Onlayn ictimai-siyasi qəzet
Tikinti şirkəti Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12,18 və 22 ünvanlarında yaşayan sakinlərin yolunu kəsib.
Yüzlərlə vətəndaş öz evinə gedib-gələ bilmir. Vətəndaşlar ölkə rəhbərliyinə, daxili işlər naziri Vilayət Eyvazova, fövqəladə hallar naziri Kamaləddin Heydərova, Ombudsman Səbinə Əliyevaya müraciət ünvanlamaqla aylardır ki, onlara qarşı yaşanan qanunsuzluğun aradan qaldırılmasını istəyiblər.
Surəti Musavat.com-a göndərilən məktubda vətəndaşlar yazır:
“Kimliyi belə naməlum olan şəxslər və ya şirkət tərəfindən göstərilən ünvanlarda mənzillərin məcburi qaydada satılması üçün bizə hədə-qorxular gəlməyə başlayıblar. Özlərini tikinti şirkətinin nümayəndələri kimi təqdim edən bu şəxslər məhlələrdə olan ağacları qanunsuz kəsiblər. Yaşıllıqları məhv etməklə ekologiyaya ciddi zərər verdilər. Kimliyi naməlum olan bu şəxslərin özbaşınalığı bununla bitmir. Sanki dövlətdə qanun olmadığını hesab edirlər. Özbaşınalıqlar edən bu şəxslərə dur deyilməlidir. Bunlar bilmirlərmi ki, bu ölkənin sahibləri də var, qoruyanları da? Bunlara bu qədər özbaşınalıq etmək ixtiyarını kimlər verib? Bunlar kimlərə nə qədər rüşvət veriblər ki, belə sərbəst hərəkət edə bilirlər? Nəyə görə bizlər - azad və suveren dövlətin vətəndaşları Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbuluna girə bilmirik? Bu icra başçısının birbaşa vəzifə borcu biz vətəndaşların problemlərini həll etmək olduğu halda ancaq rüşvətə işləyir və bizə borclu olduğunu unudur? İcra başçılarını təyin edən zaman cənab Prezidentimiz onlara xüsusi olaraq “vətəndaşlara xidmət edin, onların problemləri ilə yaxından tanış olun” deyə tapşırmadımı? Bəs nə üçün bu korrupsioner məmurlar gəldikləri günü belə tez unudurlar?
Biz tikinti şirkətinin qanunsuzluqları üzündən evimizdə rahat otura bilmirik. Hələ heç kimlə alqı-satqı müqaviləsi imzalamayıblar. Buna baxmayaraq, qanunsuz olaraq bütün binaların giriş-çıxışlarını tutublar, biz sakinlərin hərəkətinə ciddi maneələr yaradıblar.
Kiminsə xəstəsi olsa, təcili tibbi yardım maşını və ya yanğın olsa, yanğından mühafizə xidməti məhəlləyə giriş edə bilməyəcək. Nə üçün rayon İcra Hakimiyyəti başçısı sakinlərin problemləri ilə maraqlanmır və bu məsələnin həlli üçün çalışmır?”
Vətəndaşlar icra başçısı Adil Vəliyevə müraciət etməklə qanunsuzluqların yerində araşdırılmasını və bağlanmış giriş-çıxış yollarının açılmasını tələb edirlər.
Redaksiyamıza təqdim olunan fotoları təqdim edirik.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ