İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqi müəllimlərinin attestasiyasının “do” su narazılıqla başladı

Sumqayıtda yaşayan bir qrup müəllimin etirazı: “Bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunursa...”

Muzey Mərkəzində keçirilən brifinqdə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov fevral ayının 3-dən başlayaraq musiqi müəllimlərinin attestasiyadan keçiriləcəyi barədə məlumat verib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, attestasiyada məqsəd müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmənin ümumilikdə ölkə üzrə 2025-2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıtda yaşayan bir qrup müəllim attestasiya ilə bağlı bəzi məqamlara etiraz edib. Onlar bildiriblər ki, bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunur. Amma onlara çox az vaxt verilib: “Qısa müddət ərzində biz o qədər əsəri necə öyrənib çatdıracağıq? Digər fənn müəllimlərini sertifikasiyadan keçirəndə imtahanın vaxtı və proqram əvvəldən elan olunur. Bizsə çıxılmaz vəziyyətdəyik. Qəfil açıqlama verdilər ki, musiqi müəllimlərini attestasiyadan keçirəcəklər”.

Müəllimlər qeyd ediblər ki, attestasiya xəbəri yayılandan bir müəllim insult keçirib, hazırda xəstəxanadadır: “Musiqi müəllimləri 12 dərs saatına görə 450 manat maaş alır. Bu məbləğə işləməyə razıyıq. İndi də bizə deyirlər ki, imtahan olacaq, imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcək. Müəllimlərimizdən biri bu xəbəri eşidəndən sonra insult keçirib, hazırda xəstəxanadadır. Heç digər müəllimlərin sertifikasiyasında belə sərt qaydalar yoxdur. Onlara bir il şans verilir. Bizi imtahan edəcəklər, amma bilmirik imtahana hansı əsərlər salınacaq”.

Bəs müəllimlərin 1 ay ərzində attestasiyaya hazırlaşması nə qədər mümkündür?

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, musiqi müəllimlərinin attestasiyası ətrafında yaranan müzakirələr və narazılıqlar təhsil sistemindəki təşkilati problemləri və ümumilikdə yanaşma tərzindəki nöqsanları bir daha ortaya çıxarmış olur: “Attestasiya müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün vacib və faydalı bir mexanizmdir. Ancaq bu prosesin düzgün planlaşdırılmaması, şəffaf olmaması və müəllimlərə adekvat hazırlıq vaxtının tanınmaması onun ilkin məqsədindən uzaqlaşmasına gətirib çıxarır. Sumqayıtda musiqi müəllimlərinin etirazı və səsləndirilən şikayətlər ciddi bir problemi göstərir: müəllimlər kəskin zaman məhdudiyyətləri və qeyri-müəyyənliklə üz-üzə qalaraq təzyiq altında işləmək məcburiyyətindədirlər.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə musiqi müəllimlərinin attestasiyası keçirilməsi haqqında elan edilib. Bu elan müəllimlərə qəfil və gözlənilməz şəkildə çatdırıldığı üçün onların hazırlıq müddətini nəzərə almayıb. Musiqi müəllimlərinin özləri bildirirlər ki, bir musiqi əsərinin öyrənilməsi və texniki baxımdan mükəmməl ifa edilməsi üçün ən azı 2-3 ay tələb olunur. Müəllimlərin vurğuladığı kimi, onlara təqdim edilən qısa müddətdə (1 ay ərzində) böyük həcmdə əsərləri mənimsəmək real görünmür. Musiqi tədrisi yalnız nəzəriyyədən ibarət deyil, həm də praktiki ifaçılıq tələb edir. Bu, xüsusilə fortepiano və digər musiqi alətləri üzrə müəllimlərin səviyyəsini qiymətləndirməkdə əsas meyardır".

Ekspert bildirir ki, müəllimlərin məvacibi və iş şəraiti ilə bağlı problemlər də bu narazılıqların kökündə dayanır: “Hazırda musiqi məktəblərində çalışan müəllimlər 12 saatlıq dərs yükünə görə orta hesabla 450 manat maaş alırlar. Bu məbləğ onların peşəkar inkişafına və gündəlik tələbatlarını ödəməyə kifayət etmir. Belə çətin şəraitdə çalışan müəllimlərə qəfil attestasiya tələbi qoyulması və imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcəyi xəbərinin yayılması onlar arasında psixoloji təzyiqi artırır. Müəllimlərdən birinin bu xəbəri eşidəndən sonra insult keçirməsi də vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Attestasiyanın əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarını qiymətləndirmək, onların inkişafına şərait yaratmaq və tədrisin keyfiyyətini artırmaqdır. Lakin hazırkı təşkilatçılıq və tətbiq olunan metodlar məqsədə xidmət etməkdən daha çox müəllimlərin motivasiyasını aşağı salır və sosial narazılığa səbəb olur. Burada əsas tənqidlərdən biri də odur ki, müəllimlərə hazırlıq üçün kifayət qədər vaxt və resurs təqdim olunmayıb. Digər fənn müəllimlərinin sertifikasiyası zamanı proses mərhələli şəkildə təşkil olunur və müəllimlərə bir illik hazırlıq müddəti verilir. Musiqi müəllimləri üçün isə belə bir imkan yaradılmayıb və attestasiya qaydaları barədə kifayət qədər məlumat verilmədən müəllimlərə qəfil tələblər qoyulub. Bu, qeyri-peşəkar yanaşma olmaqla yanaşı, təhsil sisteminin idarəolunmasında bir sıra fundamental problemləri üzə çıxarır".

Kamran Əsədov dünya təcrübəsində bu məsələnin necə tənzimlənməsindən də söz açıb: “Dünyada müəllimlərin attestasiyası zamanı şəffaflıq, mərhələlilik və dəstək proqramları əsas prinsip kimi götürülür. Məsələn, Finlandiyada müəllimlərin peşəkar inkişafı üçün xüsusi proqramlar hazırlanır və qiymətləndirmə mərhələli şəkildə həyata keçirilir. Müəllimlərə hazırlıq üçün uzunmüddətli təlimlər təqdim edilir və qiymətləndirmə yalnız onların peşəkar inkişafına töhfə vermək məqsədi daşıyır. Almaniyada isə müəllimlərin attestasiyası zamanı onların gündəlik iş təcrübəsi nəzərə alınır. Praktiki təlimlər və pedaqoji fəaliyyət əsas meyar kimi götürülür. Müəllimlərə hazırlıq mərhələsində metodik və psixoloji dəstək göstərilir.

Sinqapurda müəllimlərin peşəkar inkişafı üçün davamlı təlim proqramları tətbiq olunur və müəllimlər attestasiya prosesində öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün dəstək alırlar.

Bu ölkələrdə müəllimlər attestasiya prosesini təzyiq və stress mənbəyi kimi deyil, öz inkişafları üçün bir fürsət kimi görürlər. Azərbaycanda isə bu prosesin qəfil şəkildə və sərt qaydalarla tətbiq edilməsi onun ilkin məqsədindən uzaqlaşmasına səbəb olur".

Kamran Əsədov problemdən çıxış yolları haqda bunları qeyd edib: “Musiqi müəllimlərinin attestasiyasını effektiv və ədalətli şəkildə həyata keçirmək üçün aşağıdakı addımlar atıla bilər:

Hazırlıq müddətinin uzadılması: müəllimlərə ən azı 3-6 ay vaxt verilməli, proqram və qiymətləndirmə meyarları əvvəlcədən elan olunmalıdır.

Təlim və dəstək proqramları: müəllimlərə hazırlıq müddətində metodik təlimlər və psixoloji dəstək təqdim edilməlidir.

Şəffaf qaydaların tətbiqi: attestasiya qaydaları və imtahan proqramı müəllimlərə aydın şəkildə izah edilməli və şəffaflıq təmin olunmalıdır.

Peşəkar inkişafın təşviqi: attestasiya nəticələri müəllimlərin inkişafını dəstəkləmək üçün istifadə olunmalı, onları cəzalandırmaq vasitəsinə çevrilməməlidir.

Nəticə olaraq, musiqi müəllimlərinin attestasiyasının düzgün və ədalətli təşkil edilməsi təhsil keyfiyyətinin artırılmasına xidmət edə bilər. Lakin hazırkı yanaşma həm təşkilati nöqsanları, həm də müəllimlərin sosial vəziyyətini nəzərə almayan bir qərardır. Proses şəffaf və mərhələli şəkildə həyata keçirilməli, müəllimlərin inkişafı üçün bir fürsətə çevrilməlidir. Təhsilin keyfiyyəti müəllimlərin peşəkar bacarıqlarına bağlıdır və bu bacarıqların dəyərləndirilməsi yalnız doğru və həssas yanaşma ilə mümkün olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR