İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman ölkələrin Çinə loyallığı uyğurları hiddətləndirib

Uyğur fəallar islam alimlərinin və müsəlman ruhanilərin Çinin Sincan Uyğur Muxtar Rayonuna səfərini rəsmi Pekinin saxta təbliğatına, soyqırımı cinayətlərinin ört-basdır olunmasına xidmət edən bir səfər kimi qiymətləndirirlər. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Middle East Eye” saytında dərc edilmiş məqalədə belə deyilir.

Bildirilir ki, bu ay müsəlmanların çoxluq təşkil etdiyi 14 ölkədən, o cümlədən Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərindən 30 islam alimi və hökumətyönlü ruhani Sincan Uyğur Muxtar Rayonunda olub. Səfəri Dünya Müsəlman İcmaları Şurası təşkil edib.

Əsası Birləşmiş Ərəb Əmirliklərində qoyulmuş Dünya Müsəlman İcmaları Şurası iddia edir ki, təşkilatın məqsədi müsəlmanların azlıq təşkil etdiyi ölkələrdə onlara dəstək olmaq, onları xüsusilə irqi ayrı- seçkilikdən, etnik təmizləmədən qorumaqdır.

Lakin şuranın sədri, eyni zamanda Sincan Uyğur Muxtar Rayonuna səfər etmiş nümayəndə heyətinin rəhbəri Əli Rəşid əl-Nuəymi mətbuata açıqlamasında rəsmi Pekinin uydurmalarını təkrarlayaraq deyib ki, Çində müsəlman uyğurlara qarşı həyata keçirilən sərt tədbirlər terrorçuluqla mübarizə siyasətinin tərkib hissəsidir.

“Middle East Eye” saytının yazdığına görə, Dünya Uyğur Konqresinin prezidenti Eysa Dolğun Əli Rəşid əl-Nuəyminin bəyanatına kəskin reaksiya verib.

Eysa Dolğun bildirib ki, Çində uyğur müsəlmanların hətta saqqal saxlaması, hicab taxması, evdə “Quran” saxlaması da təqiblərə gətirib çıxarır.

Terrorla mübarizə arqumentinin uyğurları terrora, soyqırımına məruz qoymaq üçün bir bəhanə olduğunu xatırladan Eysa Dolğun vurğulayıb ki, Dünya Müsəlman İcmaları Şurasının rəsmi Pekinin əlinə oynaması, Sincan Uyğur Muxtar Rayonuna təbliğat səfərində iştirak etməsi, nümayəndə heyəti üzvlərinin və rəhbərinin Çin hökumətinin nağıllarını təkrarlaması hiddət doğurur.

Dünya Uyğur Konqresinin prezidenti hesab edir ki, əslində bu səfər zamanı nümayəndə heyətinin üzvləri bölgədəki real problemlərlə maraqlanmalı, soyqırımı cinayətlərini qınamalı idi: “Təəssüf ki, bu fürsət boşa çıxdı. Dünya Müsəlman İcmaları Şurasının müsəlman uyğurların qayğısına qala biləcəyinə dair ümidlər də puç oldu”.

Eysa Dolğun bildirib ki, bəzi alimlər, xüsusilə müsəlmanlara qarşı soyqırımı cinayətlərinin, tutalım, Bosniya kimi yerdə acı təcrübəsini görənlər hələ də tarixdən lazımi ibrət götürməyiblər, cinayət qurbanlarının tərəfində durmağı öyrənməyiblər.

“Middle East Eye” saytı Sincan Uyğur Muxtar Rayonunun Gəşgər qəsəbəsində yaşayan uyğur fəal Əbdülvəli Əyyubun da fikirlərinə yer ayırıb.

Əbdülvəli Əyyub deyib ki, o, nümayəndə heyətində müqəddəs Kəbənin yerləşdiyi Səudiyyə Ərəbistanını, soyqırımı yarası yenicə qaysaq bağlayan Bosniyanı təmsil edən islam alimlərini, ruhaniləri görəndə çox məyus olub: “Yaxşı yadımdadır, 1990-cı illərdə Gəşgərdə insanlar Bosniyada soyqırımına məruz qalan müsəlmanlara yardım üçün pul yığırdılar. İndi həmin müsəlman uyğurlar öz dinlərindən dönməməyə cəsarət etdikləri üçün Çinin əsir düşərgələrində çürüdülürlər“.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Neçə ildir dünyanın nüfuzlu hüquq müdafiəsi təşkilatları Pekin rejimini Sincanda müsəlman uyğurların hüquqlarını nümayişkaranə şəkildə pozmaqda, sərt repressiyalar aparmaqda ittiham edir. Hakimiyyət orqanlarının uyğurları işgəncələrə, digər qəddar, qeyri-insani rəftara, cinsi zorakılığa məruz qoyduğu, məcburi əməyə cəlb etdiyi, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, uşaqların valideynlərdən zorla ayrıldığı bildirilir.

ABŞ hökuməti, Kanada, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri də Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR