda vahid taksi xidmətinin yaradılacağı da deyilirdi. Amma  rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil. O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır: “Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər”.

Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: “Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər”.

Hümmətov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakıda və rayonlarda qanunsuz sərnişindaşınma ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, qanunsuz sərnişindaşınma şəhərdaxili və regionlarda da var: “Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir. Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir”.

O əlavə edib ki, hazırda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin də çoxu standartlara cavab vermir: “Hər bir ölkədə icazə tələb olunur. Bu fəaliyyətlə məşğul olması üçün tələblər və qaydalar müəyyənləşir. Bir ildən artıqdır bu məsələlərlə bağlı müzakirələr gedir. Bununla bağlı yaxın vaxtda layihə təqdim edəcəyik”.

Ekspert: Payız aylarında Azərbaycanda avtomobillər bahalaşacaq

Nəqliyyat eksperti: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs qeyri-nağd ödəməni qəbul etməyə borcludur”

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a dedi ki, Bakı şəhərində taksi xidmətinin fəaliyyətini tənzimləyən qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyidir: “Bilirsiniz ki, bu gün taksi fəaliyyəti çox liberaldır. Bundan sui-istifadə edən vətəndaşlarımız da var. Onlar taksi şirkəti ilə öncədən şərtlər əsasında işləməyə başlayırlar. Bu sövdələşmədə əsas şərtlərdən biri odur ki, həmin taksi sürücüsü öhdəliyinə götürür ki, o, sərnişinləri həmçinin qeyri-nağd, yəni kartla daşınmasını həyata keçirəcək. Lakin sonra vətəndaş taksi sifariş edib əyləşdikdə belə hallar olur ki, sürücü kartla ödənişi qəbul etmir, nağd ödəməni tələb edir. Bu, artıq ikitərəfli qanun pozuntusudur. Çünki Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hər bir kəs qeyri-nağd ödəməni qəbul etməyə borcludur. Bunun əksinə gedən şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Bundan əlavə, həmin sürücü taksi operatorunu da pis vəziyyətdə qoyur. Çünki taksi operatoru şirkəti məsuliyyət daşıyır. Belə hallarla qarşılaşan sərnişinlərə tövsiyəmiz odur ki, ilk olaraq həmin taksi şirkətinə şikayət yönləndirir. Yaxşı olar ki, bu yazılı formada olsun. Daha sonra BNA-ya şikayətini göndərir. İstehlak Bazarına Nəzarət və Antiinhisar Agentliyinə və Vergi Xidmətinə də şikayətini göndərsə yaxşı olar. İlk növbədə həmin qurumların "qaynar xətt"inə zəng vurmaq da mümkündür. Əgər "qaynar xətt"dən ərizə tələb olunarsa,  vətəndaşın hüququ var, ofisə getmədən yazıb elektron formada ərizəni göndərə bilər. Hazırda taksi şirkətinin fəaliyyətini tənzimləyən o qurumlar təəssüf ki, əməli işlər görə bilmirlər".

Ekspert qeyd etdi ki, Azərbaycanda vahid taksi xidməti onsuz da mövcuddur: “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi bunu tənzimləyir, ümumi Azərbaycan üzrə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir. Bu sistem artıq mövcuddur. Bu iki qurum cavabdehlik daşıyır. Vətəndaşın istehlakçı kimi hüquqları pozulubsa, bu qurumlara, eyni zamanda Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng vurulmalıdır. Sərnişinin hüquqları pozulubsa, onun şərəf və ləyaqəti alçaldılıbsa, DİN-ə müraciət etməlidir. "Uber", "Bolt" kimi şirkətlər Azərbaycanda qeydiyyatdan keçir. Aidiyyəti qurumlar bu şirkətlərin fəaliyyətinə nəzarət etməlidir". 

Bakı Xəbər - İctimai Siyasi Qəzet

BNA sözçüsü: “Bunların hamısı qanunsuz fəaliyyət göstərən sürücülərdir”

Ekspertin sözlərinə görə, əgər sürücü qeyri-nağd ödəmələri qəbul etmirsə, o zaman sərnişinin haqqı var ki, ödəniş etmədən çıxıb getsin. ""İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanuna görə,  belə hal baş verərsə, həmin sərnişinin ixtiyarı var ki, ümumiyyətlə, ödəniş etmədən düşsün. Əgər nağd ödəniş qəbul edilmirsə, sərnişinin haqqı var ki, ödəniş etməsin. Həmin o nağd qeyri-nağd xidmətlərin qəbul etdiyini əvvəlcədən elan edib".

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, bunlar hamısı qanunsuz fəaliyyət göstərən sürücülərdir: “Bununla bağlı polisə, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Bizim qurum bu məsələyə baxmır, xaotik vəziyyət yaranıb, polisə müraciət etsinlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR