Onlayn ictimai-siyasi qəzet
Azər Badamov: “Qazaxıstan prezidentinin AES-in tikintisi ilə bağlı məsələni referenduma çıxarması və xalqın razılığını alması düzgün addım idi”
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ölkə ərazisində atom-elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ötən bazar keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb. Məlumata görə, referendumda iştirak etmək hüququ olan Qazaxıstan vətəndaşlarının ümumi sayı 12 milyon 284 min 487 nəfər təşkil edib. Səsvermədə iştirak edən vətəndaşların sayı 7 milyon 820 min 204 nəfər və ya referendumda iştirak etmək hüququ olan vətəndaşların sayının 63,66 faizini təşkil edib.
Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 5 milyon 561 min 937 nəfər və ya 71,12 faiz təşkil edib. Beləliklə, referendum baş tutmuş sayılır. Ümumxalq səsverməsinə çıxarılan məsələ ilə bağlı müsbət qərar qəbul edilib. Yəni İran kimi neft-qaz ölkəsi Qazaxıstanda da AES tikiləcək.
Azər Badamov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, atom elektrik enerjisi ən ucuz və səmərəli enerji hesab olunur: “Dünyanın 50 ölkəsində atom enerjisindən istifadə edilir. Atom elektrik stansiyaları fəaliyyət göstərən ölkələrin əksəriyyəti uranı xaricdən idxal edir. Dünya uran ehtiyatlarının 40%-i Qazaxıstandadır. Qazaxıstan dünyada uran istehsalına görə üçüncü yerdədir. Qazaxıstanın özünün uran ehtiyatları olduğu halda, AES-in tikilməsi tam məntiqlidir. Məlum olduğu kimi, AES-lər müəyyən riskli layihələrdir. Çernobılda və Fukusimada baş verən AES qəzaları insanları narahat edir və belə stansiyaların inşasına qarşı olanların sayı da az deyil. Bu baxımdan Qazaxıstan prezidentinin AES-in tikintisi ilə bağlı məsələni referenduma çıxarması və xalqın razılığını alması düzgün addım idi”.
Millət vəkili qeyd etdi ki, xalq referendumda fəal iştirak edib:
“7 oktyabrda Qazaxıstanda bu məsələ ilə bağlı referendum keçirildi. Beynəlxalq müşahidə missiyasının tərkibində referendumun keçirilməsini biz də izlədik. Referendumda xalqın aktiv şəkildə iştirak etdiyini müşahidə etdik. Beləliklə, referendumda iştirak edən seçicilərin 71,1%-i AES-in tikintisinə razılıq verdi. Hesab edirəm ki, AES-in tikintisi Qazaxıstanda enerji təhlükəsizliyinin təmin edilməsinə və iqtisadiyyatın güclənməsinə töhfə verəcəkdir. Sual olunur ki, belə bir AES Azərbaycanda da tikilə bilərmi və bu məsələ ilə bağlı referendum keçirilə bilərmi? Qeyd etmək istəyirəm ki, Azərbaycan 200 Qiqavatlıq bərpaolunan enerji resurslarına malikdir. Biz ölkəmizdə su elektrik stansiyaları, günəş və külək elektrik stansiyalarının tikintisinə üstünlük vermişik. Çünki yaşıl enerji daha təhlükəsiz və risksizdir. Bu baxımdan AES-in Azərbaycanda tikintisinin aktual olmadığını hesab edirəm”.
Qeyd edək ki, Qazaxıstan hökuməti AES-in tikintisi ilə bağlı icraçı seçərkən sanksiya risklərini nəzərə alacağını bildirib. Qazaxıstan baş nazirinin müavini Roman Sklyar mətbuat konfransında deyib ki, Qazaxıstandakı atom elektrik stansiyası bir neçə qlobal şirkətin daxil olacağı konsorsium tərəfindən tikiləcək: “Ehtimal olunur ki, konsorsium olacaq, çünki təhlükəsizlik hər şeydən üstündür. Bundan əlavə, biz ən yeni stansiya modeli ilə maraqlanırıq ki, öz sahəsində lider olan istehsalçı ölkələrin ən son dizayn həlləri və texnologiyaları orada tətbiq olunsun”.
Baş nazir müavininin sözlərinə görə, yekun qərarı xüsusi layihə qrupu verəcək:
“Gələn il bu məsələyə aydınlıq gətiriləcək: bu konsorsiumun üzvləri kimlər olacaq, sənədləşmə nə vaxt hazırlanacaq, podratçı və layihəçi ilə bağlı qərar nə vaxt veriləcək və s. Beynəlxalq şirkətlər bir il ərzində texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar, yalnız bundan sonra AES-in tikintisinə başlanılacaq”.
Qazaxıstanın energetika üzrə ekspertləri AES-in tikintisi ilə bağlı fərqli mövqedədirlər. Aset Naurızbayev “Report”a müsahibəsində beynəlxalq konsorsiumun yaradılması ideyasını şərh edərkən bildirib ki, bu, çox güman ki, “Rosatom”un da iştirak edəcəyi konsorsium olacaq. “Rosatom” AES-i reaktorla təmin edəcək, turbin və digər avadanlıqlar isə Çindən gətiriləcək. “Avropa şirkətləri çətin ki,bu konsorsiuma daxil olsun”, - o hesab edir.
Daha bir qazaxıstanlı ekspert Rəşid Jaksılıkov isə qeyd edib ki, AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması variantı özündə bir neçə riski ehtiva edir.
“Beynəlxalq konsorsium yaradılarsa, fövqəladə vəziyyətdə məsuliyyətin bölüşdürülməsi ilə əlaqədar Qazaxıstanın tələb irəli sürəcəyi heç kim olmayacaq. AES-in tikintisi xüsusi təhlükə və məsuliyyət daşıyan layihədir. Qərb şirkətlərinin belə bir addım atacağına və beynəlxalq konsorsiumda iştirak edəcəyinə əmin deyiləm”, - R.Jaksılıkov bildirib.
Qazaxıstanlı ekspert Talqat Kaliyev isə tamamilə zidd fikir səsləndirib. O, Qazaxıstanda mühüm və böyük layihələr üzrə beynəlxalq konsorsiumların yaradılması ideyasının yeni olmadığını və artıq uğurlu təcrübəyə malik olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Atom Elektrik Stansiyasının beynəlxalq şirkətlər birliyi ilə tikilməsi ideyasını ölkə prezidenti Kasım-Jomart Tokayev səsləndirmişdi.
Onu da qeyd edək ki, tikintini Rusiyanın “Rosatom” şirkəti almaq istəyir. Bununla bağlı Qazaxıstana Rusiya rəhbərliyi səviyyəsində istəklər çatdırılıb. Lakin Rusiyaya qarşı sanksiyaların getdikcə dərinləşməsi Astananın layihəni bütünlüklə “Rosatom”a verməsini mümkünsüz edir. Buna görə də işlərin bir hissəsinin Rusiya şirkətinə verilməsi variantı müzakirə olunur. Lakin xarici tərəfdaşların bu varianta razılaşacaqları ehtimalı elə də böyük deyil.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ