İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yenə narkomafiyanın hədəfində

“Qırmızı körpü” vasitəsilə Gürcüstana 50 milyon dollarlıq heroin keçirmək cəhdi; ekspert: “Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz”

İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barədə Tiflis Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilməsi bir daha ölkəmizin narkomafiyanın diqqət mərkəzində olduğunu göstərir. Gürcüstan-Azərbaycan sərhədində, “Qırmızı körpü” keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınında gizlədilən 8 kisə heroinin aşkarlanması faktı təsdiqləyir ki, cinayətkar şəbəkələr Azərbaycanı tranzit dəhliz kimi seçməkdə israrlıdır. Bu narkotiklərin Bolqarıstana çatdırılmasının nəzərdə tutulması isə onu sübut edir ki, söhbət regional yox, qlobal şəbəkənin fəaliyyətindən gedir.

Belə halların təkrarlanması Azərbaycanın həm sosial, həm də milli təhlükəsizlik baxımından ciddi risklərlə üz-üzə olduğunu göstərir. 200 kiloqram heroinin “qara bazar” qiyməti 50 milyon ABŞ dollarından çoxdur.

Arzu Nağıyev: “Qarşıya qoyulmuş əsas hədəf Naxçıvanda yaşayan əhalinin ən  yüksək səviyyədə təmin edilməsidir” Pravda.az

 Arzu Nağıyev 

Milli Məclisin deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan narkomafiyalar üçün tranzit ölkə kimi xüsusi əhəmiyyət daşıyır: “Bu, təsadüfi deyil. Azərbaycan həm geostrateji mövqeyinə, həm də Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinə görə cinayətkar şəbəkələrin diqqət mərkəzindədir. Narkotik kartelləri zəif nöqtələr axtarır və "Qırmızı körpü" kimi strateji məntəqələrdən istifadə etməyə çalışır. Azərbaycanda sərhəd və gömrük nəzarəti ən müasir texnologiyalarla gücləndirilib. Artıq yalnız fiziki yoxlamalar kifayət deyil, elektron izləmə sistemləri, skanerlər və süni intellekt əsaslı risk təhlilləri tətbiq edilir. 200 kiloqram heroin yüzlərlə ailənin faciəsi, minlərlə insanın həyatının məhv olması deməkdir. Azərbaycan üçün təhlükə transsərhəd xarakteri daşıyır deyə mübarizə də regional və qlobal əməkdaşlıq çərçivəsində aparılır. Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır. Sərhədlərdə narkotrafikin ən yaxşı halda 30 faizinə qədərini müəyyən edib götürmək olur. Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir. SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur".

Deputatın sözlərinə görə, narkobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır: “1 qram heroinin "qara bazar"da qiyməti 100 dollardır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi statistik məlumatına görə, 2024-cü ildə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 832 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq çıxarılıb. Həmin vasitələrin 5 ton 711 kiloqramı marixuana, 543 kiloqramı heroin, 166 kiloqramı tiryək, 38 kiloqramı həşiş, 99,498 qramı kokain, 156 kiloqramı digər narkotik vasitələr və 215 kiloqram psixotrop maddələr təşkil edib. Əfqanıstandan Avropaya heroin, Cənubi Amerikadan isə kokain daşınır. Kokain koka ağacından alınır. Heroin də, kokain də təbii tərkiblidir. Son vaxtlar süni narkotiklərdən də istifadə geniş yayılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur". Deputat xatırladıb ki, son illərdə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İranla sərhəd bölgələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bir sıra ciddi əməliyyatlar həyata keçirib: “Modern texnologiyalar, o cümlədən mobil müşahidə vasitələri və dronlar sərhəd nəzarətində istifadə edilir. Əməkdaşlıq çərçivəsində sərhəd nəzarəti gücləndirilib, qanunsuz keçid hallarının qarşısı alınır. Bununla yanaşı, hüquq-mühafizə orqanları kuryer şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyatlar aparır, ictimai yerlərdə və onlayn platformalarda narkotik ticarətinin qarşısını almağa çalışır. Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Eyni zamanda Azərbaycanın qonşu ölkələrlə, o cümlədən İranla narkotiklərlə mübarizədə qarşılıqlı razılaşmaları və protokollar mövcuddur. Lakin praktiki əməkdaşlıqda qarşılıqlı etimad və siyasi iradə önəmlidir”.

Deputat vurğulayıb ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, xüsusilə İranla sərhəddə narkotik ticarətinə qarşı mübarizə uzunmüddətli planlama və əməkdaşlıq tələb edir: “Hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, İran tərəfi ilə dialoqun, birgə əməliyyatların və etibarlı informasiya mübadiləsinin gücləndirilməsi regionun təhlükəsizliyinə ciddi töhfə verəcək. Narkotiklə mübarizə yalnız Azərbaycanın deyil, bütöv regionun prioritetidir və qonşu ölkələrlə əməkdaşlıq bu yolda ən effektiv vasitədir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR