İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “yeni SSRİ” arzusuna moldovan zərbəsi

Moldovadakı seçkilərin nəticələri Rusiyanın postsovet məkanında təsir dairəsini sürətlə itirdiyini təsdiqlədi

Maya Sandu tərəfindən yaradılan “Fəaliyyət və həmrəylik” Partiyası seçicilərin 44,13% faizinin səsini alıb. Digər avropayönlü siyasi təşkilat “Alternativ” bloku isə 8% səs toplayıb. Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olan “Vətənpərvərlər bloku” 28,25% səs alıb. “Vətənpərvərlər bloku”na keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası, digər keçmiş prezident Vladimir Voroninin rəhbərlik etdiyi Kommunist Partiyası və keçmiş baş nazir Vasile Tarlevin (2011-2008) “Moldovanın gələcəyi” Partiyası daxil idi.

Parlament seçkilərində seçici fəallığı 52 faiz təşkil edib. Bu, o deməkdir ki, Kreml növbəti dəfə Moldovadakı seçkini uduzub. Bu seçkilər Rusiyanın xüsusilə Ukrayna müharibəsindən sonra postsovet məkanında təsir dairəsini sürətlə itirdiyini təsdiqləyir. Rusiyanın açıq-aşkar dəstək verdiyi bir seçki blokunun məğlubiyyəti Moskvaya ciddi zərbədir. Nəzərə almaq lazımdır ki, Avropaya inteqrasiya da indilikdə cəlbedici trend deyil, çünki Avropa Birliyinin özündə də ciddi böhran yaşanır. Amma buna baxmayaraq Moldova seçim qarşısında yenə avrointeqrasiyanı seçdi.

Moldova seçkiləri: hakim partiya yenidən qələbə qazandı | Tribunainfo.Az

Moldovada baş verənlər gələn il Ermənistanda keçiriləcək kritik parlament seçkilərində Rusiyanın revanşın çətin olacağının da bir göstəricisidir. Ermənistan Avropa Birliyinə inteqrasiya tərəfdarıdır və bu, Rusiyanın maraqlarına ziddir. Çünki Moldovadan fərqli olaraq Ermənistan Rusiya ilə “iç-içə”dir, Kremlin patronajlıq etdiyi təşkilatlarda üzvdür. Ona görə Moldovadakı məğlubiyyət Kremlin Ermənistan planlarını alt-üst edə bilər. Eləcə də son illər postsovet şinelindən çıxmış Mərkəzi Asiya ölkələrinin Moskvadan daha müstəqil kurs yeritməsi də Kremlin yuxusunu qaçırıb. Rusiyanın Azərbaycanla münasibətlərində məlum gərginlik nisbətən səngisə də, Bakı-Moskva münasibətləri hələ də məsafəli və soyuqdur. Ümumi təhlillər də göstərir ki, Rusiya təkcə Cənubi Qafqazda deyil, keçmiş postsovet məkanında təsirlərini sürətlə itirməkdədir.

Fikrət Yusifov: "Xarici sərmayələrin ölkə iqtisadiyyatına gəlməsi üçün son  illər böyük işlər görülür" | Banco.az

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Belarusdan başqa bu birlikdə olmuş ölkələrdən heç biri ilə sağlam münasibət qura bilmədi: “Heç şübhəsiz ki, Belarusun da Rusiya sevgisi səmimi deyil. Bunu belaruslar da, ruslar da çox yaxşı bilirlər. Belarus Rusiyaya olan "isti münasibətə" bəlli səbəblərdən hələlik məcburdur. Heç şübhə etmirəm ki, bir müddət sonra Belarusda da Rusiyaya qarşı Ukraynanın Rusiyaya bu illər ərzində sərgilədiyi münasibəti görə biləcəyik. Mən Belarusa dəfələrlə səfərlər etmişəm və oradakı yerli insanların bu məsələdəki əhval-ruhiyyəsini çox yaxşı bilirəm. Baltikyanı ölkələr, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Mərkəzi Asiya respublikaları nədən Rusiyaya nifrət püskürürlər? Çünki Rusiya bu illər ərzində bu ölkələrin hər birində daxili qarışdırmaq, çirkin yollarla onların daxili işlərinə müdaxilə etmək, xalqları bir-birinin üzərinə saldırıb qarşıdurma yaratmaq və bəzən isə dünya siyasət meydanında heç kimin ağlına gələ bilməyən yaramazlıqlarla məşğul olub. Bax budur Rusiyanın qonşu ölkələrə münasibətdə sərgilədiyi xarici siyasətin fəlsəfəsi! Belə bir dövləti və onu idarə edən hökuməti və bu hökuməti dəstəkləyən xalqı kim sevər? Heç kim! Bu gün Rusiya bu müstəqil dövlətlərin hər birində “5-ci kolon”u “bəsləməklə” nələrəsə nail olmaq istəyir. Lakin Rusiya hakimiyyəti anlamır ki, artıq dünya onların təsəvvür etdiyi dünya deyil, sürətlə dəyişir, indiki insanların həyata baxışları keçən əsrin 60/70-ci illərində yaşamış insanların baxışları ilə müqayisə edilə bilməyəcək dərəcədə fərqlidir. Artıq insanlar Rusiyanın bir dövlət kimi xislətini tam anlayıblar və ona nifrət edirlər. Bu nifrəti şiddətləndirən son hadisə isə Ukraynaya qarşı başladılmış işğalçı müharibə oldu".

Sabiq nazirin sözlərinə görə, bu gün Rusiya içəridən çökür: “Qərbə Rusiyanı çökdürməyin yeni modelini işləyib hazırlamaq lazım olmadı. Qərb Sovetlər İttifaqını daxildən hansı üsulla çökdürə bilmişdisə, indi də eyni üsulla Rusiyanı daxildən çökdürür. Və belə bir durumda Rusiya hökuməti öz ambisiyalarından əl çəkmək istəmir. Ermənistanda seçkiləri neçənci dəfə uduzdular, Moldovada neçənci dəfə eyni aqibəti yaşadılar. Gürcüstanda da uduzmaqlarına çox qalmayıb. Azərbaycanla körpüləri yandırdılar, Mərkəzi Asiya dövlətləri də artıq Rusiyanın sözü ilə oturub-durmaqdan tam uzaqlaşıblar. Belə olan halda Rusiya ilə dostluq etmək üçün kim qaldı? Heç kim!”

Rəşad Bayramov: “Bu danışıqlar prosesi maraqlarımıza cavab verən addımları  özündə şərtləndirir” | Hafta.az

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun fikrincə, Ukrayna ilə savaş və xüsusilə də bu savaşın uzun sürməsi Rusiyanın təkcə postsovet məkanında deyil, eləcə də dünyanın müxtəlif bölgələrində təsir dairəsini itirməsi və ya təsir imkanlarının zəifləməsi ilə nəticələndi: “SSRİ-nin dağılmasını ən böyük səhv adlandıran Putin hakimiyyətinin bütün çabalarına baxmayaraq, itirilmiş təsir imkanlarını bərpa etmək elə də asan deyil. Xüsusilə də Ukrayna ilə savaşın davam etdiyi bir vaxtda. Rusiyanın bütün təzyiqlərinə baxmayaraq Moldovada seçkilərin nəticələri bunu əyani şəkildə ortaya qoydu. Qərbyönümlü qüvvələrin qələbəsi Moldovanın Avropaya inteqrasiya kursuna sadiqliyini və faktiki olaraq Rusiya ilə bir sırada olmaq istəmədiyini bariz şəkildə ortaya qoydu. Bu, təkcə Maya Sandunun müxalifət üzərində qələbəsi deyildi, həm də faktiki Putin və onun hakimiyyəti üzərində qələbəsi idi. Moldovada keçirilən parlament seçkilərinin nəticələri Kremlin strateji planlarını alt-üst etdi və Rusiyanın bu ölkədəki təsir ambisiyalarına ağır zərbə vurdu. Eyni şeyi gələn ilin iyununda Ermənistanda da müşahidə edəcəyimizə şübhə yoxdur. Ermənistan hər nə qədər Rusiyadan bir sıra sahələrdə asılı olsa da, bu asılılıq Moldovada olduğu kimi Ermənistanda da ümumi nəticələrə təsir göstərməyəcək. Buraya digər postsovet ölkələri ilə bağlı vəziyyəti, yəni Azərbaycanın müstəqil xarici siyasət kursuna sadiqliyini və Rusiyanın təzyiqlərinə heç bir halda boyun əymədiyini, Orta Asiyanın Türk respublikalarının Avropa İttifaqı ilə yeni yaranan münasibətlərini və Türkiyə faktorunu da nəzərə alanda deyə bilərik ki, Putinin "yeni SSRİ" layihəsinin həyata keçməsi və Rusiyanın itirilmiş təsir imkanlarını bərpa etməsi ehtimalı yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR