İnsanlara hürriyət, millətlərə istiqlal!

NONSENS: İrəvan Bakını “təəccübləndirdi” – Daha bir dəfə bunu etsə...

Ermənistan rəsmiləri hər fürsətdə həyasızcasına Azərbaycanı sülhdən yayınan tərəf kimi təqdim eləməkdən yorulmurlar. Sanki dünənin işğalçı dövləti, cəmi bir neçə il qabaq ərazilərimizdən silah gücünə çıxarılan təcavüzkar ölkə Ermənistan deyilmiş.

Öncə baş nazir Nikol Paşinyan, ardınca parlament spikeri Alen Simonyan, son olaraq isə xarici işlər naziri Ararat Mirzəyan beynəlxalq ictimai rəyi əleyhimizə kökləmək üçün az qala dəridən-qabıqdan çıxırlar. Sülhə ən böyük maneənin nə olduğunu hamıdan yaxşı bilə-bilə. Bununla belə, yenə də sənədi imzalamağa hazır olduqlarını, utanmazcasına bircə tarixi və məkanı müəyyən eləmək qaldığını bildirirlər...

İki gün öncə Alen Simonyan İrəvanda özünə müdrik görkəm verərək, ölkəsinin guya Azərbaycandan daha sülhpərvər olduğunu göstərmək üçün ucuz vasitəyə əl atmışdı. Dediyinə görə, Bakı gözləmirmiş ki, İrəvan sülh mətnindəki mübahisəli son iki bəndinə razılıq verər. “Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim son iki mübahisəli bəndə razılığımız Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub”, - erməni spiker özündənrazı şəkildə söyləmişdi...

Şübhəsiz, bu sözlərdə hər şeydən əvvəl Azərbaycan tərəfinə minnət qoymaq cəhdi var. Belə çıxır, Bakı daimi və ədalətli sülhdə maraqlı deyil. Əlbəttə ki, tam əksinədir.

Neçə ildir böyük sülh sazişini torpedalayan məhz İrəvandır. Məhz Azərbaycan 44 günlük Vətən savaşı bitəndən dərhal sonra qarşı tərəfə beynəlxalq hüquq normalarına uyğun sülh sənədi imzalamağı təklif edib. Bundan ötrü 5 baza prinsipi irəli sürüb. Onlar bəlli.

Həmin prinsiplərin heç biri Ermənistanın imza atdığı beynəlxalq öhdəliklərə zidd deyil. O sırada illərdir davam edən danışıqlar prosesi zamanı Bakının haqlı olaraq, İrəvandan öz konstitusiyasından Azərbaycana qarşı torpaq iddiasını çıxarmaqla bağlı şərti bizim yox, olsa-olsa, beynəlxalq hüququn tələbidir! Yəni Azərbaycan XİN-inin də dünən vurğuladığı kimi, belə bir tələb, həmçinin Minsk Qrupu ilə bağlı şərt təzəcə irəli sürülməyib. Lap əvvəldən masada olub...

Bütün bunların üstündən Ermənistan rəhbərliyinin yenə riyakarcasına “Azərbaycan sülh sənədi üçün əlavə şərtlər irəli sürür” bəyanatları heç bir siyasi, hüquqi, mənəvi etikaya sığmır. Halbuki, vurğulandığı kimi, bu, əlavə şərt-zad deyil, böyük sülh üçün vacib olan 1 nömrəli, təməl prinsipin özüdür! Təməl atılmadan ev inşa edilərmi? Edilərsə də, dayanaqlı olarmı?

Odur ki, Azərbaycan gözləyir ki, kapitulyant tərəfə daha bir dəfə yaxşı mənada onu təəccübləndirsin. Yəni özünün “Əsas Qanun”undan ölkəmizə və Türkiyəyə qarşı iddiaları ilə bağlı müddəaları çıxarsın, gerbindən Ağrı dağı (“Ararat”) simvolunu ləğv eləsin, Minsk Qrupu xülyası ilə yaşamasın.

Ən əsası, Ermənistan “dəvəquşu” siyasətinə son qoyub, beynəlxalq rəylə manipulyasiya eləməyi dayandırmalıdır. Çünki bu, dalana aparan bir yoldur və “barıt” qoxusu verir. Hər halda, sülhə, qonşularla barışıq və dinc-yanaşı yaşamağa ən çox erməni xalqının ehtiyacı var.

Ermənilər iqtidarlı-müxalifətli-cəmiyyətli, nəhayət, daşı ətəyindən töküb, başına gələnlərdən doğru-dürüst dərs götürməlidir. Tarixdən ibrət almayanlar onu bir də yaşayır. Erməni xalqı üçün sonuncu şans pəncərəsi bağlanır. Tələsin...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR