Onlayn ictimai-siyasi qəzet
Tehran niyə “ən böyük düşmənimiz İrandır” deyən namizədi seçir?
ABŞ-dakı prezident seçkilərində Rusiya Donald Trampın, İran isə Kamala Harrisin qələbəsində maraqlıdır. ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin son hesabatında belə deyilir. Hesabata görə, Rusiya, İran və Çinin ABŞ ilə bağlı siyasi hədəflərində heç bir dəyişiklik müşahidə olunmur. Xüsusilə Rusiya və İranın seçkilərə müdaxilə imkanlarından istifadə etməyə çalışdıqları qeyd olunur.
Eyni zamanda kəşfiyyat rəsmilərinin qeyd etdiyi kimi, Rusiya və İran gələcək prezidentin kimliyi ilə bağlı fərqli mövqeyə malikdir.
Hesabata görə, Rusiya ABŞ-ın keçmiş prezidenti Donald Trampın şanslarını artırmağa yönəlmiş təsir kampaniyalarını davam etdirir və eyni zamanda vitse-prezident Kamala Harrisin kampaniyasına zərər vurmağa çalışır.
Kəşfiyyat rəsmiləri hesab edirlər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu agentləri Trampın kampaniyasını hədəf alan haker hücumları və digər əməliyyatlar keçirir, respublikaçıların namizədinə zərər vururlar. Bütün bunlar eyni zamanda Harrisi dəstəkləməyə yönəlib.
ABŞ kəşfiyyatının məlumatına görə, Çin hələ ki ABŞ-dakı prezidentlik kampaniyasına müdaxilə etməyib. Onun səyləri daha çox Pekinin maraqlarına qarşı olan və Konqresə seçiləcək yerli namizədlərlə mübarizəyə yönəlib.
Bəllidir ki, Trampın prezidentliyi dövründə ABŞ İranla “altılıq ölkələri”nin nüvə razılaşmasından çıxıb. Amma Tehran niyə “ABŞ-ın ən böyük düşməni İrandır” bəyanatını vermiş Harrisin prezident olmasını istəyir? Bayden administrasiyası ilə hansısa anlaşmamı var?
Kamran Məmmədl
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli Harrisi cənub qonşumuz üçün daha əlverişli sayır: “Hesab edirəm ki, İranın Kamala Harrisin prezidentliyini dəstəkləməsi ilə bağlı iddialar bir neçə faktorla izah edilə bilər və bunlar həm regional, həm də qlobal strateji maraqlarla əlaqələndirilir. Birincisi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə İranla əlaqələr ciddi şəkildə pisləşmişdi. Tramp administrasiyası, xüsusilə ABŞ-ın İranla nüvə razılaşmasından çıxması və İrana qarşı sərt sanksiyalar tətbiq etməsi Tehranın Vaşinqtonla münasibətlərini gərginləşdirdi. Eyni zamanda məhz Tramp dövründə ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq İsrailə ciddi dəstək vermişdi. İndi də seçiləcəyi təqdirdə İsrailə tam və limitsiz dəstək verəcəyini vəd edib. İkincisi, Kamala Harrisin prezident olması halında, İran ABŞ-la daha yumşaq diplomatik danışıqların və mümkün razılaşmaların olacağına ümid edir. Hətta bir neçə gün öncə İran prezidenti Pezeşkian özü də etiraf etdi ki, biz HƏMAS lideri Haniyənin ölümündən sonra ABŞ-la bəzi məsələlərdə razılığa gəldik və bu səbəbdən də İsrailə sərt cavab tədbiri həyata keçirmədik. Həmçinin Respublikaçılardan fərqli olaraq Demokratlar İsrailin həm İrana, həm də Livana son hücumlarını birmənalı şəkildə dəstəkləmir. Bayden administrasiyası dəfələrlə İsrailə hücumları dayandırmaq və sivil əhalinin hədəf alınmasının yanlış olduğunu bildirir. Hücumlarını hüquq çərçivəsində, sivilləri hədəf almamaqla etməsini, addımlarına çəki-düzən verməsini tələb edir. Qısacası, Bayden administrasiyası Trampdan fərqli olaraq İsrailə "nə istəyirsən elə, arxandayam" demir. Bu baxımdan hesab edirəm ki, hər iki prezidentliyə namizəd İrana qarşı İsrailin yanında olsa da, Harris Trampla müqayisədə İran üçün daha əlverişli və dialoqa açıqdır. Bu baxımdan Harrisi dəstəkləmələri də anlaşılandır".
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Rusiyanın Tramp, İranın isə Harris lehinə seçki kampaniyasına müdaxilə etməsi tezisi ABŞ-ın öz media orqanları tərəfindən yayılan və seçki nəticələrinə təsir edə biləcək təbliğat növü kimi istifadə olunan “saxta diskurs”dan başqa bir şey deyil: “Məsələn, Trampın kanalı olan "Fox News" deyir ki, İran anti-Tramp müdaxilələri edir və bununla Harrisin seçilməsinə çalışır. Co Bayden və davamçısı Harrisi 7 oktyabr hadisələrinin, Rusiya-Ukrayna müharibəsinin başlanmasında, ABŞ-ın Əfqanıstandan çıxarılmasında, ölkədəki inflyasiya və s.-də günahlandıran Tramp Harrisin qalib gələcəyi təqdirdə İranın ABŞ üzərində, həmçinin onun regional maraqları üzərində üstünlük qazanmış olacağını iddia edir. Beləliklə, Tramp böyük ölçüdə anti-İran sentimentinin yaradıldığı ABŞ cəmiyyətinə öz təbliğat alətləri ilə ideoloji təzyiq göstərərək "Harrisi seçməyin, baxın, onu İran belə dəstəkləyir" mesajı ötürür. Təbii ki, bu, sadəcə, quru sözlərdir. Eynilə Harris Ukrayna müharibəsi səbəbilə Qərb ictimai rəyində olduqca neqativ qiymət alan, ABŞ-ın ənənəvi rəqibi Rusiyanın Trampı dəstəklədiyi tezisini yaymaqla öz mövqeyini gücləndirməyə çalışır. 2016-cı ildə Tramp qalib gələndən sonra da uzun müddət Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı müzakirələr getmişdi. Hətta Rusiya ilə əlaqədar mövzu Trampın 2020-ci il yanvarda impiçmentə məruz qalması ilə nəticələnmişdi. Hərbi yardım göstərilməsi qarşılığında Ukraynadan Co Bayden və oğlu Hunter Baydenin bu ölkədəki biznes sazişləri və əlaqələri ilə bağlı məlumat ötürülməsini tələb edən Trampın səs yazısı informasiya məkanına sızdırılaraq onun impiçmenti ilə nəticələnmişdi. Lakin Senat onu dəstəkləmiş və o, vəzifəsindən 2020-ci ilin noyabrında prezidentlik dövrü bitdiyi üçün ayrılmışdı. Baydenin dövründə Ukraynaya dəstək üçün 300 milyard dollara yaxın yardım ayrılmışdır. Tramp qalib gələrsə Rusiya-Ukrayna cəbhəsində vəziyyətin dəyişəcəyi ehtimal oluna bilər. Lakin İrana gəlincə, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq İran “şər oxu”nda yer alan, “terroru dəstəkləyən” ölkə olaraq qalmaqda davam edəcək, ta ki, sistem dəyişilənəcən. Trampın İranla nüvə sazişindən çıxması, Baydenin İranın proksi güclərlə Yəmən, Suriya, İran və indi İsraili qarışdurmasını vurğulaması, yaxud Harrisin İranla bağlı ən son açıqlamaları da bunu sübut edir".
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun fikrincə, İran üçün respublikaçılar pislər arasında daha yaxşı olanıdır: “Bu hesabatın həqiqətə uyğun olduğunu düşünmürəm. Bir müddət Rusiya prezidenti Vladimir Putin də seçkilərdə Demokratların qalib gəlmək istədiyini demişdi. Halbuki çoxlarına məlumdur ki, Moskva-Vaşinqton münasibətləri respublikaçı Donald Trampın hakimiyyəti dövründə daha loyal idi. Yəni Putin bir növ "tərs psixologiya" etmişdi. Həmçinin o zaman İranla münasibətlər də indikinə nisbətən yaxşı idi. Çünki Tramp iqtisadi düşünür və “yumşaq güc”ə üstünlük verir. Düşünürəm ki, bu iddia manipulyasiya cəhdindən başqa bir şey deyil. Reallıqla İran üçün Respublikaçılar pislər arasında daha yaxşı olanıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ