Onlayn ictimai-siyasi qəzet
İranın Xarici İşlər naziri Abbas Əraqçının şəxsi həyatı ilə bağlı ortaya çıxan məlumatlar və fotolar sosial şəbəkələrdə və İran mətbuatında böyük müzakirələrə səbəb olub.
Musavat.com-un İran mənbələrindən əldə etdiyi məlumatlara görə, 62 yaşlı nazirin həyat yoldaşı ilə bağlı detallar şok təsir bağışlayır.
Abbas Əraqçının həyat yoldaşı ilə bağlı müzakirələr onun İran Xarici İşlər Nazirliyinin Qadın Diplomatik Assosiasiyasının xeyriyyə bazarına səfəri zamanı çəkilmiş fotolarından sonra başladı. Şəkillərdə nazirin özündən xeyli gənc həyat yoldaşı – 20 yaşlı Arzu Əhmədvand görünüb. İran mətbuatı və sosial şəbəkələrdə bu evlilik geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin müşaviri Məhəmməd Hüseyn Rəncbəran açıqlama verib. O, Arzu Əhmədvandın nazirin ikinci həyat yoldaşı olduğunu təsdiqləyib və onların 6 il yarım əvvəl ailə həyatı qurduqlarını bildirib. Bu evlilikdən onların üç yaş yarımlıq bir qız övladı var.
Məlumata görə, Abbas Əraqçı 1962-ci il təvəllüdlüdür və yeni həyat yoldaşı ilə evləndiyi zaman qızın yaşı cəmi 13 olub. Bu, beynəlxalq standartlara görə, ciddi cinayət hesab edilən və “uşaqbazlıq” olaraq tanınan bir davranışdır.
Əraqçının birinci həyat yoldaşı, rəssamlıq professoru Baharə Abdullahian ilə boşanmasından sonra bu evliliyi qurduğu qeyd edilir.
Abbas Əraqçı Tehranda anadan olub. Beynəlxalq münasibətlər üzrə bakalavr, siyasi elmlər üzrə magistr və siyasi fikir üzrə doktorluq dərəcələrinə sahibdir. O, 1989-cu ildən diplomatik xidmətə başlayıb və Finlandiya, Yaponiya kimi ölkələrdə səfir vəzifələrində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.
Musavat.com-un şərhi
Bu evlilik qalmaqalı İranın insan hüquqları məsələlərində mövcud problemlərini və ölkədə uşaq hüquqlarının pozulması hallarını bir daha gündəmə gətirir. Uşaq yaşında evliliklər nəinki beynəlxalq hüququ pozur, həm də cəmiyyətlərin gələcəyinə mənfi təsir göstərir. İranın bu kimi hallara göz yumması dünya ictimaiyyətinin diqqətində qalmalıdır. Azərbaycanın regional müttəfiqi olan Türkiyə isə bu cür insan hüquqları pozuntularına qarşı daim sərt mövqe nümayiş etdirərək, bölgədə ədalətin və insan haqlarının qorunması üçün mühüm rol oynayır.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ