Onlayn ictimai-siyasi qəzet
Keçən il ərzində Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mühüm nailiyyətlər əldə edilib.
Musavat.com “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
"Dövlət sərhədinin delimitasiyası üzrə birgə komissiyanın fəaliyyətini tənzimləyən ilk beynəlxalq-hüquqi sənəd qəbul edilib", – deyə o qeyd edib.
Mirzoyan bildirib ki, Azərbaycanla bu işin davam etdirilməsi barədə razılaşma var və yanvar ayında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşünün keçirilməsi mümkündür.
Onun sözlərinə görə, xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə sülh müqaviləsi ilə bağlı bir sıra təkliflərin müzakirəsi aparılıb, lakin hələlik sülh müqaviləsinin yekun mətni yoxdur.
"Son təklif ay yarım əvvəl göndərilib. 17 maddədən 15-i razılaşdırılıb. Azərbaycan tərəfinin cavabını gözləyəcəyik", – deyə o bildirib.
Mirzoyan əlavə edib ki, Türkiyə ilə də müəyyən razılaşmalar əldə edilib.
Onun sözlərinə görə, Qars-Gümrü dəmir yolu yalnız iki ölkə üçün deyil, həm də region üçün iqtisadi imkanlar yaradacaq və Azərbaycanla əlaqələrdə bu, sülhün təmin edilməsi üçün mühüm amil olacaq.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ