İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə inanaqmı?

Bu hadisə hələ ötən əsrdə, səksəninci illərin lap əvvəllərində baş vermişdi. O vaxt biz Moskvada tələbə idik. Hələ ən azı adi adamlardan heç kimin ağlına belə gəlmirdi ki, sovet rejimi, nəhəng kommunist imperiyası çökə bilər. 

O vaxt Kommunist Partiyasının Baş katibi, səhv etmirəmsə, həm də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri (formal hüquqi baxımdan sovet dövlətinin başçısı bu vəzifəni tutanlar hesab edilirdi) keçmiş DTK sədri Yuri Andropov idi. 

O, çox sərt daxili və xarici siyasət yürürdür, azacıq fərqli baxışları və cəhdləri belə yerindəcə boğur, şəxsən özü ondakı dissident - fizik Andrey Saxarovu “dəli” adlandırır, hətta sonradan yazılan kimi, Brejnevin dövründə geniş vüsət almağa başlayan “cəza psixiatriyası”na bir az da böyük meydan verirdi. 

Sonuncu detalla bağlı onu deyim ki, iş o yerə çatıbmış ki, başqa çıxış yolu görməyən Dünya Psixiatriya Təşkilatı 1983-cü ildə etiraz əlaməti olaraq SSRİ-nin müvafiq təşkilatını özünün tərkibindən qovur! 1983-cü ildə isə SSRİ-ni Andropov idarə edirdi...

SSRİ siyasətinin daha bir cəhətini qeyd etmək istərdik burada. Sovet hərbçiləri onda Cənubi Koreyaya (əgər yaddaşım düz istiqamət verirsə!) məxsus "Boeing" sərnişin təyyarəsini vurmuşdular. 

Səbəb kimi də bu göstərlirdi ki, guya təyyarə SSRİ-nin hava məkanını pozub! 

O zaman vurulan təyyarədə 300-ə yaxın sərnişin və heyət üzvü həlak olmuşdu ki, onların da arasında nəinki qadın və uşaq, hətta bütöv ailələr olmuşdu...

İndiki kimi yadımdadır ki, bizim hərb müəllimlərimiz bunu necə alqışılarla qarşıladılar, sovet hərbçilərinin növbəti “qəhrəmanlığından” necə ürək və ağızdolusu danışdılar! Heç kim fərqində deyildi ki, axı 300 mülki insan, qadın və uşaq həlak olmuşdu! Bir daha qeyd edək ki, sovetin rəsmi izahı belə oldu ki, guya sərnişin təyyarəsi SSRİ-nin hərbi obyektlərinin üzərindən uçubdur...

Yaddaşımızda iz buraxan digər təyyarə qəzası Polşa təyyarəsi ilə bağlı baş vermiş hadisə oldu. Təyyarə Smolensk şəhərində qəzaya uğramış, Polşa prezidenti Lex Kaçincki və arvadı daxil olmaqla, 100-ə yaxın adam həlak olmuşdu.

Bu hadisə də xeyli araşdırıldı, bir çox “versiya”lar dilə gəldi, amma  xeyli araşdırılandan sonra Polşanın Seymi Rusiyanı təqsirli elan etdi!..

Nəhayət, Rusiyada daha bir “sirli” aviaqəza 2023-cü ildə baş verdi. Bəli, məşhur “Vaqner”in qiyamından cəmi ikicə ay sonra! 

Qəza zamanı bu hərbi təşkilatın yaradıcısı Yevgeniy Priqojin də həlak oldu. Bu dəfə də qəzaya görə hamı qiyabi şəkildə olsa da Kremlin siyasi əhlini təqsirli bildi...

Bəli, bütün bunları təsadüfən xatırlamadıq. Rusiya hərbçiləri bu dəfə də bizim mülki sərnişin təyyarəmizi vurdu. Təsadüf idimi? Düşünmürük, ona görə ki, zədələnmiş təyyarəyə hətta yaxın aeroportlara eniş etməyə belə (bu qədər də vəhşilik olarmı?) imkan vermədilər, güman, onu dənizə tərəf yönəldərək düşündülər ki, təyyarə dənizə düşəcək və bütün izlər itəcək.

Azərbaycanlı təyyarəçilər həqiqətən qəhrəmanlıq göstərdi və nəticədə sərnişinlərin bir hissəsini xilas etmək mümkün oldu, fəqət, ümumilikdə otuz nəfərdən çox insan həlak oldu...

Hazırda məlumdur ki, Rusiya prezidenti iki dəfə üzr istəyib, günahkarların cəzalandırılacağını deyib. Amma bunlar həlak olmuş insanları həyata qaytaracaqmı? Onların yaxınlarına təsəlli olacaqmı?..

Azərbaycanın tarixində heç də ilk hadisə deyil bu! Sovetin vaxtında Ermənistanda bizim təyyarəmiz qəzaya uğramışdı. Onlarla azərbaycanlı həlak olmuşdu.  

O vaxt (hadisə hələ ötən əsrin səksəninci illərinin sonlarında baş vermişdi!) onlarla azərbaycanlı gənci Ermənistana zəlzələnin nəticələrini aradan qaldırmağa yönəlmiş işlərdə kömək etmək üçün göndərmişdilər, bir daha deyirik ki, onların hamısı həlak oldu.  

Bəli, bu qəzaya görə də kimsə cəzalandırılmadı, amma neçə dəfə yazıldı və deyildi ki, dispetçerlər qəza şəraitini qəsdən yaradıblar...

Bu hadisədən az sonra Dağlıq Qarabağın səmasında Azərbaycana məxsus helikopter vuruldu, hansının içində ki ölkənin ovaxtkı siyasi və ictimai elitasınn təmsilçiləri vardı. Ermənilər bunu, necə deyərlər, tamamilə  özbaşına, yalnız özləri edə bilərdilərmi?  

Bizə elə gəlir ki, bugünlərdə baş vermiş ən sonuncu faciəli təyyarə hadisəsi (daha çox cinayəti!) bizdən müəyyən nəticələr çıxarmağı tələb edir.

Birincisi, düşünürük, bu heç də təsadüf və ya hərbçilərin “səhlənkarlığının” nəticəsi deyildi, yox, yumşaq şəkildə desək, ən azı bir vandalizm və vəhşilik aktı idi bu, hansı ki bir daha göstərdi ki, Rusiya keçmiş sovet respublikalarına tamam sayğısız yanaşır və onları daim pressinq altında saxlamaq üçün bütün üsullardan istifadə edir.

İkincisi, heç bir strateji və ya taktiki müttəfiqlik haqda saziş, yazılı öhdəlik Rusiyanın imperiya ambisiyalarını cilovlamaq gücündə deyil, təyyarə hadisəsi bir daha Rusiyanın necə “dost” və “müttəfiq” olduğunu hamıya göstərdi.  

Üçüncüsü, Qərbə “hələlik!” deməyə tələsməyin. İnanın, Qərb hələ bu gün də Rusiyanın imperiya ambisiyalarını cilovlayan yeganə qüvvədir, onun əvəzində bunu nə Çin edəcək, nə Hindistan, nə Braziliya, nə də hansısa BRİCS və yaxud ŞƏT! 

Elə bilirsiniz keçmiş Baltik respublikalarını, hansılar ki, artıq NATO-nun da üzvüdürlər, daim Rusiya təhlükəsindən danışmağa, sadəcə, rusofobiya vadar edir, yoxsa onlar bunu Qərbin xoşuna gəlmək üçün edir?

Yox, yox və yenə də yox! Rusiya təhlükəsi realdır və heç də siyasi detektivlərin və fantastik romanların süjeti və ya predmeti deyil - məgər Ukrayna müharibəsi bunu təsdiq etmirmi?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR