Onlayn ictimai-siyasi qəzet
“Problemi dövlətlərarası münasibətlər kontekstində təhlil etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı tərəfindən rəsmi şəkildə qəbul olunan və bu prosesləri məhz onun vasitəsilə həyata keçirməyə çalışan hüquq və səlahiyyətə sahib qurumdur”.
Bu fikirləri Musavat.com-a deputat Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara çağırışına münasibət bildirərkən deyib.
“Belə bir vəziyyətdə insanlar niyə özlərini macəraya yönəldirlər?! Həcc vizası hər hansı konkret bir ölkəyə getmək üçün nəzərdə tutulmuş adi viza deyil. Bu viza müəyyən bir dövr ərzində ibadət prosedurunu həyata keçirmək üçün verilir. Bu səbəbdən də Səudiyyə Ərəbistanı bu vizanı rəsmi viza prosedurundan fərqli bir mexanizm kimi qiymətləndirir və onlar istəyir ki, hər hansı bir ölkədən gələn zəvvarlar ayrı-ayrı şirkətlər vasitəsilə deyil, konkret bir mərkəzdən tənzimlənərək göndərilsin. Bu yanaşma həm də onların işini asanlaşdırır”, - deyə deputat əlavə edib.
Fazil Mustafanın fikrincə, insanlar fərdi şəkildə və ya ayrı-ayrı şirkətlər vasitəsilə getdikdə bunun bədəlini ödəməli olurlar:
“Bu zaman qeyri-qanuni hallarla rastlaşırlarsa, sonradan bunun hüquqi mexanizmlərlə tənzimlənməsini də həyata keçirmək olmur. Bu baxımdan, məncə, məsələ üzərinə gedilməlidir və düşünülməlidir ki, hansı addımlar atılsa, burada daha faydalıdır və sabah mübahisəli olmayan bir vəziyyət yarana bilər. Ona görə də tövsiyə edərdim ki, insanlar riskli, macəralı yolu izləməsinlər, konkret dövlətin də müəyyən dərəcədə zəmanəti ilə tətbiq olunan Həcc prosedurunu elə konkret dövlətin tanıdığı müəssisə vasitəsilə etməyə çalışsınlar.
Biz də bu ziyarətdə olmuşuq, hər halda bu, daha mərkəzləşmiş və daha intizamlı qaydada ziyarətin həyata keçirilməsinə kömək edən vasitələrdən biri olacaq”.
Qeyd edək ki, QMİ Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Bu barədə Modern.az-a QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
“Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib”.
Vüsal Cahangirinin sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, bu, həmin turizm vizasının üzərində də qeyd edilib:
“Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və “qara siyahı”ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar”.
Afaq Mirayiq,
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ