İnsanlara hürriyət, millətlərə istiqlal!

Nou-xau dünyasının nəxunəkləri

 

Sosial şəbəkə dostlarım hər gün yazırlar, burada Füsun Tümsavaş adlı bir şəxs var, qadındır, kişidir, bəlli deyil, aylardır, hər gün azərbaycanlı userlərə dostluq təklifi göndərir. Silirlər, bloklayırlar, xeyri yoxdur, başqa adla yeni səhifə açır, mötərizədə köhnə ad-soyadını da qeyd edir, yenə dostluq göndərir. Hər gün səhər yüzlərlə azərbaycanlının işi bu şəxsin dostluq təklifini rədd etməkdir.

Aydındır, o, hər kimdirsə, beynəlxalq miqyaslı dələduzdur, dostluq qura bildiyi adamların hamısına bankda yatıb qalan milyonlarını vermək istəyir, yiyə duran yoxdur. Tümsavaşın tüm savaşı ondan ötrüdür, başqalarını milyonçu etmək istərkən necəsə bir fənd işlədib özü də milyonçu olmaq istəyir. Amma gəlib pis yerə ilişib, bu ölkədə onun toruna düşəcək adam yoxdur. Varsa da, bizdən deyil.

Nigeriyalı, perulu, indoneziyalı, ekvadorlu “xeyriyyəçi”ləri yeni-yeni başa salmışıq ki, bizdə dələduzlara qapdırılası pul yoxdur. Rəhmətliyin nəvələri, öz dələduzlarımıza nə gəlib, şeytana papış tikirlər. Yəni biz o qədər avam olacağıq ki, Nigeriyadan qarmaq atıb hesabımızdakı 3-5 manatı çəkəcəksiz?

Budur, DİN xəbər yayıb ki, Dadaşov soyadlı bir nəfər Bakıda ucuz qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında vətəndaşları aldadıb və polis əməkdaşları tərəfindən saxlanılıb. Xəbərdə deyilir ki, şübhəli şəxs sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq vətəndaşların pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.

Bir o olsa, nə vardı ki? Srağagün xəbər yayılmışdı ki, ehtiyatlı olun, dələduzlar zəng edib hansısa cinayətdə iştirakçı olduğunuzu deyir, işi qapatmaq üçün pul tələb edirlər.

Təsəvvür edin, neçə vaxtdır ölkədə olmayan, yaxud evində xəstə yatan adama da zəng edirlər ki, adınız filan işdə keçir, 5-10 manat ver, işi bağlayaq. O da qalıb məəttəl ki, nə vaxt harada nə iş görüb.

Bu, xaricdə, əsasən Rusiya və Türkiyədə çoxdan yayılmış dələduzluq növüdür, bizə indi gəlir. O ölkələrdə bu yolla yüzlərlə adamın milyonlarını mənimsəyiblər. Rusiyada aldananların içində təhlükəsizlik generalı da olmuşdu. İki-üç həftə öncə Qazaxıstanda bu cür dələduzlardan 3-4-nü ənsələyib basdılar içəri.

Belə baxanda “əla biznes”dir, oturursan ofisdə, minlərlə adama eyni cür mətn göndərirsən, hər 10 adamdan biri qarmağa düşsə, axşama bir ətək pul yığılır. İzi itirib aradan çıxdınsa, çıxdın, çıxmadınsa, gəlib ünvanına çıxırlar, oradan da başqa ünvana aparırlar.

5-6 il öncə Türkiyədə universitetlərə attestatla tələbə qəbul edənlər vardı,biri 60-dan çox abituiyent valideynini bir dəfəyə aldatmışdı. “Tələbələr” çamadanlarını qablayıb Türkiyəyə getmək üçün ofisin qabağına gələndə görmüşdülər “TQDK”-nın qapısı kilidlidir, “baş menecer”ə də zəng çatmır. O zaman o qədər aldanan adamdan cəmisi 6-sı şikayətçi oldu, yerdə qalanları “it aparan olsun” deyib, 5000+ dolların başından keçdilər. Bununla belə, 200 min dollar qabağa düşmüş fırıldaqçını tutmuşdular və məhkəməsində zərərçəkənlərə demişdi ki, mərdiməzarlıq özünüzə qalacaq, 1-2 il yatıb çıxacam, vətənimin gənclərinə xaricdə təhsil vermək işimi davam etdirəcəyəm.

Dünən baxıram, Votsap nömrəmə bir mesaj gəlib: “Salam, mənim adım Linda, vaxtınızı bir neçə dəqiqə ayıra bilərəm?”.

Hələ cavab verməmişəm, güman ki, Linda hansısa uzaq bir ölkədə ölmüş milyonçu qohumumun öz varidatını mənə miras qoyduğunu xəbər verəcək. İndiyəcən yüzlərlə belə təklif olub, ondan bilirəm. Uzaq qohumlarımda da nə xasiyyətdirsə, gedib xaricdə milyonçu olurlar, heç vaxt xəbər vermirlər, amma avtomobil qəzalarında qırılanda yadlarına mən düşürəm.

Yeni texnologiyalar belədir, insanlara rahatlıqla yanaşı, yeni-yeni çətinliklər də bəxş edir. Gərək avam olmayasan, ayıq-sayıq olasan, hər deyilən sözə inanmayasan, üzünü görmədiyin şəxslərin nə şirnikdirici, nə də təhdidedici mesajlarına güvənməyəsən. Birdəfəlik bilmək lazımdır ki, müftə pendir siçan tələsində olur, əgər tanımadığınız adam sizi 3-5 manat qabağa salmaq istəyirsə, dərhal fikirləşmək lazımdır ki, onun öz qırılmışı yoxdurmu, niyə gedib onlara yardım etmir.

Dünyanın elə bir iri şəhəri yoxdur ki, orada yüzlərlə, minlərlə gənc adam sırf texnoloji dələduzluqlar yoluyla sadə insanları soymaq istəməsinlər. Onların gücü mürəkkəb insanlara çatmır, işləri kasıb-kusubladır.

Bu sırada virtual dilənçilik də var. Bu gün-sabah metro stansiyalarının giriş-çıxışındakı dilənçilər yoxa çıxacaq, virtual fəaliyyətə keçəcəklər. Nou-xau dünyasıdır, nəxunəklər də yaxşı yaşamaq istəyir - əziyyət çəkmədən, tər tökmədən.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR