İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə oldu, Paşinyan, Arazdəyəndə zavod tikirdin?!

Ermənistanın Arazdəyəndə metallurgiya zavodu tikmək arzusu da gözündə qaldı. Daha doğrusu, onun bu arzu-istəyini gözündə qoyan Azərbaycan oldu!

Görün ermənilər özləri nə yazır: “Yerasxda (1968-ci ildə Arazdəyənə qoyduqları qondarma addır-E.P.) metallurgiya zavodunu tikməyə nə Amerika bayrağı, nə də xarici diplomatların səfəri kömək etmədi...” Deyirlər ki, zərərin ödənilməsi tələbindən danışmağa dəyməz.

Hə, ermənilər yanıb-yaxılırlar. Avropalı müşahidəçilərin Amerika kapitallı zavodu Arazdəyəndən başqa yerə köçürdükləri xəbərini eşidəndə tüstüləri təpələrindən çıxıb. Xüsusilə də Avropa Birliyinin X səhifəsində Aİ-nin Ermənistandakı “mülki missiyası”nın avadanlıqların təhlükəsiz sökülməsini və materialların daşınmasını təmin etmək üçün “müntəzəm patrullar” həyata keçirdiyi barədə xəbər revanşist hayların atalarına od vurub.

Bax, belə. Dövlətimizlə, onun qətiyyəti, iradəsi ilə qürur duymamaq mümkün deyil! 3 ilə yaxındır Azərbaycanın təklif etdiyi sülhü imzalamaqdan müxtəlif bəhanələrlə yayınan Ermənistan ölkəmizə qarşı olduqca alçaq bir plana qol qoymuşdu. Əslində bu, təkcə Azərbaycan əleyhinə plan deyildi, həm də regionun digər ölkələrini təhdid edirdi. Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan 70 milyon dollarlıq metallurgiya zavodunun inşası hansı fəlakətlərə gətirib çıxaracaqdı, təsəvvür etmək çətin deyil. Təsəvvür edin, zavodun tullantıları, zəhərli maddələrinin Araz çayına axıdılması Azərbaycan və İrana, həmçinin Türkiyəyə qarşı xain bir plan idi. Üstəlik, Arpaçayını Qərbi Zəngəzurdakı mis-molibden mədənlərinin zəhərlədiyi Oxçuçayın taleyi gözləyirdi. Eyni zamanda atmosferə üfürüləcək zəhərli tullantılar regiona qarşı səssiz soyqırım planı idi.

Ermənistan bu zavodu Azərbaycanın tarixi torpaqlarında, 80-ci illərin sonlarınadək soydaşlarımızın yaşadığı kənddə qurmaqla tarixi həqiqətləri ört-basdır etmək, həm də Azərbaycanın bu istiqamətdə yolunu birdəfəlik kəsmək niyyəti güdürdü. Arazdəyəndə zavod tikilməsi ideyası təkcə iqtisadi məsələ deyildi. Ermənistan zavod tikib, metal əritmək istəyirsə, bunu başqa səmtdə də həyata keçirə bilərdi. Arazdəyən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd ərazidir. Bu kəndin həm də böyük strateji əhəmiyyəti var. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyəndən keçir. Ermənistan burada amerikanlarla birgə layihəni icra etməklə günün birində Azərbaycanın iradəsi ilə buradan keçəcək nəqliyyat dəhlizlərinin üstündən xətt çəkmək niyyətindəydi. Necə ki, Kərki kəndinin, həmçinin Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasını hələ də yubadır, çünki bu kəndlər sadəcə ərazilər deyil, həm də strateji əhəmiyyətə malik, dövlətlərarası nəqliyyat marşrutlarının keçdiyi ünvanlardır.

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını aylar boyunca tələb etdi. Məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edildi, rəsmi, qeyri-rəsmi, vətəndaş cəmiyyəti təşkilatları səviyyəsində. Zavodun gələcəkdə regionda böyük ekoloji fəlakətlərə gətirib çıxaracağı barədə əsaslandırılmış faktlar təqdim olundu.

Ermənistan Azərbaycanın tələblərini icra etməmək üçün çox çalışdı, hətta Amerika bayrağını da təməli qoyulan zavodun qarşısında asdılar, xeyri olmadı. Azərbaycan dövləti deyən oldu, şələ-şülələrini yığışdırıb aparırlar başqa məkana. Hara aparırlar, hələ açıqlanmayıb. Amma əgər Azərbaycana zərər verəcək hansısa ünvanda gizlənməyə çalışacaqlarsa, ona da sözümüz olacaq. Ümumiyyətlə, Azərbaycana vurduğu zərbələrə, xalqımıza, dövlətimizə etdiyi pisliklərə, cinayətlərə, bütün növ soyqırımlara görə Ermənistanın yaxasını rahat buraxmayacağıq, ta ki, ədalətli cəzasını bütün müstəvilərdə almayınca. Qarabağda 30 il ərzində törətdi ekoloji cinayətlər azmış kimi, indi də özünün qondarma dövlətinin ərazisindən ölkəmizə və xalqımıza qarşı pisliklərini davam etdirmək istəyir. Hesab edirəm ki, Ermənistanın Araz çayı boyunca fəaliyyətdə olan sement zavodlarının, digər kimyəvi müəssisələrin Qafqazın ən böyük çaylarından olan Araza axıdılan zəhərli tullantıları, ekologiyaya püskürdülən zəhəri də diqqətimizdən yayınmamalıdır, bununla bağlı Azərbaycan və qardaş Türkiyənin əlaqədar təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri hərəkətə keçməli, beynəlxalq təşkilatların monitorinq aparması, tələblərə əməl edilməsi istiqamətində çağırışlar edilməlidir.  

2020-ci ilin 26 oktyabrında, Vətən Müharibəsinin bir ayının yükununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində “Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan! Nə oldu?”-demişdi. Uzun müddət dillər əzbəri oldu bu ifadə. Bəli, 30 il ərzində Azərbaycan sərvətlərini sümürən terrorçu ölkənin sonuncu baş naziri Qarabağa üçüncü yolun çəkilməsinə tədarük görürdü. Gözündə qaldı. Azərbaycan əsgəri onun gözündə qoydu arzusunu...İndi bu zavod məsələsi də ona bənzəyir. Tam yerinə düşür: “Nə oldu, Paşinyan, Arazdəyəndə zavod tikirdin?!”

Paşinyan başda olmaqla ermənilər analamalıdırlar, əgər ağıllanmasalar, başları əziləcək, onları kimsə xilas etməyəcək, necə ki, heç zavod tikmələrinə də nə ABŞ, nə Avropa İttifaqı dəstək verə bilmədi. Olsa-olsa, zavodun dəmir-dümürünü daşıyıb aparmağa kömək etdilər. Bölgədə söz sahibi Azərbaycandır, birdəfəlik anlasınlar, qulaqlarında sırğa eləsinlər! Vaxtilə Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, “dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir”.

Bu cədvəl verildi, amma çox gec, böyük itkilərdən sonra. Fikrimcə, son günlər yenidən sülhdən danışmağa başlayan Ermənistanın baş naziri Azərbaycanın yolladığı sülh təkliflərinə reaksiyasını uzatmamalı, əksinə, ilk növbədə Qarabağdakı qanunsuz hərbi birləşmələrini çıxartmaqla bağlı cədvəl verməli, həmçinin işğal altındakı 8 kəndimizi dərhal azad etməlidir! Həmçinin üçtərəfli bəyanatdakı Zəngəzur öhdəliyinə əməl etməlidir. Onsuz da Azərbaycanın dedikləri olacaq, zavod misalındakı kimi!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR