İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçilik institutunun aqibəti...

Ucuz və qalmaqal mahiyyətli demaqogiya əksər hallarda ictimaiyyətin diqqətini siyasi qeybətə yönəldir. Bu isə ilk növbədə həqiqəti əsaslı şəkildə təhrif etməklə yanaşı, habelə ictimai münasibətlərin inkişafına, o cümlədən siyasi proseslərin modernləşməsinə nəzərəçarpacaq maneələr yaradır. Radikal təfəkkürün neqativ təzahür formalarından biri məhz elə bu qeyd olunan məsələdir. Son bir neçə ayda ölkənin siyasi həyatında yaşanan bəzi hadisələrə obyektiv və sağlam fərdi münasibətin formalaşması üçün mütləq olaraq danılmaz bir fakt xüsusilə nəzərə alınmalıdır ki, bir ildən az müddətdə ölkədə ardıcıl iki seçkinin keçirilməsi müxtəlif siyasi proseslərin, o cümlədən latent proseslərin katalizatoru kimi çıxış edə bilər.

Daha aydın təsəvvür yaratmaq məqsədilə kiçik bir müqayisəni oxucuya təqdim edək. Ardıcıl şəkildə təşkil olunan mühüm yarışlarda iştirakçı olmağı və əsaslı nəticələr əldə etməyi düşünən idmançı mütləq şəkildə müvafiq potensiala malik olmalıdır. Onun əsl gücünün ortaya çıxmasına imkan verəcək əhəmiyyətli yarışlarda qələbəyə iddialı olması üçün isə idmançı eyni zamanda lazımi peşəkarlıq dərəcəsinə də sahib olmalıdır. Belə məqamlarda idmançının yarışlardan imtina etməsi haqlı olaraq yalnız zəifliyin və lazımi peşəkarlıq səviyyəsinin olmaması kimi yozula bilər. Mövcud kontekstdə siyasi münasibətlər müstəvisində təşkil olunan seçkilər idmanda keçirilən müxtəlif yarışlarla müqayisə oluna bilər. Təşkil olunan seçkilər mahiyyət etibarilə siyasi münasibətlər müstəvisində keçirilən yarışlardır. Belə ki, bu “yarışlar” növbəti dəfə onu göstərir ki, “boykot” oyununu seçən radikal müxalifətin təxribatlar törətmək və cığallıq etməkdən başqa özəl bacarığı və niyyəti yoxdur.

QAFAR.jpg (84 KB)

Radikal təfəkkürün ölkədə müxalifətçilik institutunun “çürüməsinə” səbəb olduğunu sübut edən kiçik, ancaq eyni zamanda maraqlı, əlamətdar və düşündürücü bir epizoda diqqət yetirək. Təbii ki, siyasi etika naminə adları qeyd etməyəcəyik, ancaq hadisəyə xüsusi maraq göstərən insanlar bunu özləri üçün çox rahat şəkildə müəyyən edə biləcəklər. Belə ki, ölkənin tanınmış və kifayət qədər auditoriyası olan YouTube kanalının canlı efirində bir neçə gün öncə AXCP-nin sabiq üzvü qonaq olub.

Əslində verilişdə səsləndirilən bir çox fikirlər təəccüb yaratmadı. Təəssüf ki, siyasi populistlərin ifrat demaqogiyalarına artıq alışmışıq. Diqqət çəkən və düşünməyi vadar edən isə verilişin qonağı olan gənc müxalifətçinin yaşadığı hisslər və peşmançılığı idi. Belə ki, çəkdiyi mənəvi əzabı gizlədə bilməyən bu gənc müxalifətçi keçmişdə üzvü olduğu partiyanın daxilində yaşanan diktatura, habelə konyunktura naminə üzvlərinin satqınlıq və riyakarlıqları haqqında danışarkən onun səsindən hiss olunan əzaba və gözlərindəki peşmançılığa acımamaq olmurdu.

Ədliyyə Nazirliyinin reyestrinə daxil olmaq üçün tələb olunan 5 min imzanı toplamaq məqsədilə sözügedən partiyanın çıxartdığı oyunları eşidəndə insana tam aydın olur ki, niyə bu psevdopatriotlar “Siyasi partiyalar haqqında” yeni Qanunun ətrafında bu boyda şivən qaldırırmış və hətta səviyyəsiz demaqogiyaya yer vermişlər. Onlar “partiya” sözünü bəlkə də heç ömründə dilə gətirməyən, “öz canı ilə əlləşən” yaşlı insanları aldadaraq ucqar kəndlərdə yaşayan vətəndaşların imzalarını müxtəlif bəhanə və yalançı vədlərlə toplamağa çalışırmışlar. Bütün bu təsvir olunan mənzərəyə gənc siyasətçinin ünvanına onun keçmiş partiyadaşları tərəfindən efirə yazılan alçaldıcı və təhqiredici mesajları da əlavə etsək, radikal təfəkkürün mahiyyətini əyani şəkildə görə bilərik. Bu cür yanaşma və təfəkkürlə öz mövcudluğunu siyasətdə qorumaq siyasi dələduzluqdan başqa bir şey deyil.

ALİ SON.jpg (460 KB)

Heç şübhəsiz ki, mütəmadi şahidi olduğumuz analoji mənzərələr  cəmiyyətdə ümumiyyətlə “müxalifətçilik institutu”na olan inam və etibarı sadəcə məhv edir. Canlı efirdə bəzi həqiqətləri etiraf edən sabiq “cəbhəçi”nin davranışında eyni zamanda qəzəb də hiss olunurdu. Gənc vətənsevər sahib olduğu enerjini işə yönəltmək və bununla da dövlətə, xalqa faydalı olmaq niyyəti ilə “şirin”, “əlvan” demaqogiyaya uyaraq AXCP-yə üzv olmuş, orada gördükləri isə onun sadəlövh, xalis vətənpərvərlik hisslərinə müəyyən xətər yetirmişdi. Onun yaşadığı qəzəb hissinin məhz elə buradan qaynaqlanmasını anlamaq mümkündür. Əlbəttə ki, həmin bu gəncin düşdüyü mühitdə güvənin mövcudluğundan danışmaq mümkün deyil. Güvən hissi isə hər bir gəncin fərdi inkişafını təmin etmək iqtidarında olan emosional tələbatdır.

Bəhs etdiyimiz “güvəni” siyasətdə təmin edə biləcək əsas amillərdən biri isə məhz siyasi dialoq mühitidir. Bu mənada “siyasi dialoq” uzun illər radikal təfəkkürlə zəhərlənmiş müxalifətçilik institutunun  şəfalanmasına xidmət edən demokratik peyvənddir. “Siyasətdə dialoq” tənqidi və rəqabəti imtina etmir, o Vətən və dövlətçilik naminə nifrəti, düşmənçiliyi və qərəzi neytrallaşdırmağa xidmət edir. Radikalların hər vəchlə siyasi dialoqu inkar etmə səbəbləri budur. Bu məqamda məsələyə aydınlıq gətirə biləcək Prezident İlham Əliyevin növbəti fikirlərini yada salmaq yerinə düşər: “Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz...”

politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR