İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməhrəm nazir – Berbokun Suriya səfərinin əks-sədası

Amaniyanın xarici işlər naziri Annalena Berbokun Suriyada üzləşdiyi hadisə bir yerdən tanış gəldi. Sonra xatırladım ki, ulu Şərq belə epizodlarla dolub-daşır. Bu tərəflərdə bir kişinin yad qadınla əllə görüşməsi lap köhnə vaxtlardan hadisədir. Annalenanın olayı isə beynəlxalq səciyyə daşıdı.

O vədələr İranın keçmiş prezidenti Mahmud Əhmədinejad 80+ yaşlı müəlliməsi ilə əl sıxışıb görüşmüşdü, adamı az qala impiçment edəcəkdilər ki, şəriət qaydalarını pozub, naməhrəm qadınla təmasda olub. Nəzərə almırdılar ki, bu qadın artıq qarıdır və vaxtilə balaca Mahmudun əlindən tutub hərf yazmaq öyrədib.

Yox, yox, nə danışırsan, o qadındır, bu kişidir, od-pambıq məsələsi... Zina sayılır.

Yaxud 1-2 il əvvəl məşhur futbolçu Ronaldo İranda olarkən fanatı olan əngəlli qızla səmimi şəkil çəkdirmişdi, ölkə mediası bir həftə bundan yazdı. Yaxşı ki, Ronaldo aradan çıxmışdı, yoxsa tutub şallaqlayacaqdılar ki, naməhrəm qıza toxunub.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında yazığa az qala namaz qıldıracaqdılar. Bir dəfə qol vurandan sonra xaç çevrimişdi, ölkənin qanun-qaydalarını kobudcasına pozmuşdu, adamı didirdilər. Növbəti dəfə çıxdı, sırf sələfilər kimi dua elədi, canını qurtardı.

Elə bu günlərdə bir fanat qız İranın məşhur futbolçusunu ziyana salıb, avtobusa qalxıb, oturacaqda oturmuş futboçuya təmas edib. Qıza hansı cəzanı veriblər, media yazmır, amma futboçunu 12 min dollar cərimə ediblər. Adam “mənim günahım nədir” də deyə bilmir. Çox etiraz edər, şallağı qoyarlar dümbülünün üstündən, bir ay yaşıl sahələrdən kənarda qalar.

Bu paralellərdə vəziyyət belədir. Qadınla təmasa qadağa yoxdur, imkanın var, beş-altısını al, amma qanun-qaydayla olmalıdır.

Nazir Berbok hələ aeroportda qarşılananda, pişvazına çıxmış suriyalı rəsmi şəxs sağ əlini ürəyinin üstünə qoyub “xoş gədiniz” deyəndə anlayıbmış ki, bu ölkədə onun əlini sıxan olmayacaq. Elə Suriyanın faktiki lideri Əhməd əl-Şaraa da elə edib, frau Berboka çox yaxın getməyib, pandemiya dövründəymiş kimi, məsafə saxlayıb. Türkün sözü, Allah mühəfaza, tərəflər yaxınlaşsalar, arada elektriklənmə ola bilərmiş. Ola bilər, bundan əvvəl də ərinin papağına müəyyən zərbələr vurmuş sarı donlu Annalena Əhmədin cazibəsinə dayana bilməz, deyərmiş, al məni, igid, vüsala yetək, murad verib, kam alaq.

Bu isə olmaz. Çünki indiyəcən qaçaq həyatı yaşamasına baxmayın, əl-Şaraanın minimum dörd zövcəsi var, Anna nəyinə lazımdır, gavur qızıdır.

İndi işin ən pis tərəfi odur ki, almaniyalı siyasətçilər və jurnalistlər hay-küy salıblar ki, nazir Berbok Suriyada aşağılanıb, təhqir olunub. Guya ki, heç bir kişinin onunla əl tutuşmaması təhqiramiz hərəkətdir.

Almanlar anlamırlar ki, əslində bu hörmət-izzət əlamətdir. Başqa vaxt bir kişi qadına diqqətlə baxanda və ya toxunanda “seksual sataşma aktıdır” deyə məhkəməyə müraciət edən avropalılar (eləcə də amerikalılar) gərək anlasınlar ki, suriyalı rəsmilər bu hərəkətlə alman nazirə sataşmaq istəməyibər.

Rəhmətlik Berluskoni yaxşıydı? Vallahi, Əhməd əl Şaraanın yerində Silvio olsaydı, iki daşın arasında xanım Berbokun qulağına pıçıldayacaqdı ki, bomba şeysən, rəsmi görüşdən sonra gedək şəhərdən kənardakı iqamətgahıma, şeirdən, poemadan, beynəlxalq vəziyyətdən danışaq. Lotu kişiydi, gördüyündən göz kirəsi istəyirdi. Hökumət kabinetini də gənc qadın nazirlərlə doldurmuşdu rəhmətlik.

Əhməd əl-Şaraa isə ciddi adamdır, kostyum geyib, qalstuk taxmasına fikir verməyin, mühafizəkardır, özgə arvadlarına süllab satan deyil, bilir ki, dini qaydalarla düz gəlmir.

Bir şey pisdir ki, bu paralellərdəki bəzi ölkələrdə 3-5 yaşlı körpə qızlardan tutmuş ta Əhmədinejadın 80+ yaşlı müəlliməsinə qədər bütün qadın xeylaqlarına pis niyyətlə yanaşılır. Bax, burası manyaklıqdır. Adama deyərlər, ləyaqətli oğlansan, xalqın anasına, bacısına, qız-gəlininə göz qoyma ki, onun saçı və ya topuğu görünürsə, görməyəsən. Yox, sən marıtlayıb baxırsansa, qadın çuvalın içində olsa da, cinsəl təhrikə məruz qalacaqsan.

15 il əvvəl ABŞ-nin Kolombia şəhərinin parkında şəxsən gördüm: bir hündürboylu, gənc və gözəl qadın velosipedini ağaca söykədi, çəmənliyin üstünə adyal fason bir şey atdı, çimərlik paltarında uzanıb özünü günə verməyə başladı. Onun böyründən onlarla kişi o tərəfə-bu tərəfə keçirdi, bir adam dönüb qadına baxmırdı, elə bil, heç qadını görmürdülər.

Elə haqq-hesab bu tərəflərdə olsaydı, bilirsiniz, nə olardı? 20-30 ağzıayrıq gənc telefonlarını çıxarıb video çəkərdi, 5-6 təqaüdçü “tfuu, abır-həya əldən getdi” deyərdi, axırda polis gələrdi və ictimai asayişi pozan qadını bölməyə, geyindirməyə aparardılar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR