İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnını kim(lər) öldürə bilər?

Müxalifətçinin həbsxanada ölməsinin məsuliyyəti istənilən halda Putin hakimiyyətinin üzərindədir, amma...

Rusiyanın dünya ilə qəliz münasibətləri olduğu indiki zamanda "Putinin düşməni"nin həbsdə hansısa səbəbdən ölməsinin doğuracağı reaksiya bəlli idi. NATO baş katibindən tutmuş, Ağ Evədək reaksiyalar var. Navalnının paytaxtdan 1900 kilometr uzaqdakı Yamalo-Nenets Muxtar Dairəsinin həbsxanasında ölməsinin məsuliyyəti əlbəttə ki, birbaşa Rusiya hakimiyyətinin üzərindədir. Qanun Moskvaətrafı Butın kəndində doğulmuş Navalnının qeydiyyatda olduğu şəhərə yaxın həbsxanada cəza çəkməsini yasaqlayır. Amma bu o demək də deyildi ki, müxalifətçini Moskvadan 1900 kilometr uzaqdakı Xarp yaşayış məntəqəsində yerləşən, “Qütb canavarı” adlandırılan həbsxanaya “etap” etməlisən. Bəllidir ki, bu həbsxana Rusiyanın ən sərt cəzaçəkmə müəssisələrindən biri hesab olunur və orada saxlanılan dustaqların çoxu ağır cinayətlər törətmiş şəxslərdir.

Navalnı soyuqdan ölübsə, ağır şəraitə ürəyi dözməyibsə, ciddi stres altında olubsa Qərbin Kremlə yönəlik bütün tənqidləri haqlıdır. Amma o da gerçəkdir ki, Qərbin bəyanatlarına Rusiyanın diqqət yetirdiyi dövrlər çoxdan keçmişdə qalıb.

 

Navalnının həbsxanada ölməsinin məsuliyyətinin Putin hakimiyyətinin üzərində olmasının səbəbi də sadədir. Navalnı məhz siyasi fəaliyyətinə görə, amma başqa bəhanələrlə həbs edilmişdi. Adamı siyasi fəaliyyətinə görə həbs edirsənsə, onun canı həbsdə saxlayan hakimiyyətə əmanətdir. Məsələn, Mixail Saakaşvili gürcü hakimiyyətini "ölürəm, məni öldürəcəklər”,- deyə çox şantaj etdi. Gürcü hökuməti də onu həbsxanaya həm də ona görə köçürmədi ki, sabiq prezident günlərin birində lap hökumətin “acığına ölüb” "Gürcü Arzusu"nu Qərbin ittihamları ilə üz-üzə qoymasın.

Navalnı bir neçə il əvvələdək məsələn, Qriqori Yavlinski kimi “Qərbin adamı” statusunda deyildi, əksinə, onun milliyyətçi baxışları cinsi azlıqları da müdafiə edən Qərb dəyərləri ilə ziddiyyət təşkil edirdi. Putinin ətrafındakı sistem müxalifəti gücləndikcə, Navalnı da əvvəlki millətçi mövqeyinə ciddi korrektələr etdi, liberallara və sosial-demokratlara yaxınlaşdı, Avropa liderlərinin diqqətini özünə cəlb edə bildi. 2011-ci ildə Navalnı Korrupsiya ilə Mübarizə Fondunu yaratdı ki, bundan sonra rus xalqının rəğbətini də qazanmağa başladı. Onun məmurlar haqda hazırladığı korrupsiya hesabatlarında şübhəsiz ki, Qərb kəşfiyyatlarının da məlumatları vardı.

 

Ona verilən ittihamların (son günlər yeni cinayət işi üzrə yenə məhkəməsi gedirdi) heç biri olmaya bilərdi. Onun da özü üçün rahat yaşamaq, Kremlin sistem müxalifəti sırasına qoşulub deputat mandatı almaq imkanı vardı. 2013-cü ildə Kreml hətta ona belə bir fürsət də yaratdı, Moskva meriyasına keçirilən seçkilərdə iştirakına razılıq verdi. Navalnı isə sistem müxalifəti sırasında olmaq istəmədi.

Amerika nədənsə, ona məsafəli davrandı, Avropa isə əksinə, ona qucaq açdı, xüsusilə Fransa və Almaniya kəşfiyyatı onu himayəsinə aldı. Xaricdə yaxşı ev(lər) və pullar verdilər. Əslində, onun Rusiyanın içərisində olmasını istəmirdilər ki, günlərin birində ölkəsinə səs-küylə, təmtəraqla müxalifət lideri kimi qayıtsın. Navalnı köhnə işlər, qardaşı ilə bağlı olan biznesin vergidən yayınması və s. səbəblərə görə axtarılırdı. Yəni qayıdacağı halda, onun həbsi qaçılmaz idi. O da qayıtdı. Bəlkə də düşündü ki, Rusiya gəncləri arasında populyarlığı həbs ediləcəyi halda ölkədə ciddi qarışıqlıq yaradacaq, bəlkə də inqilab, xalq üsyanı olacaq. Bundan əvvəl Rusiyadan qayıdanda onu zəhərləmişdilər, Almaniyada bir müddət müalicə də aldı. 2021-ci ilin yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan Navalnı hava limanında həbs olundu. Navalnının həbsi paytaxt Moskvada, Piterdə və bölgələrdə azsaylı qrupların aksiyalarından o tərəfə getmədi.

Moskva Lefortovo Rayon Məhkəməsinin hökmü ilə Navalnı 9 il azadlıqdan məhrum edildi. 2023-cü ilin yayında isə ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək, internetdə ekstremizmə çağırışlar ittihamı ilə cəzası 19 ilə çatdırıldı.

Navalnının indiki ərəfədə qəfil ölməsi (hələ ki, ilkin rəylər onun trombdan ölə biləcəyi üzərində cəmləşib) kimlərin marağında ola bilərdi? Bu hadisənin başvermə ərəfəsinə nəzər yetirək. Birincisi, amerikalı jurnalist Karlsonla müsahibəsində Putinin mesajları onun mövqeyinə bəzi müsbət təsirlər gətirdi. İkincisi, Navalnın Münhen Təhlükəsizlik Konfransı işə başlayan gün ölməsi diqqət çəkdi. Navalnının xanımının orada peyda olaraq çıxış etməsi, Kremlə yönəlik ittihamlar səsləndirməsi təsadüfi olmaya bilər.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskiyə görə, ağlı başında olan adam prezident seçkilərinə az müddət qaldığı vaxtda Navalnının ölməsinin hakimiyyətin marağında olduğunu deyə bilməz. Ağlabatandır. Navalnı həbsxanada məhkəmə ittihamlarına müqavimət göstərir, ən müxtəlif üsullarla diqqəti üzərinə çəkmək istəyirdi. Martdakı seçkilər ərəfəsi onun ölümü Kremlə niyə lazım olsun? Navalnı dövlətə silah qaldırmış Priqojin deyildi və ölkədəki hadisələrə təsir imkanları yox səviyyəsində idi. O halda, əgər ölüm qəsdən həyata keçirilibsə, bu cinayətin açılmasında Putin özü maraqlı olmalıdır.

Hakimiyyət isə özünü şübhəli aparır. Məsələn, rəsmi məlumatda deyilir ki, peşəkar həkim briqadası 7 dəqiqə sonra Labıtnanqidən həbsxanaya çatıblar. Rusiyanın müxalif nəşrləri isə yazır ki, Labıtnanqi ilə həbsxana arasındakı məsafə demək olar ki, 35 kilometrdir. 35 kilometri 7 dəqiqəyə qət etmək imkansızdır, həm də qalın qarda.

Həqiqət həmişə olduğu kimi daha uzaq və daha dərindədir...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR