Onlayn ictimai-siyasi qəzet
Ötən həftə dünyada və ölkəmizdə baş verən üç mühüm hadisədən biri Livanda peycerlərin partlaması idisə, biri də şairə Nazilə Səfərlinin Novxanıdakı bağ evini siçanların basması idi.
Üçüncü mühüm xəbərə namizədlər çoxdur, seçmək olmur.
Birinci xəbər dünya miqyaslı idi, o barədə Toqo mediası da yazmışdı. İkinci xəbəri isə bizdən tutmuş bizəcən öz ölkəmizin bütün mediası yazıb.
Gerçəkdən də dəhşətli hadisədir. Medianın siçanların faciəsinə belə diqqət yetirməsi təsadüfi deyil.
Nazilə xanım özü mediatik insandır, hər gün uçan-qaçan, başına gələn hər şeyə münasibət bildirir və jurnalistlər də onun bildirişlərindən xəbər düzəldir. Təkcə bizim virtual arxivimizdə onun şəkli ilə müşayiət olunan 30-dan artıq xəbər var.
Siçan pəstəhası isə sıradan bir şey deyil, unikal hadisədir. Hətta videosu da var. Şairəmizin versiyasına görə, siçanlar bir-birini parçalıyıblar, sürüyüblər...
Heç demə, hadisədən öncə şairə xanım siçanlara xəbərdarlıq edibmiş ki, ona dəyib-dolaşmasınlar, axırları pis olacaq. Ona görə də belə olub.
İndi medianın yeni trendlərindən, jurnalizmin təzə istiqamətlərindən başı çıxmayan “sovetdənqalma əmilər” deyirlər ki, gör, ölkə jurnalistikası nə günlərə qaldı, bir şairənin evində ölmüş siçanlardan yazır.
Burada yazı hədəfi ölən siçanlar deyil. Ona qalsa, hər gün yüz minlərlə evdə milyonlarla siçan aşkarlanır və onların bir xeylisi lokal anti-siçan əməliyyatları ilə zərərsizləşdirilir. Amma bu hadisəlrin heç biri mediaya çıxmır.
Fəqət o siçan tanınmış adamın evində tapılırsa, bu, artıq hadisədir.
Ümumiyyətlə, tanınmış adamların başına gələn işlərin hamısı mühüm hadisədir: ərə gedirlər, xəbərdir, boşanırlar – xəbərdir, sponsor tapırlar – yeni xəbər, doğurlar – xəbər, doğmurlar – xəbər. Xalq bunların hamısını bilməlidir. Məsələn, Xatirə İslamın yeni aldığı maşının kapotu cızılıbsa, bu da mütləq saytlarda xəbər olmalıdır. Aygün Kazımova yeni şəkil çəkdiribsə, mütləq müzakirə olunmalıdır və nyu-media jurnalistlri bundan yazmalıdırlar. Roza Zərgərlinin istənilən açıqlaması, Elza Seyidcahanın yeni şeirləri, Rəqsanənin toyda kiminləsə soyuq görüşməsi, Qumralın hansısa sözü – hamısı xəbərdir.
Düzdür, onların heç biri Nazilənin evindəki hannibalizmə yoluxmiş və bir-birini parçalamış siçanların faciəsi qədər aktual xəbər deyil, amma oxucuları var. Araşdırsaq, məlum olacaq ki, bunlar peycerlərin partlaması xəbərindən daha çox oxunub.
Xalqımız sənətə və sənətçilərə dair xəbərlərə çox həssasdır. Düzdür, opera teatrında hansısa əsərin tamaşa qoyulduğu barədə xəbəri ən çoxu 30-35 adam oxuyar, ya oxumaz, amma səhnədə büdrəyib yıxılan və mini ətək geydiyi üçün naqolay vəziyyətə düşən gənc müğənninin başına gələn hadisəyə dair xəbəri minimum 3500 adam oxuyacaq. Hələ videosu varsa, videonun baxış sayı yüz mini keçəcək.
“Sovetdənqalma əmilər” isə belə xəbərləri bəyənmirlər, deyirlər, bunun nə ictimai-siyasi əhəmiyyəti var, şairənin evində iki yox, iyirmi siçanın ölməsindən ictimaiyyət xəbər tutsa nə olacaq, tutmasa, nə olacaq. Yenə bir mütəxəssis çıxıb siçanlarla yeni və effektiv mübarizə üsulundan danışsaydı, daha faydalı olardı.
Əmilərə qalsa, heç bürc xəbərlərini də bəyənmirlər. O gün biri mənə yazıb: “Yazırlar ki, 3 bürcün həyatında eşq macəraları dövrü başlayır. Mənim də bürcümün adı çəkilir, özümün də yaşım 70-dir. Yəni “yaş yetmiş, eşq bitmiş” mərhələsidir. Mən yaşda o bürcdən olan on minlərlə adam var ölkədə. İndi onların hamısı təzədən eşqə düşəcək? Heç olmasa, yaş senzi qoyun, yazın ki, bu, 20-27 yaş arasında subaylara aiddir”.
Bir tərəfə baxanda ağsaqqal düz deyir, amma dərhal da kimsə deyəcək, yaşın nə fərqi var ki. Hələ ailəli ola-ola eşqə düşənlər də məsələnin qoyuluşundan narazı qalacaqlar.
Durum belədir. Bizi qarşıda əla xəbərlər gözləyir: “Tanınmış müğənni mətbəxindəki taxtibitiləri zərərsizləşdirdi”; “Məşhur aparıcı itinin bərbərindən narazı qaldı”; “Gənc aktrisanın dırnaqları bəyənilmədi”; “Filankəs dəniz kənarıda çəkdirdiyi şəkilləri paylaşdı”; “Bəhmənkəsin biabırçı videosu yayıldı” və sair və ilaxır.
Bunlar çox aktual xəbərlərdir. Xalq bunları müzakirə etməlidir. Yerdə qalan məsələlər boş şeylərdir.
P.S. Bilməyənlər üçün: yazıdakı “hannibalizm” termini öz növünü məhv etməyi, yəni qardaş qırğınını nəzərdə tutur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ