Onlayn ictimai-siyasi qəzet
Açıq və qırmızı şəkildə deyim ki, xalqımızın “rəhmətoxuma” institutundan heç xoşum gəlmir. Kaş belə bir naqis xüsusiyyətimiz olmayaydı.
Söhbət müqayisəli “rəhmətoxuma”dan gedir, yoxsa o birisi ilə işim yoxdur.
Məsələn, olur ki, iki məşhur adam bir-birilə düşmənçilik aparır, bir-birinin ünvanına yaxşı-yaman sözlər deyir, vaxtaşırı qırışırlar. Biri ictimai rəydə, nisbi götürsək, yaxşı adam sayılır, o biri isə yenə nisbilik nəzəriyyəsi ilə - pis adam. Vaxt gəlir, onlardan biri, nisbətən pis adam sayılan ölür, bir qrup adam ağızucu “Allah rəhmət eləsin” deyir, ya demir, bununla da iş bitir. Onların arasında olan düşmənçilik unudulur, müşahidəçilər də rahat nəfəs alır. Amma gün gəlir, sağ qalan və nisbi olaraq yaxşı adam sayılan şəxs nəsə ictimai-siyasi planda qınağa səbəb olan bir söz deyir və ya hərəkət edir, bax, onda bir xeyli adam onun keçmiş düşməninin vaxtilə dediyi sözləri sitat gətirir, mərhuma rəhmət oxumağa başlayır. Bəzən bu “rəhmət arzuları” o qədər çox olur ki, görürsən, bu “rəhmət”ləri ona keçmiş düşməni qazandırıb.
Yəqin ki, bu trendin dünyada analoqu yoxdur, bircə bizdədir, elmi adı da “nisbi rəhmətlər” ola bilər. İndi durub konkret misallar çəkə bilərəm, amma əminəm ki, bu yazını oxuyanların 99,99 faizi söhbətin kimlərdən getdiyini bilir.
Onu da deməyə məcburam ki, bu, olduqca məntiqsiz və yanlış mövqedir. Bu məntiqlə, məsələn, müasir dünyadakı hansısa işğalçı və qəddar diktatora görə Hitlerə, Bokassaya, Stressnerə, Pol Pota, nə biim, Maoya rəhmət oxuyaq? Bir müasir qaniçənin cinayətləri keçmişdəki qaniçənlərin cinayətlərini yumşaldır, bağışlanacaq hala gətirir?
Belə şey ola bilməz. Bu, düzgün qiymətləndirmə deyil. Bugünkü pis adamların pis hərəkətlərini pisləyirsiniz, yaxşı edirsiniz, amma bu keçmişdəki pis adamlara avtomatik olaraq rəhmətlik statusu qazandırmaz.
Eyni şey vəzifədən çıxarılan korrupsionerlə yerinə yeni gələnlərin müqayisəsi zamanı da baş verir.
Xatirinizdə olar, Vasif Talıbovun Naxçıvanın rəhbəri vəzifəsindən çıxarılmasının sutkası tamam olmamış yazmışdılar ki, Allah onun atasına rəhmət eləsin, yerinə gələn... Halbuki onun yerinə qoyulan adam hələ muxtar respublikanın baş kreslosuna oturmamışdı, hələ bir sənədə möhür vurmamışdı, hələ heç halal maaşını da almamışdı, amma onun bir neçə günlük fəaliyyəti artıq Talıbovun 30 illik hökmranlığından betər hesab olunurdu.
Yaxud, dünən baxıram ki, AZAL-ın keçmiş müdiri Cahangir Əsgərovun atasına rəhmət oxuyanlar var. Niyə? Guya ki, onun yerinə gələn şəxs şirkəti artıq batırıb. Belə bir qənaətə gəlmək çox tez deyilmi? Əsgərovun fəaliyyəti, varidatı barədə sadalanan faktlar nə tez unuduldu? Demək, adam vəzifədən çıxan kimi olur Aydan arı, sudan duru?
Hələ bu məsələnin bir tərəfidir. İşdir, hansısa bir yüksək vəzifədən götürülən şəxs müxalifətə meyllənsin, görün, peşəkar və sosial mediada nə tozanaq qopur. İndiyəcən onu ifşa edən fəallar dərhal valın o biri üzünü çevirəcək, adamı “kristal kadr” elan edəcəklər. Bu dəfə də onun sabiq komanda yoldaşları ortaya faktlar qoyacaqlar ki, müəllim dövlətin büdcəsini, xalqın cibini talayıb.
Hərçənd adam müxalifətə meyllənməsəydi, talançı olduğunu ona bağışlayacaqdılar. O ki düz eləmədi, əqidəsini, mövqeyini dəyişdi, demək, ifşaya və cəzaya layiqdir.
Bu baxımdan ağıllı adamlar yüksək vəzifələrdən çıxandan sonra dinc-dinməz şəkildə ya gedib xarici ölkələrdəki bizneslərinin başında dururlar, ya da gedib Ziya müəllim kimi kənddə dana saxlayırlar, daha dəqiqi, saxlatdırırlar. Özləri ayaqlarına kirz çəkmə geyib kürəkeşlə pəyə kürüyəsi deyillər ki.
Amma bəzi ambisiyalı adamlar da var ki, topladıqları varidata qane olmurlar, gözləri vəzifədə qalır, bir az da atalarına rəhmət oxunur, özləri haqqında qulaqlarına tərifli söz dəyir deyə, elə bilirlər, xalq onların bir kəlməsini gözləyir, ayağa qalxıb onları padşah edəcək. Allah atasına rəhmət eləsin, Çörçillin bir sözü var, deyir, hakimiiyət, yüksək vəzifə narkotik kimi bir şeydir, onu bir dəfə dadan həmişəlik zəhərlənir.
Görün, söhbət haradan haraya gəldi. Ondan danışırdıq ki, keçmişdə yaxşı reputasiyaya sahib olmamış adamlara başqa birinin acığına mələk donu geydirmək olmaz.
Kəsəsi, Allah İlhamə Quliyevaya da rəhmət eləsin, Flora Kərimovanın atasına da.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ