İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Gürcüstana uduzan Makron Ermənistana bayraq sancmaq istəyir: Paşinyan üçün xəbərdarlıq!

2025-ci ilin ilk həftəsində Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazın iki respublikasından haqq etdiyi cavabı aldı. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Makronun səfirlər konfransında ölkəmiz əleyhinə səsləndirdiyi iddialara reaksiyasında bildirdi ki, Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir!

Fransa prezidentinin Azərbaycana qarşı soyumayan kininin  səbəbləri?-POLİTOLOQDAN AÇIQLAMA

Yeri gəlmişkən xatırladaq: 6 yanvar 2025-ci il tarixində Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”. “Erməni budaq-cümləsi”ndə ölkəmizə qarşı nələrsə mızıldanan Paşinyanın böyük bacısı Bakıdan lazımi cavabı alandan sonra bir az sakitləşər. Cənab Hacızadə tutarlı cavab verib: “Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik.

Makron Azərbaycanı yenə nəyə şərlədi: Fransa prezidentinin kini ...

Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”.

Əslində Makron Azərbaycan Prezidentinin COP29-da onu ifşa çıxışından sonra susmalı və bir daha Azərbaycan tərəfə boylanmamalı idi. Çünki danışdıqca özünü də, ölkəsinin olan-qalan imicini də sözün bütün mənalarında batırır. Gör o boyda Avropa ölkəsinə kim rəhbərlik edir, əsarətdə saxladığı xalqlara etdiklərinə görə... Azərbaycanı suçlayır. Biz də 30 il ərzində bu ölkənin ədaləti təmin edəcəyini, Qarabağın işğalına son verəcəyini gözləmişik. Əslində bizi gözləməyə təhrik ediblər, inandırmağa çalışıblar, vədlər veriblər. Amma torpaqları işğaldan azad etdiyimiz gündən Makron hakimiyyətinin qarnına sancı dolub, bu günə qədər bilmir hansı xain planı işə salsın ki, qisasını alsın. Bu barədə bir az sonra...

Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur- ÖZƏL

Cənubi Qafqazın ikinci ölkəsi Gürcüstan da Fransa prezidentinin dərsini verib. “Fransa Prezidenti Emmanuel Makrona tövsiyə edirəm ki, Ukraynaya diqqət yetirsin… Qoy Fransa prezidenti məhv etmək üçün qurban verilən Ukraynaya diqqət yetirsin. Əsl problemin nə olduğunu deyirəm. Yalan şərh verə bilmərəm. Bu gün hamının üzləşdiyi problemi şərh edirəm - bu, dağıdılmış Ukraynadır”. Bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcü baş nazirin qəzəbi anlaşılandır. Axı, neçə vaxtdır Makron rəsmi Tiflisin iç işlərinə burnunu soxmağa çalışır. Bu ölkədə qanunların qəbulundan tutmuş, seçkilərin keçirilməsinədək, hər şeyə müdaxilə etməyə çalışdı Fransanın faktiki başçılıq etdiyi Avropa İttifaqı, həmçinin digərləri…Amma nə “məxməri inqilab”, nə “Maydan” mümkün olmadı, biabırçılıqla uduzdular. İndi də Gürcüstanla hədə, sanksiya dili ilə danışmağa başlayıblar. Kobaxidzenin hövsələdən çıxaran bu olub ki, Makron yanvarın 6-da Rusiyanın qonşularına qarşı daha da aqressivləşdiyini deyib. Fransız president buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. İddia edib ki, Rusiya Gürcüstanda seçki prosesini gərginləşdirməyə çalışıb. Adam nə qədər reallıq hissini itirərmiş.

rusiya-gurcustan-900x598.jpg (113 KB)

Əslində 2020-ci ilin oktyabrında “Azərbaycanın Dağlıq Qarabağı işğal etməsinə imkan verməyəcəyik”, deyəcək qədər anormal yanaşma sahibindən artığını da gözləmək olar. Amma…Axı, Gürcüstan bunlar üçün Azərbaycan deyildi, sevimliləri idi. Gah NATO-ya, gah Avropa İttifaqına üzv edəcəkləri haqda dəfələrlə vəd vermişdilər. Düzdür, hər dəfə də sinəsindən itələyib “hələ vaxtı deyil, gözləyin”, söyləmişdi Avropa və Makron. Onda da Gürcüstan Rusiyanın aqressiyası qarşısında ərazilərindən və minlərlə vətəndaşından məhrum olmuşdu. İndi də deyirlər Rusiya…Gürcüstandakı seçkilərdə Rusiyanı görən olmadı axı. Fransa və digərlərinin qrantları isə havada uçuşurdu, ən azı fişəng şəklində. Di gəl, Makron Gürcüstan xalqının iradəsini heçə sayaraq öz fərziyələrini irəli sürür. Cavabı verildi. Bundan sonar susacaqmı? Demək çətindir.
Faktiki olaraq Cənubi Qafqazın iki önəmli ölkəsi Fransa Makronunun cavabını verdi. Bundan sonra rəsmi Parisin Ermənistan həmləsinin daha da artacağı şübhəsizdir. Əslində simptomları kifayət qədər açıq görünür.



Bu arada, “Stratfor” Araşdırma Mərkəzinin açıqlaması da diqqət çəkir. “Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirinə regional tarazlıq kimi Bakı ilə güclü münasibətləri prioritet hesab etdiyi üçün Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa İttifaqı ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək Azərbaycanın gərginləşməsinin qarşısını almağa və sülh danışıqlarında Bakının ən güclü tələblərinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə qarşı çıxmağa çalışacaq”, Mərkəzin hesabatında deyilir.

Diqqət edin, Makron Azərbaycanın üstünə gəlməyə çalışır, eyni gündə Ermənistan ordusu şərti sərhədlərdən mövqelərimizi atəşə tutur. Həmçinin bir gün sonra Naxçıvan istiqamətində Ermənistan ordusunun döyüş mövqelərini möhkəmləndirdiyi barədə şok faktlar üzə çıxır. Bundan əvvəl Ermənistan parlamentinin deputatları Zəngəzur və Tovuzqala istiqamətindəki döyüş postlarına baş çəkmişdilər. Rəsmi İrəvan xeyli müddət idi təxribatlara zəmin hazırlayırdı: “Azərbaycan COP29-dan sonra hücuma keçəcək”, tipli saxta xəbərlər yaymaqla özünün təxribatlarını əsaslandırmağa çalışırdı.

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni  reallıqları qəbul edib

Amma Azərbaycan Prezidenti demişkən, “peşman olacaqlar!” Azərbaycan sülh tərəfdarıdır və müharibə istəmir, amma kimsə müharibə yolunu seçəcəksə, döyüş mövqelərində təxribatlara tədarük görəcəksə, dövlət başçımızın söylədiyi kimi, “biz sadəcə mühaşidəçi olmayacağıq!”

Nikol Paşinyan canlı yayımda biabır oldu

Nikol Paşinyan özünü və ölkəsini xilas etmək istəyirsə, tez-tez qucaqlaşdığı Makrondan məsafə saxlasın. Fransa rəhbərliyi hələ heç bir xalqı və ölkəni xoşbəxtliyə qovuşdurmayıb. Vaxtilə Qəddafiyə ən yaxın olan ölkədən söhbət gedir. Gürcüstanla təhdid ritorikası ilə danışan Makron üçün günün birində Paşinyanın adının üstündən xətt çəkmək çoxmu çətindir?.. Sadəcə, Fransa Avropa İttifaqının “mülki” adında hərbi-cəsus şəbəkəsinin sayını, həmçinin müddətini yenidən artırmağı hədəfləyib: bölgədə Azərbaycan, Türkiyə, Rusiya, İran və Kobaxidze Gürcüstanı ilə “haqq-hesab” çəkmək üçün. Nikol Paşinyan ayılmalıdır, yenidən silaha əl atsa, bu dəfə Azərbaycan 1919-cu ilin Paris xəritəsinə əsasən sərhədləri delimitasiya və demarkasiya etməli olacaq və hansısa Makron yenə də kadastrsız Ermənistanı xilas edə bilməyəcək! Həm də Fransanın Gürcüstana münasibəti, Ukraynaya yaşatdığı fəlakətlər dərs olsun Paşinyana və ümumən Ermənistana! Xilas yolunu Azərbaycan göstərib: “Qafqaz Evi!” Bu evə od salmaq istəyənlərə aramızda yer olmayacaq! Düşmən də olsaq, xəbərdar edək: Azərbaycan və Gürcüstana uduzan Makron Ermənistana bayraq sancmaq istəyir, öz maraqları naminə, Ermənistanı xilas niyyətilə yox. Paşinyan xəbərdar olsun və ayılsın!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR