Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub.
Musavat.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb.
Prezident bildirib ki, əvvəlki hakimiyyətlə münasibətlərimizin pisləşməsi bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq bəzi məqamları xatırlatmaq istəyirəm:
“Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başlamışıq ki, İrandan gələn yanacaq daşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı o vaxtkı səfiri ilə telefonla danışıb, deyib ki, bunu dayandırın, biz bunu ictimailəşdirmək istəmirik, xahiş edirik ki, bunu dayandırın. Bizim ərazimizdə siz qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra da dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və etiraz notasını onlara bildirdik, bunu ictimailəşdirdik. Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaq daşıyan yük maşınlarının üzərinə yapşdıraraq, sanki bu, erməni maşınlarıdır... Ancaq onların üzərində farsca yazılar da var idi… Araşdırma apardıq və gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılıb. Yəni saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki... yəni adam vallah söz tapa bilmir. Daha sonra biz bir maşını saxladıq, sürücülər saxlanıldı. Onların yol sənədlərində gördük yazılıb ki, “Stepanakert-Ermənistan”. Bu, açıq şəkildə bizim suverenliyimizə, ərazi bütövlüyümüzə hörmətsizlik idi. Ondan sonra bizə qarşı məlum hədə-qorxu addımları, təlimlər, hədələr, bəyanatlar başladı, biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hansısa hərbi təlim keçirilirsə, biz də eynisini etdik. Göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda mətbuatda həmin o təhqir kampaniyası ilə müşahidə olunurdu. Çünki bu, görünür hansısa hakim dairələrin iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir”.
08 Yanvar 2025
19:29 SON DƏQİQƏ! Zelenski ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür - "Teleqraf" nəşri
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
ŞƏRHLƏRŞƏRH YAZ