İnsanlara hürriyət, millətlərə istiqlal!

“Su üzərinə” atılan imzalar – Putinin imzasını urvatsız edən TƏK səbəb

Ukraynaya qarşı davam edən hərbi təcavüz fonunda Rusiya yüksək çinli rəsmilərinin sülhpərvərlikdən dəm vurması doğrudan da çox eybəcər görünür. Eyni zamanda, əsl siyasi abırsızlıq nümunələridir ki var.

Beynəlxalq hüquqa, elementar qonşuluq prinsiplərinə çoxdan tüpürən rəsmi Moskvanın bu səbəbə heç düz sözünə də inanan qalmayıb. Yalnız Belarus, Şimali Koreya kimi situativ müttəfiqlər, vəssalam. Necə deyərlər, “adın çıxınca canın çıxsa yaxşıdır”...

“Ağlı başında olan insan yaxşı bilir ki, Rusiyanın heç kimə hücum etmək kimi bir istəyi yoxdur və olmayıb”.

Bu heyrətamiz açıqlamanı dünən Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdə verib.

“Biz görürük ki, Rusiyanın guya Avropaya hücum etməyi planlaşdırması ilə bağlı davamlı olaraq isteriya yaradılır. Düşünürəm ki, ağlı başında olanlar üçün bu, anlaşılan bir təxribat və ya tam qeyri-peşəkarlıqdır”, - Putin gileylənib...

Əcəb sözlərdir. 3 il öncə Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs qərarı çıxardığı Kreml başçısı təbii ki, blef edir. Adamdan soruşarlar, bəs qonşu Ukrayna? Onun başına gətirdiyinizin adı nədir? Humanitar əməliyyat?

Acı gerçək budur ki, Rusiya 4 ildir bu ölkəyə qarşı ədalətsiz işğalçı müharibə aparır. Niyə, nə səbəbə? Yoxsa hələ SSRİ dönəmində BMT üzvü olmuş Ukraynanı dövlət saymır?..

Bəllidir ki, Rusiya 1994-cü ildə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ABŞ, Böyük Britaniya və Fransa ilə birgə Budapeşt Memorandumu ilə yazılı zəmanət verib. İndi əgər Kreml öz imzasına məhəl və hörmət qoymursa, Putinin quruca vədinə kim inanar?

Yeri gəlmişkən, Putin vaxtilə Krımın Rusiyaya birləşdirilməsi ideyasını axmaqlıq adlandırmış, belə bir şey olarsa, “postsovet məkanında zəncirvari reaksiyanın və xaosun yarana biləcəyini” söyləmişdi. Amma az sonra özü Krımı ilhaq elədi. İllər sonra isə Ukraynanın başqa ərazilərini hərbi yolla Rusiyaya qatmaq üçün işğalçı müharibəyə başladı...

Odur ki, “Putinin quru vədinə inanmaq olarmı” sualı çoxdan ritorik mahiyyət alıb. Bu mənada Rusiya ilə eyni qitədə, yaxud coğrafiyada yerləşən yaxın-uzaq qonşuların velikoruslar sarıdan ehtiyatlanması və ön tədbirlər görməsi tamamilə əsaslıdır.

Qonşu demiş, Putinin öz imzası duran Moskva Bəyannaməsinə (22.02.2022) məhəl qoymayıb da Azərbaycan kimi bir mühüm strateji tərəfdaş ölkə ilə münasibətləri qəfildən korlaması, - həm də dostlarını sürətlə itirdiyi bir dönəmdə korlaması, - Rusiyanın nə qədər etibarsız olduğunun başqa bariz sübutdur. Bunu maniakalcasına öz ayağına “güllə atmaq” da adlandırmaq olar.

Xülasə, rus rəhbərlərin hansısa beynəlxalq sənədə atdığı imza “su üzərinə” atılmış imza kimidir. Artıq bütün dünya bunu bilir və hamı öz dərsini götürüb...

O ki qaldı Putinin proqnoz elədiyi xaosa, belə bir problemlə elə Rusiya özü qarşılaşacaq. Gec ya tez. Gör onun daxilində nə qədər potensial “Donbas”, “Krım” var, milli muxtar dövlətlər var. Gərək özünə rəva bilmədiyini qonşu dövlətlərə də görməyəsən, əgər ədalətli və adil olmaq istəyirsənsə.

Moskvanın ədalətinə kim inanar əgər Çeçenistan-İçkeriya xalqının müstəqillik mübarizəsini qan gölündə boğub utanmazcasına indi Krım, Donbas, Luqansk əhalisinin öz müqəddəratını təyinetmə haqqından dəm vurursa...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR